Müəllimlik peşəsi yalnız illərin təcrübəsi ilə deyil, bu sahəyə olan sevgi, məsuliyyət və öyrətmək həvəsi ilə formalaşır. Bəzən isə bu peşəyə çox erkən yaşda addım atan gənclər öz hekayələri ilə müəllimlik anlayışına fərqli baxış gətirirlər.
5 Oktyabr- Müəllimlər Günü münasibətilə gənc müəllim, 19 yaşlı Fidan Əliyeva ilə həmsöhbət olduq.
18 yaşından müəllim kimi fəaliyyət göstərən Fidan Əliyeva Ağdaş Dövlət Humanitar Kollecinin fiziki tərbiyə müəllimliyi ixtisasını bitirib.
O, 2025-ci ildə keçirilən müəllimlərin işə qəbulu (MİQ) imtahanında 57 bal toplayaraq Biləsuvar şəhər Kəmaləddin Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-liseydə fiziki tərbiyə müəllimi kimi fəaliyyətə başlayıb.
Gənc müəllim müsahibəsində 18 yaşında müəllim olmağın necə hiss olduğunu, ilk dərs gününü, şagirdlərin ona münasibətini, müəllimlik seçimində ailəsinin rolunu və gələcək hədəflərini AzEdu.az-la bölüşüb.
- Siz 18 yaşınızdan müəllim kimi fəaliyyət göstərirsiniz. Bu yaşda müəllim olmaq necə hiss idi?
- Mən Əliyeva Fidan, Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşam. 2022-ci ildə Avşar kənd 3 nömrəli ümumi orta məktəbinin 9-cu sinfini bitirmişəm. Həmin il Ağdaş Dövlət Humanitar Kollecinin fiziki tərbiyə müəllimliyi ixtisasına qəbul olmuşam. 2025-ci ildə kolleci bitirmişəm. Həmin il keçirilən müəllimlərin işə qəbulu (MİQ) imtahanında 57 bal toplamışam və Biləsuvar şəhər Texniki Fənlər Təmayüllü İntensiv Tipli Məktəb-Liseydə fiziki tərbiyə müəllimi kimi fəaliyyətə başlamışam. Hazırda artıq ikinci ildir ki, müəllim kimi işləyirəm.
Kolleci bitirən kimi, 18 yaşımda MİQ imtahanında iştirak edərək müəllim kimi fəaliyyətə başladım. Hazırda 19 yaşım var. MİQ imtahanından keçdiyimi və müəllim olduğumu öyrənəndə çox sevindim. Çünki müəllim olmaq uşaqlıqdan xəyalım idi. Özüm də uşaqlıqdan idmanla məşğul olmuşam və idman sahəsini çox sevmişəm.
Bu seçimimdə valideynlərimin də böyük rolu olub. Onlar mənim ən böyük dəstəkçilərimdir. Anam da ibtidai sinif müəlliməsidir. Həm mənim müəllim olmaq istəyim, həm də onların arzusu gerçəkləşdi. Ona görə də MİQ-də uğur qazandığım gün həm mən, həm də ailəm çox sevindik.
- Bəs niyə məhz fiziki tərbiyə müəllimliyini seçdiniz?

- Mənim ən sevdiyim fənn fiziki tərbiyə idi. Məktəbdə idman müəllimimi də çox sevirdim. Özüm də aktiv uşaq olmuşam, daim üzərimdə çalışmışam və müxtəlif idman növləri ilə məşğul olmuşam. Gimnastika ilə məşğul olmuş, atletika üzrə məktəblilər arasında keçirilən yarışlarda iştirak edərək rayon üzrə müxtəlif yerlər tutmuşam. Voleybola da marağım olub. Kollecdə təhsil aldığım müddətdə voleybol yarışlarında iştirak etmişəm.
9-cu sinifdən sonra fiziki tərbiyə müəllimliyi ixtisası üzrə kollecə qəbul olmaq imkanım olduğu üçün bu istiqaməti seçdim. İdmana olan sevgim səbəbindən erkən yaşdan bu sahəyə yönəlmək istədim.
- İlk dəfə müəllim kimi məktəbə daxil olduğunuz günü necə xatırlayırsınız?

- Həmin gün mənim üçün çox həyəcanlı idi. Şagirdlərlə aramızda cəmi iki-üç yaş fərqi var idi. Mən həmişə şagird və tələbə olmuşdum, ilk dəfə müəllim kimi məktəbə daxil olurdum. Uşaqlar məni görəndə yanıma gəlib: “Siz müəllimsiniz? Axı uşağa oxşayırsınız”,- deyirdilər.
Hətta direktor müavini də məni şagird bilmişdi. “Siz müəllimsiniz? Elə bildim şagirdsiniz, qeydiyyata gəlmisiniz”,- demişdi.
Mən də çox həyəcanlı idim. Amma eyni zamanda çox sevinirdim. Çünki uzun illər arzuladığım bir xəyalımı gerçəkləşdirmişdim.
- Fidan müəllim, şagirdlər sizin yaşınızı öyrənəndə təəccüblənirlər?
- Bəli. İndi də yaşımı soruşurlar. 19 yaşım olduğunu biləndə çoxu təəccüblənir. “18 yaşında necə işləyə bilərsiniz?”,- deyə soruşurlar. Həm yaşım, həm də görünüşümə görə məni 10-11-ci sinif şagirdi hesab edənlər olur.
- Bəs şagirdləriniz arasında sizə baxıb müəllim olmaq istəyənlər olubmu?

- Bəli, hətta keçən il 9-cu sinifdə oxuyan üç qız mənə yaxınlaşıb dedilər: “Müəllim, biz də sizin getdiyiniz yolu getmək istəyirik. Biz də gənc yaşda müəllim olmaq, hətta fiziki tərbiyə müəllimi olmaq istəyirik”.
Mən də onlara izah etdim ki, artıq 9-cu sinifdən sonra pedaqoji ixtisaslara qəbul imkanı yoxdur. Dedim ki, 11-ci sinifdən hazırlaşsınlar, bunun üçün də gec deyil. 20, hətta 22 yaşında da müəllim ola bilərlər. İstəsələr, onları özüm də təmənnasız hazırlayaram.
Sonra müəllimlər otağına daxil olanda həmkarlarım deyirdilər: “Necə oldu ki, birdən-birə uşaqların hamısı fiziki tərbiyə müəllimi olmaq istəyir?” Çünki onların hərəsinin əvvəl başqa arzusu var idi - həkim olmaq istəyən, polis olmaq istəyən və s. Mən məktəbə gəldikdən sonra isə bir neçəsi fiziki tərbiyə müəllimi olmaq istədiyini dedi.
Mənim üçün ən gözəl hisslərdən biri də budur.
- Yaşınızın az olmasına baxmayaraq, şagirdlərlə aranızdakı müəllim-şagird balansını necə qoruyursunuz?
- Uşaqlar mənə hörmət və qayğı ilə yanaşırlar. Bəzən sadəcə baxışımla belə nə demək istədiyimi anlayırlar. Mən də onlara həmişə qayğıkeş yanaşmağa çalışıram. Özümün də bacım şagirddir. Yəni şagirdlərin hansı hissləri keçirdiyini müəyyən qədər başa düşürəm.
Özüm də cəmi bir neçə il əvvəl şagird olmuşam. Buna görə gənc nəslin düşüncəsini və hisslərini daha yaxşı anlayıram. Uşaqlara həmişə deyirəm ki, hörmət qarşılıqlıdır. Biz bir-birimizə hörmət edək ki, qarşılığında da hörmət görək. Düşünürəm ki, bu balansı qoruyub saxlaya bilmişəm.
- Sizcə, gənc müəllim olmağınız şagirdləri daha yaxşı anlamağınıza kömək edir?

- Məncə, müəllim adını daşıyan hər kəs şagirdini anlamalı və ona qarşı empatiya hissi yaratmalıdır. Amma düşünürəm ki, yaşımın az olması mənə şagirdləri müəyyən mənada daha yaxşı anlamağa kömək edir. Çünki onların yaşadığı dövrdən çox uzaq deyiləm.
- Fiziki tərbiyə dərslərinin şagirdlər üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Fiziki tərbiyə dərsləri uşaqlar üçün çox vacibdir. Şagirdlər məktəbə ağır çantalarla gəlir, uzun müddət yazır, oxuyur və zehni fəaliyyətlə məşğul olurlar. Fiziki tərbiyə dərsində isə həm bədənləri, həm də zehinləri müəyyən qədər dincəlir.
Mən dərsə başlayan kimi uşaqlara gimnastika hərəkətləri etdirirəm ki, bədənləri açılsın, zehinləri də aktivləşsin. Xüsusilə son dərslərdə uşaqlar yorğun olurlar. Onları bir qədər hərəkət etdirir, danışdırır, güldürürəm ki, özlərinə gəlsinlər.
Düşünürəm ki, fiziki tərbiyə də digər fənlər kimi şagirdlərin inkişafında mühüm rol oynayır.
- Müəllimlik fəaliyyətiniz ərzində hər hansı çətinliklə qarşılaşmısınızmı?

- Çətinlikdən daha çox müxtəlif və qarışıq məsələlərlə qarşılaşmışam. Onları da mümkün qədər mülayim şəkildə yoluna qoymağa çalışmışam. İndiyə qədər “bacarmaram” deyib kənara çəkildiyim bir iş olmayıb. Çalışmışam və öhdəsindən gəlmişəm.
- Bəs bu çalışma əzmi və özünüzə inam haradan gəlir?
- Mənim əsas motivasiya mənbəyim valideynlərimdir. Çünki onların da xəyalını gerçəkləşdirmişəm. Digər tərəfdən, öz fənnimi sevdiyim üçün bu qədər motivasiyalıyam. Dərs keçəndə həqiqətən sevinirəm. Bəzi müəllimlər tətil gələndə sevinir, amma mən dərsə girəndə, uşaqları görəndə sevinirəm. Üzüm gülür, həvəsim artır.
- Həmyaşıdlarınız universitetdə tələbə olduğu halda, siz artıq müəllim idiniz. Bu fərqli həyat yolu sizə necə təsir etdi?
- Mənə çox yaxşı təsir etdi. Sinif yoldaşlarım universitetə qəbul olanda mən artıq məktəbdə müəllim kimi fəaliyyətə başlamışdım. Özüm ilə fəxr edirdim. Sevinirdim ki, bu peşəyə sahibəm. Müəllimlik ən üstün peşələrdən biridir. Bu yaşda həmin peşənin bir parçası olmaq mənim üçün çox gözəl hissdir.
- Bu yolda ailənizdən başqa sizə dəstək olan şəxslər olubmu?
- Ən böyük dəstəkçilərimdən biri də nənəm olub. Təəssüf ki, bu ilin yayında vəfat etdi. O, həmişə məni dəstəkləyib: “Oxu, istədiyin ixtisası seç, istədiyini et”, – deyib. Ailəm mənə heç vaxt “qızsan, bu ixtisas sənə uyğun deyil” deməyib. Əksinə, idmanı sevdiyimi bildikləri üçün məni dəstəkləyiblər. Ətrafdan “qız uşağısan, idman nədir?” deyənlər də olub. Amma anam, atam və nənəm həmişə yanımda olublar. Onlara çox minnətdaram.
- Sizcə, yaxşı müəllim olmaq üçün yaş nə dərəcədə önəmlidir?
- Məncə, yaş önəmli deyil. Əsas olan insanın öz işini bilməsi, şagirdlərlə düzgün ünsiyyət qurması və onlara faydalı ola bilməsidir. Məsələn, ötən ilin noyabr-dekabr aylarında badminton üzrə respublika yarışlarında iştirak etmişəm.
Hazırladığım şagirdlərlə rayon mərhələsində birinci, region mərhələsində də birinci olmuşuq. Respublika mərhələsində isə dördüncü yerə çıxmışıq. Mənim şagirdlərimin rəqibləri məndən yaşca böyük, illərlə pedaqoji təcrübəsi olan müəllimlər idi. Ona görə düşünürəm ki, yaş əsas meyar deyil. İnsan öz üzərində çalışırsa, nəticə əldə edə bilər.
- 5 Oktyabr - Müəllimlər Gününü 19 yaşında müəllim kimi qeyd etmək sizin üçün nə ifadə edir?
- Çox gözəl hissdir. Bir tərəfdən düşünürəm ki, illərlə imtahan verib hazırlaşan, amma müəllim adını qazana bilməyən insanlar var. Mən isə sevdiyim ixtisası seçdim və gənc yaşda müəllim oldum. Bu gün illərdir müəllimlik edən həmkarlarımla birlikdə mənim də bayramımın qeyd olunması ilə fəxr edirəm. Eyni peşəni paylaşdığım üçün çox sevinirəm.
- Sizcə, yaxşı müəllim ilk növbədə nəyi bacarmalıdır?
- Məncə, yaxşı və peşəkar müəllim həm öz fənnini yaxşı bilməli, həm də şagirdlərinə qayğıkeş yanaşmalıdır. Öz bildiklərini və bacardıqlarını şagirdlərinə ötürməyi bacarmalıdır. Müəllim şagirdləri üçün əlindən gələn hər şeyi etməlidir.
- Gələcəkdə təhsil və karyera ilə bağlı hədəfləriniz nələrdir?
- Hazırda Azərbaycan İdman Akademiyasına atletika məşqçiliyi ixtisası üzrə qəbul olmaq üçün hazırlaşıram. İnşallah, qabiliyyət imtahanından keçib qəbul olaram. Daha sonra magistratura təhsili almaq istəyirəm. Düşünürəm ki, hazırkı diplomumla kifayətlənməməliyəm, ixtisasımı daha da inkişaf etdirməliyəm. Gələcəkdə mümkün olsa, badminton, həndbol və voleybol üzrə hakimlik də etmək istəyərəm.
- Bəs, şagirdləriniz üçün ən böyük arzunuz nədir?
- Arzum budur ki, bütün şagirdlərim ürəklərindən keçən ixtisasa qəbul olsunlar, istədikləri təhsili alsınlar və sevdikləri peşə ilə məşğul olsunlar. Mən uşaqlara həmişə bunu arzulayıram. Məsələn, biri dırnaq ustalığını, digəri avtomobil ustalığını sevə bilər. Əsas odur ki, insan sevdiyi işi görsün. Mənim üçün uğur yalnız ali təhsil almaq deyil. İnsan sevdiyi peşəni seçib həmin sahədə özünü inkişaf etdirə bilirsə, bu da böyük uğurdur.
- Sonda, 5 Oktyabr – Müəllimlər Günü münasibətilə həmkarlarınıza nə demək istərdiniz?
- Bütün həmkarlarımı, müəllim adına layiq olan hər kəsi Müəllimlər Günü münasibətilə təbrik edirəm. Hər birinə bu yolda uğurlar və səbir arzulayıram. Ürəyindən keçib dilə gətirə bilmədikləri bütün arzularının gerçəkləşməsini arzulayıram. Hər bir müəllimə fəaliyyətində uğurlar, şagirdlərinin sevgisini və hörmətini diləyirəm.