Azedu.az

7 noyabr 2020-ci il və SABAH...

AzEdu Təhsil Platforması

7 Noyabr 2026, 15:53
7 noyabr 2020-ci il və SABAH...

Bu gün 7 noyabr 2026-cı ildir.

Altı il əvvəl bu gün ölkə müharibə içində idi. Hər gün cəbhədən xəbərlər gəlir, hansısa evin qapısı döyülürdü. Hər şəhid xəbəri ilə bir ana, bir ata, bir xanım, bir bacının dünyası tarimar olurdu.

Azərbaycan həmin gün həm ağlayır, həm də irəli gedirdi.

7 noyabr 2020-ci il...

Zəfərdən bir gün əvvəl...

Həmin günün səhəri necə açılmışdı? İnsanlar nə düşünürdü? Küçələrdə, evlərdə, məktəblərdə, xəstəxanalarda, iş yerlərində hansı hisslər yaşanırdı? Kim nəyi gözləyirdi?

Həmin gün müharibə xalqın gündəlik həyatına çevrilmişdi. Hər kəsin öz işi olsa da, hamının daha vacib bir məqsədi vardı, Vətənin torpaqlarını işğaldan azad görmək. Biz həmin günlərdə başqa cür yaşayırdıq.

7 noyabrda Azərbaycanın demək olar ki, hər kəndində müharibənin izi görünürdü. Hər gün hansısa rayona şəhid gəlir, bir evə bayrağa bükülmüş tabut aparılırdı. Hər gün bir ailə Vətənə oğul, ər, qardaş, ata verməyin ağrısını yaşayırdı.

Şəhid tabutlarının önündə analar, bacılar, həyat yoldaşları gedirdilər. Yaşlı analar vardı, ayaqları onları güclə daşıyırdı, amma baxışlarında qəribə bir qürur duyulurdu. Xanımlar həyat yoldaşlarının tabutlarının önündə, bacılar isə qardaşlarının son mənzilə yola salınmasında öndə gedirdilər.


Bu mənzərələrin hər biri Azərbaycanın yaddaşına yazılırdı.

Şəhid xəbərləri ürəkləri parçalayırdı, amma hər yerdə “Vətən sağ olsun!” cümləsi ucalırdı. Bu cümlə o günlərdə xalqın öz taleyinə verdiyi cavab idi. İnsanlar şəxsi kədərlərini Vətənin azadlığı naminə daşımağa çalışırdılar. Azərbaycanın hər bölgəsində bu ağrının və qürurun öz hekayəsi vardı.

Həmin günlərdə Azərbaycanın küçələrində başqa bir mənzərə də yaranmışdı. Uşaqlar yolda hərbi maşın görəndə dayanır, əllərini gicgahlarına aparıb hərbi salam verirdilər. Təbii ki, onlar müharibənin bütün ağırlığını anlamırdılar, amma əsgərin Vətəni qoruduğu həqiqətini hiss edirdilər.

Gənc qızların arzularında böyük dəyişiklik hiss olunurdu. Onlar gələcək həyat yoldaşlarının Vətənini sevən, döyüşə atılan igidlər olmasını istəyirdilər. Müharibə insanların düşüncəsini, qəhrəmanlıq anlayışını dəyişmişdi.

7 noyabrda Azərbaycanda hər kəs öz imkanları daxilində müharibənin iştirakçısına çevrilmişdi və öz töhfəsini vermək istəyirdi. Həkim xəstəxanada yaralı əsgərin həyatını xilas etmək üçün bütün gücünü ortaya qoyurdu. Müəllim sinifdə uşaqlara Vətən, torpaq, şəhidlik və qəhrəmanlıq anlayışlarını izah edirdi. Mühəndis öz peşəsi ilə ordunun ehtiyaclarına töhfə verməyə çalışırdı. Sürücü yük daşıyır, fəhlə işləyir, könüllülər yardım toplayır, qadınlar əsgərlər üçün isti geyim, ərzaq və lazımi ləvazimatlar hazırlayırdılar.

Kimi pul, kimi ərzaq göndərir, hamı öz imkanlarını səfərbər edirdi. Azərbaycanın daxilində görünməyən, amma çox böyük bir cəbhə yaranmışdı.


7 noyabrda hər kəs öz işini görürdü, amma hamı Vətənə xidmət edirdi.

Həmin günlərdə bütün cəmiyyətin diqqəti Ali Baş Komandan İlham Əliyevin X platformasındakı paylaşımlarında idi. İnsanlar telefonlarını anbaan yoxlayırdılar. Yeni paylaşım varmı? Hansı ərazi azad edilib? Prezidentin hər paylaşımı ölkənin gündəminə çevrilirdi. Bir ərazinin adının çəkilməsi milyonlarla insanda eyni anda sevinc yaradırdı. Bəzən bir cümlə bütün günün ovqatını dəyişirdi.

7 noyabr 2020-ci ildə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da həmin müharibənin içində idilər. Türkiyədə, Rusiyada, Avropada, Amerikada və dünyanın başqa yerlərindəki soydaşlarımızın diqqəti Azərbaycana yönəlmişdi.

7 noyabrın Azərbaycan üçün başqa bir mənası da vardı. Müharibənin elə bir mərhələsində idik ki, qələbənin nəfəsi hiss olunurdu. Amma ən böyük müjdə hələ gəlməmişdi.

Şuşa azad edilməmişdi.


Azərbaycan əsgəri irəliləyirdi. Biz onun hansı yolları adladığını tam bilmirdik. Bildiyimiz yalnız bu idi ki, o, bizim üçün əlçatmaz görünən bir arzunun arxasınca gedir.

Müharibənin hər günü gözləyənlərin də sınağı idi. Həmin günlərdə şəxsi həyatın bütün planları arxa plana keçmişdi. Hamı Azərbaycanın sabahını düşünürdü.

7 noyabr 2020-ci il...

Heç kim bilmirdi ki, sabah Azərbaycan xalqının tarixində yeni bir gün başlayacaq. Şuşanın azad olunması xəbəri bütün ölkəni sevinc göz yaşlarına qərq edəcək. Heç kim bilmirdi ki, noyabrın 8-i Azərbaycan təqviminə Zəfər Günü kimi daxil olacaq.

Bu gün 7 noyabr 2026-cı ildir.

Altı il əvvəlki günün hisslərini yenidən yaşamaq mümkündür. İndi biz 7 noyabra geriyə baxırıq. O gün isə Azərbaycan SABAHa baxırdı.

Bu gün Şuşaya gedən yollar açıqdır. Şuşada Azərbaycan bayrağı dalğalanır. Bir vaxtlar həsrətlə çəkdiyimiz şəhər adları artıq qayıdışın, quruculuğun, dirçəlişin ünvanlarıdır.

O gün biz SABAHı gözləyirdik. Bu gün isə SABAHın gətirdiyi Zəfərin məsuliyyətini daşıyırıq.

7 noyabr 2020-ci il və SABAH...


O SABAH gəldi.

O sabahın sevincinə gedən yolda neçə ananın duası, neçə atanın göz yaşı, neçə bacının həsrəti, neçə övladın yarımçıq qalan arzusu vardı...

Bu gün Şuşada dalğalanan bayrağa baxanda Şəhidləri görürük.

Bzim üçün SABAH açıldı, amma o SABAHa gedən yolda bir çox qəhrəmanımız öz sabahını Vətənə bağışladı.

Onların adı yaşadıqca Zəfər də yaşayacaq.

Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı
Son xəbərlərDaha çox