Azedu.az

“Əsgərlərin həyatı bizdən asılı idi” - 20 il hərbi təcrübəsi olan müəllim

Müsahibə və reportajlar

8 Noyabr 2026, 11:28
“Əsgərlərin həyatı bizdən asılı idi” - 20 il hərbi təcrübəsi olan müəllim

Bir vaxtlar döyüş meydanında Vətənin müdafiəsi üçün mübarizə aparan qazi Elnur Nəsibov bu gün məktəb auditoriyasında gələcəyin müdafiəçilərini yetişdirir.

Vətən müharibəsinin iştirakçısı olan müsahibimiz hazırda 222 nömrəli tam orta məktəbdə çağırışaqədərki hazırlıq rəhbəri kimi çalışır. Onun üçün hərbi xidmət illəri yalnız keçmişin xatirəsi deyil, həm də bu gün şagirdlərinə ötürdüyü təcrübə, intizam və Vətən sevgisidir.

Elnur müəllim AzEdu.az-a müsahibəsində o, döyüş xatirələrindən, Zəfər xəbərini aldığı andan və hərbçi təcrübəsinin müəllimlik fəaliyyətinə təsirindən danışıb.

Müsahibəni təqdim edirik:

-Uzun illər hərbi formada xidmət etmisiniz. Bir vaxtlar Vətənin müdafiəsi üçün hərbi hissədə xidmət edən insan kimi 2020-ci il sentyabrın 27-də müharibə xəbərini eşidəndə ilk olaraq nə düşündünüz? 

-Hərbi xidmətimin böyük hissəsi döyüş bölgələrində keçib. 2020-ci il sentyabrın 27-də Kəlbəcər istiqamətində, Murovdağda idim. Həmin vaxt artıq 20 ildən çox hərbi təcrübəm vardı və Azərbaycan Ordusunun gücünə inanırdım. Əmin idim ki, işğal altında olan torpaqlarımız azad ediləcək.

Atam da Birinci Qarabağ müharibəsinin iştirakçısı, hərbçi olub. Buna görə Vətənin müdafiəsinin nə demək olduğunu yaxşı anlayırdım. Biz haqq savaşında idik və bilirdik ki, geri çəkilmək olmaz. Hətta canımız bahasına olsa belə, qarşımıza qoyulan vəzifəni yerinə yetirməli idik.

-Füzuli, Cəbrayıl, Xocavənd və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak etmisiniz. Döyüş meydanında elə bir an olubmu ki, bu gün də xatırlayanda həmin günün həyəcanını yenidən yaşayırsınız?

-Döyüş zamanı yaddaşıma həkk olunan çox hadisə var. Onlardan biri Hadrut istiqamətində, yüksəkliklərdən birində yaşandı. Həmin vaxt Əli adlı gənc leytenantımız vardı. O, tank komandiri idi. Onun özünəinamı, qətiyyəti və döyüş ruhu məndə böyük təəssürat yaratmışdı.

Əli bir dəfə belə bir fikir səsləndirmişdi: “Canavar öz yuvasına qayıdır, çaqqallar da qaçacaq”. Bu sözlər və onun həmin an nümayiş etdirdiyi cəsarət yaddaşımdan silinmir. Belə məqamlar insanın yaddaşında əbədi qalır.

-Müharibə insanın həyatında unudulmaz izlər buraxır. Döyüş yoldaşlarınızla bağlı yaddaşınızda qalan, heç vaxt unutmayacağınız bir hadisəni bizimlə bölüşərdinizmi?

-Müharibədə insanı ən çox düşündürən məsələlərdən biri döyüş yoldaşlarının taleyidir. Orada hər kəs bir-birinə güvənir, çətin anlarda bir-birinin dayağı olur. Bizim üçün əsas məqsəd tapşırığı yerinə yetirmək, əsgərlərimizin təhlükəsizliyini qorumaq və irəliləmək üçün yolları açmaq idi.

Mən istehkam və minatəmizləmə istiqamətində xidmət edirdim. Əsas vəzifəmiz minalanmış əraziləri təmizləmək, piyada qüvvələrinin irəliləməsi üçün təhlükəsiz yollar açmaq idi. Hər addımın məsuliyyətini dərk edirdik, çünki arxamızca gələn əsgərlərin həyatı gördüyümüz işdən asılı ola bilərdi.

-Müharibədə aldığınız xəsarətlər səbəbindən uzun müalicədən sonra hərbi xidmətdən tərxis olunmusunuz. Hərbi formanı çıxardığınız gün hansı hissləri keçirdiniz? Bu, sizin üçün çətin bir ayrılıq idimi?

-Xidmətdən ehtiyata buraxılmağım mənim üçün asan deyildi. Xidmətin təhvil-təslimi zamanı komandirimiz mənə dəyərli bir hədiyyə təqdim etdi və hərbi xidmətimin başa çatdığını bildirdi.

Yanımda xidmət edən zabitlər və gizirlər də bu ayrılıqdan təsirlənmişdilər. Onların kövrəlməsi, mənimlə vidalaşması həmin anı daha da duyğulu etmişdi. Hərbi forma mənim üçün sadəcə geyim deyil, illərlə daşıdığım məsuliyyətin və xidmətin rəmzi idi.

-Zəfər xəbərini eşitdiyiniz anı necə xatırlayırsınız? İllərlə uğrunda xidmət etdiyiniz, döyüşdüyünüz torpaqların azad edilməsi sizdə hansı duyğuları yaratdı?

-Müharibənin başa çatdığını gecə saat 11 radələrində eşitdim. Həmin vaxt Tuğ meşələri istiqamətində idik. Səhər hərbi kolonun hərəkət edə bilməsi üçün yolları minalardan təmizləyirdik. Xəbəri radio vasitəsilə aldıq.

Bu, sözlə ifadə edilməsi çətin olan sevinc idi. İllərlə uğrunda xidmət etdiyimiz torpaqların azad olunması hər birimiz üçün böyük qürur mənbəyi idi. Bununla yanaşı, həmin an qəlbimdə başqa bir hiss də vardı: hərbi xidmətim başa çatırdı. Sevinc və ayrılıq duyğuları bir-birinə qarışmışdı.

-Müharibədən sonra həyatınızda yeni bir mərhələ başlayıb. Bu gün düşünəndə, səngərdəki hərbçi ilə sinif otağındakı müəllim arasında hansı mənəvi bağın olduğunu görürsünüz?

-Əslində, bu iki fəaliyyətin arasında çox böyük mənəvi bağlılıq var. Hərbçi olduğum dövrdə Vətənin ərazi bütövlüyünün qorunması üçün xidmət edirdim. Bu gün isə həmin Vətənin gələcəyini təşkil edən uşaqlarla işləyirəm.

Müəllimlik fəaliyyətimdə hərbi təcrübəmdən istifadə edirəm. Şagirdlərə ilkin hərbi biliklər öyrətməyə, onlarda məsuliyyət, intizam və Vətənə bağlılıq hisslərini gücləndirməyə çalışıram. Hərbçi kimi qazandığım təcrübənin bu gün məktəbdə də faydalı olduğunu düşünürəm.

-Şagirdlərinizə Vətən müharibəsində iştirak etdiyinizi, döyüşlərdə olduğunuzu danışanda onların reaksiyası necə olur?

-Şagirdlər mənə böyük maraq göstərirlər. Tənəffüslərdə ətrafıma toplaşır, silahlar, hərbi tarix, rütbələr, minalar, ilkin tibbi yardım və fövqəladə hallar barədə suallar verirlər. Onların bu marağı məni sevindirir.

Dördüncü sinifdə oxuyan İsmayılov soyadlı bir şagirdimiz var. Silahlara xüsusi maraq göstərir. Silah demək olar ki, onun özündən böyük olsa da, onu söküb-yığmağa böyük həvəslə yanaşır. Bu cür maraq və həvəs uşaqların öyrənməyə nə qədər açıq olduqlarını göstərir.

-Siz döyüş meydanında Vətənin müdafiəsində iştirak etmisiniz, bu gün isə həmin Vətənin gələcəyini yetişdirirsiniz. Müəllim kimi özünüzə hansı məsuliyyəti qoymusunuz?

-Mənim üçün əsas məsələ şagirdlərə yalnız müəyyən bilikləri öyrətmək deyil, həm də onları məsuliyyətli, intizamlı və Vətəninə bağlı insanlar kimi yetişdirməkdir.

Uşaqlara ilkin hərbi bilikləri aşılamağa çalışıram. Vətən sevgisinin formalaşmasında isə ailənin də böyük rolu var. Valideynlər uşaqlara bu sevgini kiçik yaşlarından öyrətməlidirlər.

-Bu gün məktəblilərlə söhbətlərinizdə şəhidlərimizdən və döyüş yoldaşlarınızdan danışırsınızmı? 

-Əlbəttə. Şəhidlərimizin və döyüş yoldaşlarımızın göstərdiyi qəhrəmanlıq unudulmamalıdır. Bu tarixləri gələcək nəslə çatdırmaq hər birimizin mənəvi borcudur. Uşaqlar bilməlidirlər ki, bu gün yaşadığımız qələbə və azadlıq böyük fədakarlıqlar hesabına əldə olunub.

-Zəfər Günü münasibətilə həm şagirdlərinizə, həm də Azərbaycan xalqına nə demək istərdiniz?

-Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. Arzu edirəm ki, xalqımız hər zaman birliyini və həmrəyliyini qorusun, dövlətimizin və torpaqlarımızın müdafiəsi naminə daim bir yumruq kimi birləşsin.

Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların valideynlərinə dərin ehtiramımı bildirirəm.

Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı
Son xəbərlərDaha çox