Azərbaycan Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında xidmət edən zabitlərin hərbi rütbədə olma müddəti azaldılır.
AzEdu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) təhsilini uğurla başa vuran zabitlərin hərbi rütbədə olma müddəti bir il azaldılır. Eyni güzəşt doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə alan zabitlərə də şamil edilir.
Qanunla leytenant hərbi rütbəsində olma müddəti də yenilənib. Yeni tənzimləməyə əsasən, təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş şəxslər üçün leytenant rütbəsində olma müddəti 2 il müəyyən edilib. Aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün isə bu müddət 1 il olacaq. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda da leytenant rütbəsində olma müddəti 1 il müəyyən ediləcək.
Qanunun digər mühüm müddəası güzəştlərin əvvəlki məzunlara da şamil edilməsidir. Belə ki, magistratura (rezidentura) təhsilini və ya doktoranturanı (adyunkturanı) qanun qüvvəyə minənədək başa vurmuş, müvafiq elmi dərəcə almış və təhsili aidiyyəti dövlət qurumlarının sifarişi əsasında həyata keçirilmiş zabitlər də bu hüquqdan yararlana biləcəklər.