Azedu.az

Yumurta bişirməyi bacarmırdı, indi paxlava və plov hazırlayır - Pakistanlı tələbə

Müsahibə və reportajlar

15 Oktyabr 2026, 15:19
Yumurta bişirməyi bacarmırdı, indi paxlava və plov hazırlayır - Pakistanlı tələbə

"Azərbaycana gələndə ilk gecə səhərə qədər ağlamışdım, indi isə özümü burada yad ölkədə deyil, doğma bir mühitdə hiss edirəm".

Bu sözləri AzEdu.az-a açıqlamasında Sumqayıt Dövlət Universitetinin (SDU) "Biznesin idarə edilməsi" fakultəsinin pakistanlı tələbəsi Areeba Umer Hayat deyib. 

Azərbaycan dilini çox sevirəm, çünki bu dildə elə şirin sözlər var ki, insanın ürəyinə toxunur:

"Pakistandan Azərbaycana  təhsil almaq üçün gəlmişəm. Azərbaycan dilini isə təxminən beş-altı ay ərzində öyrənmişəm. Demək istəyirəm ki, Azərbaycan çox gözəl ölkədir. Bura gələndə çox qorxurdum. Fikirləşirdim ki, xarici ölkəyə gedəcəm, görəsən, insanlar necə olacaqlar? İlk gecə səhərə qədər ağlamışdım. Düşünürdüm ki, sabah insanlar mənə nə deyəcəklər, haradan gəldiyimi, niyə buraya gəldiyimi necə qarşılayacaqlar?

Amma sonra gördüm ki, insanlar burada çox mehribandırlar. Mənə çox gözəl sözlər deyirlər, xoş münasibət göstərirlər. Bir də sizə bir şey deyim: Azərbaycan dili çox gözəldir. Bu dildə elə şirin sözlər var ki! Məsələn, “qurban olum”, “qadan alım” kimi ifadələri çox sevirəm.

Məncə, hər dilin öz gözəlliyi var, amma Azərbaycan dili mənə çox şirin gəlir. Bu dili çox sevirəm. İnsanlar da mənə çox mehriban yanaşırlar. Məsələn, geyimimlə bağlı məsləhətlər verirlər, deyirlər ki, bunu geyin, o sənə yaraşar. Əvvəllər başqa cür geyinirdim, amma burada qızlarla dostlaşandan sonra onlardan çox şey öyrənmişəm. İndi burada çoxlu rəfiqəm var".

Bura ilk gələndə yumurta bişirməyi belə bacarmırdım, indi isə plov da, paxlava da bişirirəm:

"Azərbaycan yeməkləri çox dadlıdır. Əvvəllər yemək bişirməyi bacarmırdım. Bura ilk gələndə yumurta bişirmək istədim, amma əvvəl yağın, yoxsa yumurtanın tavaya əlavə edilməli olduğunu bilmirdim. Əvvəl yumurtanı qoydum. Qızlar mənə təəccüblə baxırdılar. Mən də fikirləşirdim ki, görəsən, niyə belə baxırlar? Sonra dedilər ki, “Ay insan, əvvəl yağ qoymalısan!”

Amma indi plov da, paxlava da bişirə bilirəm. Bir çox şeyə öyrəşmişəm. Burada bir dəfə yemək bişirib bir xalaya da vermişdim. O, mənə dedi ki, çox gözəl yemək bişirirəm. Anama da zəng edib dedim ki, artıq yemək bişirməyi bacarıram. Anam isə mənə inanmadı. Dedi ki, “Pakistana qayıt, orada yemək bişir, sonra inanacam ki, doğrudan da bacarırsan”". 

Tanış olduğum insanlar mənə deyirdilər ki, səninlə dost olmaq istəyirik, çünki sən bizim ilk xarici rəfiqəmizsən:

"Daşkəsəndə, Gəncədə, Bərdədə olmuşam. Bakı ətrafındakı rayonlara da getmişəm. Ümumiyyətlə, Azərbaycanın çox yerini görmüşəm və ölkənizi çox bəyənmişəm. Əvvəllər insanlar mənə uzaqdan baxırdılar. Bəziləri ilk dəfə xarici tələbə gördüklərini deyirdilər. Burada tanış olduğum insanlar mənə yaxınlaşıb deyirdilər ki, “Səninlə dost olmaq istəyirik, çünki sən bizim ilk xarici rəfiqəmizsən”. Bu münasibət məni çox sevindirirdi.

Azərbaycan yeməklərinin, demək olar ki, hamısını sevirəm. Amma ən çox paxlava, plov, toyuq yeməkləri, qutab, kətə, kələm dolması, bibər dolması və pomidor dolmasını xoşlayıram".

Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?
Son xəbərlərDaha çox