Vətən müharibəsi Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq, fədakarlıq və Zəfər tarixi kimi həkk olundu. Bu tarixin yazılmasında müxtəlif peşə sahibləri ilə yanaşı, müəllimlər də iştirak etdilər. Onlardan bəziləri şagirdlərinə öyrətdikləri vətən sevgisini döyüş meydanında öz əməlləri ilə nümayiş etdirdilər.
29 yaşlı qazi-müəllim Sahib Əmirxanov da həmin qəhrəmanlardan biridir. O, 2020-ci il sentyabrın 21-də könüllü olaraq yenidən ordu sıralarına qoşulub, sentyabrın 27-dən etibarən Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşlər zamanı ağır yaralanmasına baxmayaraq, yenidən hərbi hissəyə qayıtmaq istəyib. Bu gün isə o, Salyan rayonu Pambıqkənd kənd tam orta ümumtəhsil məktəbində informatika müəllimi kimi fəaliyyətini davam etdirir.
Sahib Əmirxanov AzEdu.az-a müsahibəsində müharibəyə könüllü qatılmaq qərarından, səngərdə yaşadığı unudulmaz anlardan, yaralandıqdan sonra yenidən cəbhəyə qayıtmaq istəyindən və müəllim kimi şagirdlərinə aşıladığı vətənpərvərlik dəyərlərindən danışıb.
AzEdu.az müsahibəni təqdim edir:
- Siz həm müəllim, həm də Vətən müharibəsinin iştirakçısısınız. 2020-ci il sentyabrın 21-də könüllü olaraq yenidən ordu sıralarına qoşulmaq qərarını verdiniz. Müəllim kimi davam etdirdiyiniz həyatınızı yarımçıq qoyub döyüşlərə qatılmağa sizi nə vadar etdi?

- Məni döyüşə qatılmağa vadar edən səbəblərdən biri, bəlkə də, uşaqlıq illərindən içimdə yaşatdığım qisas hissi idi. Hələ orta məktəbdə oxuyarkən Mübariz İbrahimovun qəhrəmanlığı haqqında çox danışılırdı.
Onun necə döyüşdüyünü, göstərdiyi şücaəti eşidirdim. Böyüdükcə bu qəhrəmanlığın mahiyyətini daha yaxşı anlayır, bir gün Mübarizlərin qisasını alanlardan olacağımı düşünürdüm.Vətən müharibəsi başlayanda isə illərdir gözlədiyim həmin gün gəlib çatmışdı.
- Sentyabrın 27-də Füzuli istiqamətində əks-hücum əməliyyatlarına manqa komandiri kimi qatıldınız. Müharibənin ilk gününü, döyüş meydanına daxil olduğunuz anı necə xatırlayırsınız?
- Sentyabrın 27-də səhər saat 6-7 radələrində atəş səsləri eşidilməyə başladı. Çox keçmədi ki, bizə də koordinatlar verildi və cavab atəşi açmaq əmri aldıq.
Bundan sonra keçən hər saniyə sanki bir ömür qədər uzun gəlirdi. Yaxınlığımıza düşən hər zərbədən sonra ölümün bizdən yan keçdiyini deyib bəzən bir-birimizə gülürdük.
Müəyyən müddətdən sonra bu hisslərə də alışmışdıq. Bir nəfər kənarda özü üçün kitab oxuyurdu, digəri isə qucağında 40 kiloqramlıq mərmi ilə başqa bir əsgərlə yarışırdı. Bunlar mənim üçün həm maraqlı, həm də motivasiya verən görüntülər idi.
Rabitə vasitəsilə hansısa yüksəkliyin ələ keçirildiyini, düşmənin mövqelərindən birinin məhv edildiyini eşidəndə isə tamam başqa coşqu yaşayırdıq. Hər belə xəbər bizə əlavə güc və ruh yüksəkliyi verirdi.
- Döyüş heyətinizdə orta məktəbi yenicə bitirmiş iki əsgər olub. Onlar sizin müəllim olduğunuzu bilirdilər və sizə “müəllim” deyə müraciət edirdilər. Səngərdə bu müraciəti eşitmək sizdə hansı hissləri yaradırdı?

- Mənə “müəllim” deyə müraciət etmələri tamam fərqli hisslər yaradırdı. Həm duyğulanır, həm də özümü xoşbəxt hiss edirdim. Onlara sanki şagirdlərimmiş kimi sevgi bəsləyirdim. Hansısa işdə çətinlik çəkdiklərini görəndə öz işimi kənara qoyub köməyə gedirdim.
Onlara sadəcə əsgər kimi deyil, parta arxasında oturan şagirdlərim kimi yanaşırdım. Düşünürəm ki, müəllimlik hissi insanın daxilində belə məqamlarda da özünü göstərir.
- Həmin günlərdə özünüzdən soruşduğunuzu deyirsiniz: görəsən, yenidən müəllim kimi işləmək qismət olacaq, yoxsa şəhidlik məqamına yüksələcəyəm? Bu düşüncələr insanın daxilində hansı hissləri yaradırdı?

- Şəhidlik orada olan hər kəs üçün bir arzu idi. Mənə qismət olmadı. Deyərdim ki, bu hiss məndə ölüm qorxusunu tamamilə aradan qaldırmışdı. Hər kəs nəyin bahasına olursa-olsun, Vətən qarşısındakı borcunu yerinə yetirmək istəyirdi.
- Füzuli istiqamətində ən ağır döyüşlərdə iştirak etmisiniz. Düşmən mövqelərinə aramsız top zərbələri endirərək irəliləmək tapşırığı aldığınızı qeyd edirsiniz. Həmin əməliyyatlar zamanı yaddaşınızda ən çox qalan hadisə hansıdır?
- Yaddaşımda ən çox qalan hadisələrdən biri bizə atəş əmrini verən, koordinatları ötürən komandirimizin səsinin tutulmasıdır. Buna baxmayaraq, o, xırıltılı səslə də olsa, bizə dəstək olurdu.
Döyüşlər arasında yaranan 3-5 dəqiqəlik fasilələrdə bizimlə maraqlanır, narahat olmamağımızı, irəlilədiyimizi, bizdən öndə olan döyüş yoldaşlarımızın yolunu açdığımızı deyirdi.
Həmin anlar komandirin məsuliyyətini, döyüşçülərinə bağlılığını və hamımızın eyni məqsəd uğrunda necə mübarizə apardığımızı göstərirdi.
- Oktyabrın əvvəlində mövqelərinizin atəşə tutulması nəticəsində ağır yaralanmısınız. Huşunuzu itirdikdən sonra xəstəxanada gözlərinizi açdığınız ilk an yadınızdadırmı? İlk düşündüyünüz nə olmuşdu?
- Xəstəxanada gözlərimi açanda ilk olaraq döyüş yoldaşlarımı və silahımı soruşdum. Mənə narahat olmamağımı, onların yaxşı olduğunu, silahımın da götürülərək döyüş yoldaşlarımın yanında olduğunu dedilər.
Həmin vaxt bir cərrah da mənə xüsusi diqqət göstərib. Əl barmaqlarımdan ikisinin amputasiyası təklif olunub.
Lakin həmin cərrah barmaqlarımı sağaldacağını demiş, müalicəmi öz üzərinə götürmüşdü. Sağ olsun, dediyi kimi də oldu, barmaqlarım sağaldı.
- Ağır kəllə-beyin travması və digər xəsarətlərə baxmayaraq, noyabrın 1-də yenidən hərbi hissəyə qayıtmaq üçün könüllü ərizə yazmısınız. Həkimlərin və komandirlərin etirazına baxmayaraq, sizi yenidən döyüş yoldaşlarınızın yanına qayıtmağa sövq edən nə idi?
- Xəstəxanada olduğum müddətdə qarşıma isti yemək gələndə belə bir növ vicdan əzabı çəkirdim. Düşünürdüm ki, mən burada isti yemək yeyirəm, bəs mənimlə birlikdə səngərdə olanlar nə yeyirlər, nə vaxt yemək yeyə bilirlər? Görəsən, rahat şəkildə su içə bilirlərmi?
Düzdür, orduda hər kəsi əvəz edən başqa insanlar olur. Ancaq mən yoxluğumda öz işimi kimin gördüyünü, əsgərlərin vəziyyətini, onların daha çox çətinlik çəkib-çəkmədiklərini düşünürdüm. Bu suallar normal qidalanmağıma belə mane olurdu.
Bir an əvvəl xəstəxanadan çıxmaq, döyüş yoldaşlarımın yanına qayıtmaq istəyirdim. Öz-özümə deyirdim ki, necə olur-olsun, geri dönəcəyəm. İlk fürsətdə yenidən hərbi hissəyə qayıtmaq qərarım da məhz bu düşüncələrdən irəli gəlirdi.
- Döyüş mövqelərinə qayıtmağınıza sağlamlıq vəziyyətiniz imkan verməsə də, arxa cəbhədə xidmətinizi davam etdirmisiniz. Həmin dövrdə özünüzü döyüş yoldaşlarınızdan uzaqda hiss edirdinizmi?

- Müharibənin ən ağır gününün noyabrın 10-u olduğunu deyirsiniz. Döyüş yoldaşınız Rafail İşiyevə Zəfər sevincini bölüşmək üçün zəng etmisiniz, lakin telefonu azyaşlı övladı açaraq atasının şəhid olduğunu bildirib. Həmin an nələr yaşadınız? Bu xəbər sizin üçün necə bir sarsıntı oldu?
- Düzünü desəm, həmin an ağlamışdım. İndi də bu barədə yazmaq mənim üçün heç də asan deyil. Mənim üçün bir Mübariz də şəhid olmuşdu. Özü də cəmi 10-15 gün əvvəl yanımda olan, birlikdə olduğum qəhrəman bir insan...
Zəfər sevincini bölüşmək üçün zəng etdiyim dostumun şəhidlik xəbərini övladından eşitmək çox ağır idi...
Məktəbə ilk getdiyim gün, doğrudan da, belə qarşılanacağımı gözləmirdim. Uşaqlar mənimlə şəkil çəkdirmək istəyirdilər. Hamısı “Müəllim, sizinlə fəxr edirik!” deyirdi. Bunlar mənim üçün unudulmaz hisslər idi.
-Şagirdləriniz Vətən müharibəsində iştirak etdiyinizi, yaralandıqdan sonra belə yenidən cəbhəyə qayıtmaq istədiyinizi bilirlərmi? Onlarla döyüş xatirələrinizi bölüşəndə hansı reaksiyalarla qarşılaşırsınız?

-Şagirdlərimə öz döyüş yolumdan daha çox orada olan gənc əsgərlərdən danışıram. Onların necə qorxmaz, həvəsli olduqlarını, sanki uzun illərdir bu anı gözləyirmiş kimi döyüşdüklərini xatırladıram.
Könüllü olaraq yenidən cəbhəyə qayıtmaq istəyimdən də danışıram. Bu barədə söhbət düşəndə şagirdlərim “Yaxşı ki, bizim sizin kimi müəllimimiz var”, “Sizinlə fəxr edirik” kimi sözlər deyirlər. Bunlar bir müəllim üçün eşidə biləcəyi ən dəyərli sözlərdəndir.
-Sizcə, Vətən müharibəsinin iştirakçısı olan bir müəllimin şagirdlərə vətənpərvərlik aşılaması hansı mənəvi üstünlüklərə malikdir? Öz yaşadıqlarınızla onlara hansı həqiqətləri çatdırmağa çalışırsınız?

-Uşaqlara hər zaman çalışmağın, təhsil almağın əhəmiyyətini, hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq daim inkişaf etməli olduqlarını vurğulayıram.
Onlara deyirəm ki, siz qalib xalqın gələcəyisiniz. Şəhidlərimizin canı və qanı bahasına əldə etdikləri qələbəni qoruyub saxlamaq sizin üzərinizə düşən müqəddəs vəzifədir. Əsl vətənpərvərlik təkcə Vətəni sevmək deyil, həm də onu layiqincə təmsil etmək və lazım gəldikdə qorumaqdır.
Bir müəllim kimi çalışıram ki, şagirdlərim bu dəyərləri yalnız sözlə deyil, öz həyat mövqeləri ilə də nümayiş etdirsinlər.
-Müəllimlik fəaliyyətinizi davam etdirməklə yanaşı, ADPU-nun Şəki filialında təhsilinizi də davam etdirmək arzunuz var. Ali təhsil almaq istəyinizin arxasında hansı məqsədlər dayanır? Müəllim kimi gələcək hədəfləriniz nələrdir?
-Uşaqlara daim təhsil almağın, çalışmağın və inkişaf etməyin vacibliyini deyirəm. Bu fikirlər, ilk növbədə, özümə də aiddir. Ali təhsilimi tamamlamaq, daha sonra isə bu istiqamətdə inkişaf etmək istəyirəm. Əsas məqsədim müəllimlik peşəmi tərk etmədən öz üzərimdə işləmək, bilik və bacarıqlarımı artırmaqdır.
-Bu gün həm Vətən müharibəsinin iştirakçısı, həm də gənc nəslin müəllimi kimi Zəfər Gününü qeyd edirsiniz. Bir vaxtlar səngərdə çiyin-çiyinə döyüşdüyünüz, lakin bu gün aramızda olmayan silahdaşlarınızın ailələrinə, eləcə də şagirdlərinizə hansı sözləri demək istərdiniz?
-Hər dəfə şəhid övladı və ya şəhid ailəsi ilə qarşılaşanda onlarla danışmaqda çətinlik çəkirəm. Düşünürəm ki, təsəlli vermək üçün hansı sözləri desək də, bəzən onların yaralarına toxunmuş oluruq.
Ancaq bir şəhid anasının sözləri heç vaxt qulağımdan getmir. Bir tədbirdə həmin ana digər şəhid ailələrinə müraciət edərək belə demişdi: “Biz bir övlad vermişik Vətənə, görün nə qədər övladımız onların qisasını alıb qayıdıb”. O, bizi- qaziləri, veteranları göstərərək bu fikirləri səsləndirmişdi.Bu sözlər mənim üçün çox mənalıdır.
23 yaşında müharibə görmək insanın həyata baxışını tamamilə dəyişir. Ölüm hissini hər saniyə yaşamaq, hər an onunla üz-üzə gəlmək, bəzən ac və susuz qalmaq, ən əsası isə silahdaşlarını, dostlarını itirmək heç bir yaşda asan qəbul ediləcək hadisələr deyil. 23 yaşında isə bunları yaşamaq daha ağırdır.
Bütün bu ağrı-acılar, çəkilən əziyyətlər sonda məğlubiyyətlə nəticələnsəydi, yəqin ki, yaşamaq mənim üçün çox çətin olardı. Bu gün bütün xalqımız Zəfər Gününü qeyd edir. Bu, o deməkdir ki, çəkilən əziyyətlər, tökülən qanlar əbəs deyilmiş.
Bir müəllim olaraq deyə bilərəm ki, müharibədə iştirak etməsəydim belə, bu şanlı tarixdən yenə qürurla danışardım.