Tarix müəllimi, Vətən müharibəsi iştirakçısı İlham Əfəndiyev Qüdrət oğlu həm döyüş meydanında, həm də sinif otağında qəhrəmanlıq nümunəsi göstərib. O, II Qarabağ müharibəsində iştirak edərək xalqımızın haqq savaşına öz töhfəsini verib.
Bu münasibətlə AzEdu.az müəllimlə həmsöhbət olub.
Vətən müharibəsinin ilk günündən son gününədək döyüş əməliyyatlarında iştirak etdim:
"1977-ci ildə Qəbələ rayonunun Böyük Əmili kəndində anadan olmuşam. 1995-2001-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavriat və magistratura pillələri üzrə təhsil almışam. 2002-2004-cü illərdə Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışam. 2004-2005-ci illərdə Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissədə kəşfiyyat rəisi kimi xidmət etmişəm. 2009-cu ildən Qəbələ Dövlət Turizm və Otelçilik üzrə Peşə Təhsili Mərkəzində fəaliyyət göstərmişəm.
2020-ci il iyunun 18-də könüllü olaraq qeydiyyatdan keçmişəm, həmin il sentyabrın 21-də hərbi təlimlərə qatılmışam. Sentyabrın 27-də Tərtər rayonu istiqamətindən Suqovuşan istiqamətində döyüş əməliyyatlarına başlamışam. Müharibənin ilk günündən son gününədək hərbi əməliyyatlarda iştirak etmişəm. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm.

Həmin il dekabrın 30-da hərbi xidmətimi başa vuraraq tərxis olunmuş və yenidən Qəbələyə qayıtmışam. Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində həm müəllim, həm də Mülki Müdafiə qərargahının rəisi kimi fəaliyyətimi davam etdirmişəm.
2026-cı ildə MİQ imtahanında iştirak etmiş və həmin ildən Qəbələ rayonu Arif Şirinov adına Topbağ ümumi təhsil məktəbində tarix müəllimi kimi fəaliyyətə başlamışam. Hazırda həm Topbağ ümumi təhsil məktəbində, həm də Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində çalışıram".
Şəhidlərimizin, yaralılarımızın, verdiyimiz itkilərin və azad olunan torpaqlarımızın hər biri yaddaşımda silinməz iz qoyub. Müharibədə yaşadığımız hər gün, hər dəqiqə, hər saniyə unudulmaz bir xatirədir:
"Müharibə və döyüşlərlə bağlı təəssüratlarım çoxdur. Allah şəhidlərimizə rəhmət eləsin. Müharibə müddətində xüsusi təyinatlı hərbi hissənin tərkibində taqım komandiri kimi fəaliyyət göstərmişəm. Əslində, müharibədə hər gün, hər dəqiqə, hər saniyə xatirələrlə doludur. Şəhidlərimizin olması, yaralılarımız, torpaqlarımızın azad edilməsi, verdiyimiz itkilər, düşmən üzərində qələbə – bunların hər biri ayrı-ayrılıqda bir xatirədir. Sadəcə, orada yaddaşımda qalan bir neçə hadisəni sizinlə bölüşmək istərdim.
Bir dəfə bizimlə birlikdə “Spike” adlanan tank əleyhinə silahlarla təchiz olunmuş bölmə var idi. Onların avtomobili vurulduğu üçün həmin bölmənin hərbçiləri bizim yanımıza ezam edilmişdilər. Beş nəfər idilər. Ehtiyat hissələri gəldiyindən onu götürmək üçün aşağıdakı meşəlik əraziyə düşmüşdülər. Biz də onların geri qayıtmasını gözləyirdik. Həmin vaxt onların olduğu ərazi düşmənin artilleriya atəşinə tutuldu. O an dəhşətə gəldik ki, artıq həmin beş nəfəri itirmiş ola bilərik.

Düşmənin ardıcıl və fasiləsiz artilleriya atəşi səbəbindən onların olduğu istiqamətə getmək də mümkün deyildi. Artıq hamı həmin beş nəfərin – bir zabit və dörd əsgərin – həlak olduğunu düşünürdü. Təxminən bir saat yarım, qırx dəqiqə keçdikdən sonra onlar sağ-salamat bizim yanımıza qayıtdılar. Bu, həqiqətən də unudulmaz bir hiss idi. İnsanın həmin an yaşadığı sevinc hissini təsəvvür etmək belə çətindir.
Təbii ki, hər dəfə torpaqlarımızın azad edilməsi xəbərini eşidəndə də böyük sevinc yaşayırdıq. Niyə məhz eşitdiyimizi deyirəm? Çünki biz Suqovuşan istiqamətində hərbi əməliyyatlarda iştirak edirdik. Suqovuşan qəsəbəsinin əvvəlki adı Madagiz idi. Cənab Prezident Suqovuşan azad edildikdən sonra onun tarixi adını bərpa edərək yenidən Suqovuşan adlandırmışdı.
Oktyabrın 3-də Suqovuşan qəsəbəsi azad olundu. Bundan sonra da düşmən həmin ərazidə güclü müqavimət göstərirdi. Noyabrın 10-dək döyüş əməliyyatlarımızı orada davam etdirdik. İşğaldan azad olunan digər ərazilərimiz barədə isə radio vasitəsilə və digər kanallardan məlumat alırdıq. Azad edilən hər bir torpaq, kənd, qəsəbə və yüksəklik bizdə böyük sevinc hissi yaradırdı".