Xaricdə təhsil alan və fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin qazandıqları təcrübəni ölkənin elm və səhiyyə sisteminə ötürməsi son illərdə diqqət çəkən məsələlərdəndir.
Bu baxımdan Almaniyada kardiologiya və ritmologiya sahəsində fəaliyyət göstərən azərbaycanlı həkim Dr. Mirzə Mütəllimovun peşəkar yolu və Azərbaycanla elmi əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələr maraq doğurur.
Almaniyada Mainz Universitetinin tədris klinikası olan Klinikum Idar-Oberstein-də Ritmologiya şöbəsinə rəhbərlik edən Dr. Mirzə Mütəllimov eyni zamanda Saarland Universitetində dosent kimi fəaliyyət göstərir.
AzEdu.az-a Mirzə Mütəllimov müsahibəsində Azərbaycanda aldığı tibb təhsilindən sonra Almaniyada karyera qurmasından, ritmologiya sahəsində fəaliyyətindən, elmi araşdırmalarından, gənc həkimlərin hazırlanmasından və Azərbaycanla həyata keçirdiyi elmi-tibbi əməkdaşlıqlardan danışıb.
Müsahibəni təqdim edirik:
- Azərbaycanda tibb təhsili aldıqdan sonra karyeranızı Almaniyada davam etdirmək qərarına necə gəldiniz? Almaniyaya getdiyiniz ilk vaxtlarda qarşılaşdığınız əsas çətinliklər nələr oldu?

- Mən Bakıda doğulub böyümüşəm. Uşaqlıqdan həm təbiət, həm də dəqiq elmlərə böyük marağım olub. Bunun formalaşmasında ailə mühitinin də mühüm rolu var idi. Atam alim, fizika-riyaziyyat üzrə elmlər doktoru, anam isə biologiya müəllimidir. Məktəb illərində fizika, riyaziyyat və informatika üzrə ixtisaslaşmış liseydə oxumuşam, müxtəlif olimpiadalarda iştirak etmişəm. Həmin dövrdə yolum daha çox riyaziyyatçı və ya fizik olmağa doğru gedirdi. Lakin 11-ci sinifdə anam məndə həkim olmağa maraq yaratdı. Mən də istiqamətimi dəyişərək tibb təhsilinə qərar verdim.
Universitetdə “Müalicə işi” ixtisasına qəbul oldum və təhsilimi fərqlənmə diplomu ilə başa vurdum. Tələbəlik illərindən Kardiologiya İnstitutunun reanimasiya şöbəsində işləməyə başladım. Daha sonra Mərkəzi Klinik Xəstəxanada fəaliyyətimi davam etdirdim. Orada Üzeyir Rəhimov, Kamran Musayev, Firdovsi İbrahimov və xüsusilə Fərid Əliyev kimi həkimlərlə işləmək mənim üçün böyük məktəb oldu. Bir müddət sonra hiss etdim ki, daha çox öyrənmək, fərqli tibbi sistemləri görmək və elmi fəaliyyətlə məşğul olmaq istəyirəm. Almaniyaya hazırlaşan azərbaycanlı həkimlərlə tanışlığım da bu istiqamətdə məni daha da motivasiya etdi.
Bundan sonra alman dilini intensiv şəkildə öyrənməyə başladım. Həmin dövrdə paralel olaraq bir neçə tibb müəssisəsində növbətçi həkim kimi çalışırdım. Etiraf edim ki, bu qədər iş yükünün yanında alman dilini öyrənmək heç də asan deyildi. Azərbaycan Təhsil Nazirliyinin DAAD – Alman Akademik Mübadilə Xidməti ilə birgə həyata keçirdiyi proqramda iştirak etdim və seçilən 10 nəfərdən biri oldum. Eyni zamanda Almaniyanın müxtəlif klinikalarına da sənədlərimi göndərmişdim.
Fərid Əliyev mənə Bielefelddə çalışan, ritmologiya sahəsində tanınmış mütəxəssis Carsten Israelə müraciət etməyi tövsiyə etdi. Müraciət etdim və müsbət cavab aldım. Beləliklə, Almaniyaya qonaq həkim kimi deyil, əməkhaqqı alan rezident həkim kimi getmək imkanım yarandı. 2012-ci ilin may ayının son günlərində Almaniyaya gəldim və cəmi dörd-beş gün sonra artıq rəsmi şəkildə işə başladım.
İlk günlər olduqca çətin idi. Azərbaycanda müəyyən klinik təcrübəm olsa da, burada yeni dilə, fərqli səhiyyə sisteminə, iş mədəniyyətinə və kommunikasiya tərzinə uyğunlaşmalı idim. Bəzən Azərbaycanda aylarla öyrəndiyim dilin həqiqətən alman dili olub-olmadığına şübhə edirdim (gülür).
İnsanlar sürətlə danışır, hadisələr bir-birinin ardınca baş verir və eyni zamanda sizdən həkim kimi düzgün qərar verməyiniz gözlənilirdi. Amma geri çəkilmək mənim üçün variant deyildi. Tədricən həm dilə, həm klinik sistemə, həm də iş mədəniyyətinə uyğunlaşdım.
- Azərbaycanda Kardiologiya İnstitutu və Mərkəzi Klinik Xəstəxanada qazandığınız təcrübə sonrakı fəaliyyətinizə necə təsir etdi? Bu illərdən bu gün də faydalandığınız məqamlar varmı?
- Əlbəttə. Hesab edirəm ki, Almaniyadakı fəaliyyətimin təməlində Azərbaycanda qazandığım ilkin klinik təcrübə dayanır. Hələ tələbə ikən Kardiologiya İnstitutunun reanimasiya şöbəsində işləməyə başlamışdım. Ağır xəstələrlə birbaşa işləmək, müxtəlif klinik vəziyyətləri görmək, təcili qərarlar vermək və praktiki bacarıqlar qazanmaq gələcək fəaliyyətim üçün çox vacib oldu.
Daha sonra Mərkəzi Klinik Xəstəxanada işlədim. Orada Üzeyir Rəhimov, Kamran Musayev, Firdovsi İbrahimov və Fərid Əliyev kimi mütəxəssislərlə bir komandada çalışmaq imkanım oldu. Xüsusilə Fərid Əliyevin invaziv ritmologiya və müasir elektrofizioloji müdaxilələr sahəsində fəaliyyəti mənim gələcək istiqamətimin formalaşmasına ciddi təsir göstərdi.
Həmin illərdə yalnız tibbi bilik deyil, xəstə ilə davranış, komanda işi, mürəkkəb klinik vəziyyətlərdə qərar vermək və məsuliyyət götürmək kimi məsələləri də öyrəndim. Bu gün Almaniyada daha mürəkkəb prosedurlarla məşğul olsam da, həkim kimi formalaşmağımın əsas mərhələlərindən biri məhz Azərbaycandakı həmin illər olub.
- 2012-ci ildən Almaniyada çalışırsınız. Almaniya səhiyyə sistemində Azərbaycandan fərqli gördüyünüz əsas məqamlar hansılardır?

- Məncə, əsas fərqlərdən biri sistemin daha strukturlaşdırılmış olmasıdır. Burada xəstənin müalicə prosesi konkret protokollar, komanda işi və müəyyən edilmiş məsuliyyət bölgüsü əsasında həyata keçirilir. Azərbaycanda isə həkim-xəstə münasibətlərində konkret həkimin şəxsi rolu bəzən daha böyük olur. Xəstələr müəyyən bir həkimə daha çox bağlanır və həmin həkimdən daha çox fərdi diqqət gözləyirlər. Almaniyada isə xəstənin müalicəsi daha çox sistem üzərində qurulur.
Bu, həm komanda daxilində məsuliyyət bölgüsünü, həm də həkimin öz işini daha planlı şəkildə təşkil etməsini mümkün edir. Bu yanaşmanın başqa bir üstün tərəfi də odur ki, həkim yalnız klinik fəaliyyətlə məhdudlaşmır. İş vaxtını düzgün təşkil etdiyi halda elmi fəaliyyətə, təhsilə, araşdırmaya və şəxsi həyatına da vaxt ayıra bilir.
Mən özüm də klinik fəaliyyətlə yanaşı, elmi araşdırmalar aparmışam, doktorantura təhsili almışam, idarəçilik üzrə magistr təhsili keçmişəm. Bu işlərin hamısını paralel aparmaq müəyyən mənada sistemli iş bölgüsünün nəticəsidir.
- Almaniyada həkim kimi işləmək üçün hansı mərhələlərdən keçdiniz? Dil və ixtisaslaşma baxımından hansı çətinliklərlə qarşılaşdınız?
- Almaniyada həkim kimi işləmək üçün ilk növbədə dil məsələsini həll etmək lazım idi. Tibbi terminologiyanı bilmək bir yana, xəstə ilə ünsiyyət qurmaq, anamnez toplamaq, həmkarlarla danışmaq və təcili vəziyyətdə sürətli qərar vermək üçün dili yüksək səviyyədə bilmək tələb olunur. Almaniyaya gələndə artıq Azərbaycanda klinik təcrübəm vardı. Buna baxmayaraq, burada bir çox şeyi yenidən öyrənməli və özümü yenidən sübut etməli oldum.
Bielefelddə təxminən dörd il çalışdım. İlk ildən etibarən diplomumun tanınması üçün tələb olunan imtahana hazırlaşdım və 2013-cü ildə Azərbaycanda aldığım tibb diplomunun Almaniyada tanınmasına nail oldum. Daha sonra klinik fəaliyyətlə yanaşı, elmi işlərə başladım. Statistik analiz, klinik məlumat bazalarının hazırlanması, elmi məqalələrin yazılması və nəticələrin konfranslarda təqdim edilməsi kimi məsələləri öyrəndim.
Məncə, xaricdə həkim kimi fəaliyyət göstərmək istəyən insan əvvəlcədən bilməlidir ki, bu, yalnız diplomu tanıtmaqdan ibarət deyil. Davamlı öyrənmək, yeni sistemə uyğunlaşmaq və müəyyən mərhələlərdə özünü yenidən sübut etmək tələb olunur.
- Hazırda Ritmologiya bölməsinə rəhbərlik edirsiniz. Ritmologiya sahəsinə marağınız necə yarandı?
- Ritmologiyaya marağım Azərbaycanda, Kardiologiya İnstitutunda və daha sonra Mərkəzi Klinik Xəstəxanada işlədiyim illərdə formalaşmağa başladı.Bu sahə mənim uşaqlıqdan maraq göstərdiyim dəqiq elmlərlə də müəyyən mənada üst-üstə düşür. Ritmologiyada ürəyin elektrik sistemi, elektrofiziologiya, üçölçülü mapping, müxtəlif hesablamalar və çox dəqiq texniki yanaşmalar mühüm rol oynayır.
Həmişə riyaziyyat və fizikaya maraqlı olmuşam. Ona görə ritmologiyada tibblə dəqiq elmlərin kəsişməsi mənə çox maraqlı gəlirdi.Almaniyada da bu istiqamətdə özümü daha intensiv inkişaf etdirdim. Elektrofiziologiya, kateter ablasiyası, ürək ritm cihazları və kompleks aritmiyaların müalicəsi ilə məşğul olmağa başladım.Bu gün əsas fəaliyyət sahəmlərimdən biri məhz ritmologiyadır.
- Atrial fibrilasiya (ürəkdə ritm pozğunluğu, ürəyin nizamsız döyünməsi) ürək xəstəlikləri arasında geniş yayılmış problemlərdən biridir. Bu xəstəliyin müalicəsində son illərdə hansı yeniliklər baş verib?

- Atrial fibrilasiya geniş yayılmış ritm pozğunluqlarından biridir və müalicəsində son illərdə kifayət qədər ciddi inkişaf baş verib.Bu xəstəliyin əsas problemlərindən biri ürəkdə trombun yaranması və bunun nəticəsində insult riskinin artmasıdır. Uzun müddət davam edən və müalicə olunmayan atrial fibrilasiya isə zamanla ürək çatışmazlığına da gətirib çıxara bilər.
Müalicədə dərman terapiyası mühüm yer tutur. Lakin müəyyən xəstələrdə ritmin bərpası və qorunması üçün kateter ablasiyası tətbiq edilir. Xüsusilə ağciyər venalarının izolyasiyası atrial fibrilasiyanın müalicəsində əsas prosedurlardan biridir.Bu sahədə texnologiyalar da sürətlə inkişaf edir. Radiofrekans ablasiyası və kriyoablasiyadan sonra daha yeni texnologiyalar meydana çıxıb.
- PFA (Pulsed Field Ablation- elektrik impulsları ilə ürək ritm pozğunluğuna səbəb olan sahənin müalicəsi) kimi yeni kateter ablasiyası texnologiyaları nəyi dəyişir?
- PFA, yəni Pulsed Field Ablation, son illərdə elektrofiziologiyada ən maraqlı yeniliklərdən biridir.Klassik radiofrekans ablasiyasında istilik enerjisindən, kriyoablasiyada isə soyuqdan istifadə olunur. PFA-da isə elektroporasiya prinsipinə əsaslanan elektrik impulslarından istifadə edilir.Bu texnologiyanın əsas xüsusiyyətlərindən biri ürək əzələsi hüceyrələrinə daha selektiv təsir göstərməsidir. Bu isə müəyyən ətraf toxumaların zədələnməsi ilə bağlı risklərin azaldılmasına imkan verə bilər.
Əlbəttə, hər yeni texnologiyada olduğu kimi, uzunmüddətli nəticələrin daha geniş klinik məlumatlarla qiymətləndirilməsi vacibdir. Amma PFA artıq praktik klinikada ciddi yer tutmağa başlayıb.Bizim klinikamız Rheinland-Pfalz əyalətində PFA sistemini tətbiq edən ilk klinikalardan biri olub və 2024-cü ildə bu proseduru həyata keçirmişik. Hesab edirəm ki, gələcəkdə bu texnologiyanın daha da inkişaf etməsi və müəyyən aritmiyaların müalicəsində daha geniş tətbiqi mümkündür.
- Siz həm ritmologiya, həm intervention kardiologiya, həm də intensiv kardiologiya sahələrində çalışırsınız. Bir həkimin bu qədər fərqli istiqamətdə özünü inkişaf etdirməsi nə dərəcədə vacibdir?

- Məncə, karyeranın müəyyən mərhələsində geniş baza biliklərinə malik olmaq çox vacibdir. Xüsusilə kardiologiyada müxtəlif sahələr bir-biri ilə sıx əlaqəlidir. Xüsusi ritmologiya, invaziv elektrofiziologiya, internistik intensiv tibb, kardiovaskulyar intensiv və təcili tibb, intervention kardiologiya və ürək çatışmazlığı üzrə əlavə kvalifikasiyalar əldə etmişəm.Amma düşünürəm ki, insan karyerasının müəyyən mərhələsində əsas istiqamətini seçməlidir. Mənim üçün bu istiqamət ritmologiya oldu.
Həkim hər şeyi eyni səviyyədə edə bilməz. Müəyyən mərhələdən sonra bir sahəni daha dərindən öyrənmək, həmin sahədə gənc mütəxəssislər yetişdirmək və sistem qurmaq daha vacib olur.Mənim fikrimcə, yaxşı həkim olmaqla yanaşı, gələcəkdə öz yerini tutacaq mütəxəssislər yetişdirmək də həkimin məsuliyyətlərindən biridir.
- Almaniyada gənc həkimlərin ixtisaslaşması necə həyata keçirilir? Bu sistemin Azərbaycanda tətbiq oluna biləcək hansı tərəfləri var?
- Almaniyada ixtisaslaşma daha strukturlaşdırılmış şəkildə həyata keçirilir. Gənc həkim klinik fəaliyyətlə yanaşı, müəyyən təlim proqramı çərçivəsində inkişaf edir. Müxtəlif mərhələlərdə hansı bilik və bacarıqlara yiyələnməli olduğu müəyyən edilir.
Məncə, burada əsas məsələ nəzəriyyə ilə praktikanın paralel aparılmasıdır. Gənc həkim yalnız auditoriyada mühazirə dinləməklə və ya kitab oxumaqla mütəxəssis ola bilməz. O, eyni zamanda palatada xəstəni görməli, prosedurları müşahidə etməli, müəyyən mərhələdən sonra onları rəhbərin nəzarəti altında özü həyata keçirməlidir. Azərbaycanda da bu yanaşmanın müxtəlif elementlərindən daha geniş istifadə etmək mümkün olar. Əsas məsələ gənc həkimə mərhələli şəkildə məsuliyyət vermək və onu real klinik prosesə cəlb etməkdir.
- Azərbaycandan Almaniyaya təhsil və ya ixtisaslaşmaq üçün getmək istəyən gənc həkimlərə hansı məsləhətləri verərdiniz? Onlar daha çox nəyə hazır olmalıdırlar?

- İlk növbədə dilə ciddi hazırlaşmalıdırlar. Məncə, bu məsələdə dili yalnız Almaniyaya getdikdən sonra öyrənmək düzgün yanaşma deyil. Mümkün qədər əvvəlcədən hazırlaşmaq lazımdır.İkinci məsələ odur ki, insan özünü yalnız diplomu ilə təqdim etməməlidir. Klinik təcrübə, elmi fəaliyyət, konfranslarda iştirak, məqalələr və konkret sahəyə maraq çox önəmlidir.
Üçüncü məsələ səbirdir. Xarici ölkədə ilk mərhələdə müəyyən çətinliklərin olması normaldır. Yeni dil, yeni sistem və yeni iş mühiti insanı müəyyən qədər yora bilər. Özüm də ilk vaxtlarda çətinliklərlə qarşılaşmışam. Amma geri çəkilməmişəm. Məncə, əsas məsələ məqsədi dəqiq müəyyənləşdirmək və həmin məqsədə çatmaq üçün ardıcıl işləməkdir.
- Siz gənc həkimlərin hazırlanmasında da iştirak edirsiniz. Sizcə, yaxşı həkim yetişdirmək üçün nəzəri təhsil və praktiki təcrübə arasında necə balans qurulmalıdır?
- Nəzəri və praktiki təhsilin bir-birindən ayrılmasının düzgün olmadığını düşünürəm.Tələbə mühazirədə ürəyin anatomiyasını, fiziologiyasını və xəstəliklərin mexanizmini öyrənə bilər. Amma eyni mövzunu klinikada, xəstənin yanında görəndə həmin bilik tamamilə başqa formada yadda qalır.
Məsələn, ritmologiyada yalnız EKQ haqqında nəzəri məlumat kifayət etmir. Gənc həkim EKQ-ni görməli, xəstənin klinik vəziyyətini qiymətləndirməli, elektrofizioloji laboratoriyada proseduru müşahidə etməli və mərhələli şəkildə praktiki bacarıq qazanmalıdır.Məncə, təhsil sistemi mümkün qədər tez tələbəni real klinik mühitlə tanış etməlidir. Əlbəttə, bunu müəyyən təhlükəsizlik və məsuliyyət çərçivəsində etmək lazımdır.
- Köln Universitetində doktorluq dissertasiyanızı müdafiə etmisiniz, daha sonra Health Business Administration üzrə magistr təhsili almısınız. Həkim üçün idarəçilik və biznes sahəsində biliklər nə dərəcədə vacibdir?
- Məncə, adi klinik həkim üçün idarəçilik və biznes biliklərinin hamısına eyni səviyyədə ehtiyac olmaya bilər. Amma müəyyən mərhələdən sonra rəhbərlik və idarəçilik məsuliyyəti götürən həkim üçün bu biliklər çox vacib olur.Çünki klinikanı idarə etmək yalnız tibbi qərarlardan ibarət deyil. Personal, maliyyə, keyfiyyət, iş bölgüsü, strategiya, xəstə təhlükəsizliyi və gələcək inkişaf kimi məsələləri də nəzərə almaq lazımdır.
Mən də rəhbərlik məsuliyyətim artdıqca bu sahədə özümü inkişaf etdirmək ehtiyacı hiss etdim və Health Business Administration üzrə magistr təhsili aldım.Doktorantura isə daha çox elmi fəaliyyət, tədqiqat aparmaq və akademik inkişaf üçün əhəmiyyətlidir. Əgər insan gələcəkdə professorluq və akademik karyera istiqamətində irəliləmək istəyirsə, doktorantura mühüm mərhələdir.
- Elmi fəaliyyətiniz əsasən ritmologiya, atrial fibrilasiya (ürəkdə ritm pozğunluğu, ürəyin nizamsız döyünməsi), kateter ablasiyası (ürəkdə ritm pozğunluğuna səbəb olan sahənin kateterlə müalicəsi), PFA (Pulsed Field Ablation elektrik impulsları ilə ürək ritm pozğunluğuna səbəb olan sahənin müalicəsi) ürək çatışmazlığı və intervention kardiologiya sahələrini əhatə edir. Hazırda bu sahələrdə sizi ən çox maraqlandıran elmi mövzular hansılardır?

- Əsas elmi maraq sahəm ritmologiyadır. Xüsusilə atrial fibrilasiya, onun risk faktorları, kateter ablasiyası, PFA və müxtəlif aritmiyaların uzunmüddətli nəticələri ilə maraqlanıram. Bununla yanaşı, Azərbaycanda ürək-damar xəstəliklərinin yükünün daha sistemli şəkildə araşdırılması ilə bağlı layihələr üzərində işləyirik.Azərbaycan Tibb Universitetindəki həmkarlarımızla birlikdə “Cardiovascular Disease Burden in Azerbaijan” tədqiqatını həyata keçiririk. Burada məqsəd Azərbaycanda ürək-damar xəstəliklərinin real klinik məlumatlar əsasında strukturunu, xəstə profillərini, risk faktorlarını, müalicə strategiyalarını və zaman ərzində baş verən dəyişiklikləri araşdırmaqdır.
Mənim üçün xüsusilə vacib olan məsələlərdən biri davamlı klinik məlumat bazalarının yaradılmasıdır. Yaxşı qurulmuş məlumat bazası yalnız bir məqalə üçün deyil, gələcəkdə çoxsaylı elmi sualların cavablandırılması üçün istifadə oluna bilər.
- Almaniyada elmi araşdırmaların tibbi praktikaya tətbiqi necə həyata keçirilir? Azərbaycanda tibb elminin inkişafı üçün sizcə hansı məsələlərə daha çox diqqət yetirmək lazımdır?
- Almaniyada elmi araşdırma ilə klinik praktika arasında əlaqə kifayət qədər sıxdır. Klinikada gündəlik qarşılaşdığınız sual elmi tədqiqat üçün mövzuya çevrilə bilər. Araşdırmadan əldə olunan nəticə də müəyyən mərhələdən sonra klinik praktikaya təsir göstərə bilər.Azərbaycanda isə ilk növbədə keyfiyyətli və davamlı klinik məlumat bazalarının yaradılmasını vacib hesab edirəm.
Çünki tədqiqat aparmaq üçün etibarlı məlumat lazımdır. Müxtəlif xəstəxanalarda məlumatların toplanması və standartlaşdırılması, həmin məlumatların elmi məqsədlərlə istifadəsi və mərkəzlərarası əməkdaşlığın qurulması tibb elminin inkişafına ciddi töhfə verə bilər.Eyni zamanda gənc həkimlərin statistik analiz, elmi məqalə yazmaq və beynəlxalq elmi platformalarda nəticə təqdim etmək bacarıqlarının inkişaf etdirilməsi də vacibdir.
- Azərbaycanla peşəkar və elmi əlaqələrinizi davam etdirirsiniz. Azərbaycandakı həmkarlarla əməkdaşlıq zamanı hansı potensialı görürsünüz?
- Mən Azərbaycanla əlaqəmin yalnız emosional bağ olaraq qalmasını istəmirəm. Burada konkret elmi və tibbi əməkdaşlıqların qurulmasını daha vacib hesab edirəm.Azərbaycandakı həmkarlarımızla ürək-damar xəstəlikləri və ritmologiya sahəsində müxtəlif layihələr üzərində işləyirik.
Aritmiyalarla bağlı məqsədimiz müxtəlif ritm pozğunluqlarının yayılmasını, xəstə profillərini, yanaşı xəstəlikləri, tətbiq olunan müalicə üsullarını, kateter ablasiya və cihaz terapiyalarını, eləcə də uzunmüddətli nəticələri sistemli şəkildə araşdırmaqdır.Gələcəkdə müxtəlif mərkəzlərin məlumatlarını bir araya gətirərək daha geniş klinik məlumat bazası yaratmaq mümkündür. Bu, Azərbaycan mərkəzlərinin beynəlxalq multicenter tədqiqatlarda iştirakına da imkan yarada bilər.
- Xaricdə yaşayan azərbaycanlı alimlər ölkədə elm və təhsilin inkişafına necə töhfə verə bilərlər? Sizcə, bunun üçün hansı imkanlar yaradılmalıdır?
- Məncə, xaricdə yaşayan azərbaycanlı alimlərin Azərbaycana töhfəsi mütləq ölkəyə qayıdıb burada daimi işləmək formasında olmalı deyil.İnsan Almaniyada və ya başqa ölkədə yaşayıb işləyə, eyni zamanda Azərbaycandakı həmkarlarla elmi layihə həyata keçirə, tələbələrə mühazirə oxuya, gənc həkimlərə mentorluq edə və beynəlxalq əməkdaşlıqlar qura bilər.
Bunun üçün əsas məsələ əlaqələrin sistemli qurulmasıdır. Yəni alimləri yalnız tədbirlərə dəvət etmək yox, onların konkret layihələrə cəlb olunması daha effektiv ola bilər.Məsələn, birgə tədqiqat, tələbə və həkim mübadiləsi, qısamüddətli klinik hospitasiya, elmi mentorluq və ortaq məqalələrin hazırlanması davamlı əməkdaşlıq üçün real imkanlardır.
- Dünya Azərbaycanlı Alimlər Birliyi və Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu çərçivəsində də fəaliyyət göstərmisiniz. Xaricdə çalışan azərbaycanlı alimləri daha sıx əməkdaşlığa cəlb etmək üçün nələr etmək olar?
- 2024-cü ildə Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkil etdiyi Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda iştirak etmişəm. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimlərlə və Azərbaycandakı həmkarlarımızla bir araya gəlmək üçün yaxşı platforma idi.Amma məncə, əsas məsələ forumdan sonra nə baş verdiyidir.
Əgər bir alim müəyyən mövzuda Azərbaycandakı universitetlə əməkdaşlıq etmək istəyirsə, bunun üçün konkret mexanizm olmalıdır. Məsələn, birgə layihə hazırlamaq, tələbə qəbul etmək, laboratoriya və klinik bazalardan istifadə etmək, elmi rəhbərlik və ya həmmüəlliflik imkanları yaradılmalıdır. Mənim üçün xaricdə yaşayan alimlərlə əməkdaşlığın ən vacib tərəfi onların bilik və təcrübəsinin konkret layihəyə çevrilməsidir.
- Eyni zamanda 2B-Kind xeyriyyə təşkilatının həmtəsisçisisiniz. Uşaqların təhsilinə dəstək göstərmək qərarınız necə yarandı? Bu fəaliyyət sizin üçün nə ifadə edir?
- Mən 2B-Kind xeyriyyə cəmiyyətinin həmtəsisçilərindən biriyəm. Təşkilat 2021-ci ildə xaricdə yaşayan azərbaycanlı mütəxəssislərin təşəbbüsü ilə yaradılıb. Əsas məqsəd maddi imkanları məhdud olan uşaqların və gənclərin təhsilinə davamlı maddi və mənəvi dəstək göstərməkdir.Bu layihənin fəlsəfəsi mənə çox yaxındır.Çünki bəzən bir uşağa verilən düzgün imkan onun bütün həyat istiqamətini dəyişə bilər.
Məqsəd yalnız birdəfəlik yardım göstərmək deyil. Uşağın təhsil yoluna davamlı dəstək olmaq, onun potensialını reallaşdırmasına imkan yaratmaqdır. Mən düşünürəm ki, xaricdə yaşayan azərbaycanlıların Vətənə töhfəsi də müxtəlif formada ola bilər. Kimsə elmi layihə həyata keçirə bilər, kimsə gənc həkimə mentorluq edə bilər, başqa biri isə bir uşağın təhsilinə dəstək göstərə bilər.
- Almaniyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı alim kimi Azərbaycan səhiyyəsi və tibb elminin gələcəyi ilə bağlı hansı dəyişiklikləri görmək istərdiniz? Gələcəkdə Azərbaycanla bağlı həyata keçirmək istədiyiniz konkret elmi və ya tibbi layihələr varmı?
- Mənim üçün əsas məsələ xaricdə qazandığım təcrübənin Azərbaycan üçün də faydaya çevrilməsidir.
Hazırda Azərbaycan Tibb Universitetindəki həmkarlarımızla ürək-damar xəstəliklərinin yükünün araşdırılması istiqamətində işləyirik. Bununla yanaşı, ritmologiya və aritmiyalarla bağlı ayrıca tədqiqat istiqamətləri formalaşdırırıq.
Digər tərəfdən, Qarabağ Universiteti və Dünya Azərbaycanlı Alimlər Birliyi ilə də əməkdaşlıq imkanlarını müzakirə etmişik. Bir sıra konkret təkliflər hazırlayıb təqdim etmişik.Bu təkliflərin bir istiqaməti elmi əməkdaşlıqdır. Beynəlxalq indeksli jurnallarda birgə məqalələrin hazırlanması, birgə tədqiqatların aparılması və xaricdə yaşayan azərbaycanlı alimlərin prosesə cəlb olunması nəzərdə tutulur.Digər istiqamət isə təhsil və tələbə mübadiləsidir.
Xaricdə çalışan azərbaycanlı alimlərin Qarabağ Universitetində mühazirələr keçməsi, gələcək tibb tələbələrinin Almaniyada təhsil və klinik praktika imkanlarının yaradılması ilə bağlı təkliflər təqdim etmişik.Mənim üçün burada əsas məqsəd bir dəfə mühazirə oxumaq və ya qısamüddətli səfər təşkil etmək deyil. Davamlı akademik və klinik əməkdaşlıq modeli yaratmaqdır.
Bütün bu illərdən sonra uğura baxışım da dəyişib. Əvvəllər uğur daha çox şəxsi məqsədlərlə bağlı idi – ixtisas almaq, yeni prosedur öyrənmək, doktorluq müdafiə etmək, yeni vəzifəyə keçmək.İndi isə mənim üçün əsas sual başqadır: qazandığımız bilik və imkanlardan sonra nə qoyub gedəcəyik?Əgər bir gün mənim yetişdirdiyim həkim məndən daha yaxşı mütəxəssis olarsa, qurulmasında iştirak etdiyim bir struktur mən olmadan da inkişaf etməyə davam edərsə, Azərbaycanla yaratdığımız elmi layihələr yeni nəsil tədqiqatçıların yolunu açarsa və ya dəstək olduğumuz bir uşaq illər sonra öz potensialını reallaşdırarsa, məncə, bunlar hər hansı tituldan daha böyük nəticə olar.
Çünki sonda insanın qazandığı titul və vəzifələrdən daha vacib olan bir şey qalır: öyrəndiklərindən nə qədərini başqalarına ötürə bildiyi.Mənim üçün Azərbaycanla əlaqənin əsas mənası da budur. Almaniyada qazandığım klinik, elmi və idarəçilik təcrübəsini mümkün qədər Azərbaycanla paylaşmaq və burada yeni imkanların yaranmasına töhfə vermək istəyirəm.Geriyə baxanda həyatımın inkişafını bir xətt üzrə görürəm: maraq məni öyrənməyə, öyrənmək yeni hədəflər qoymağa, hər yeni hədəf isə növbəti inkişaf mərhələsinə aparıb. Ümid edirəm ki, bu maraq və yeni məqsədlər axtarmaq hissi məni bundan sonra da müşayiət edəcək.