Azedu.az

Səngərdə həyat xilas etdi, həmin torpağa həkim yetişdirməyə qayıtdı - Müəllimlə MÜSAHİBƏ

Müsahibə və reportajlar

27 Sentyabr 2026, 13:25
Səngərdə həyat xilas etdi, həmin torpağa həkim yetişdirməyə qayıtdı - Müəllimlə MÜSAHİBƏ

Bir həkim üçün insan həyatını qorumaq peşə borcudur. Rəşad müəllim isə bu borcu yalnız xəstəxana və əməliyyat otağında deyil, müharibənin ən ağır anlarında da yerinə yetirib. 44 gün ərzində döyüş meydanında yaralı əsgərlərə ilk yardım göstərib, onları mərmi atəşi altında təhlükəsiz əraziyə çıxarıb, şəhidlərin döyüş meydanından götürülməsində iştirak edib.

Bu gün isə həmin müharibənin izlərini daşıdığı Ağdam torpaqlarından çox da uzaq olmayan Qarabağ Universitetində gələcəyin həkimlərini yetişdirir.Onun üçün Qarabağa qayıdış sadəcə iş yeri seçimi deyil. Müharibədə keçdiyi yollar, səngərdə yaşadığı günlər və Ağdamın kəndlərində gördüyü hadisələr bu torpaqları doğmalaşdırıb. İndi isə vaxtilə azadlığı uğrunda mübarizə apardığı Qarabağda həkim və müəllim kimi fəaliyyət göstərir.

AzEdu.az Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsinin müəllimi, ginekoloq, Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan tibb xidməti kapitanı Rəşad Sultanla həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

-Rəşad müəllim, Bakıda doğulub böyümüsünüz, təhsilinizi Bakıda almısınız. Bu gün isə Qarabağ Universitetində fəaliyyət göstərirsiniz. Qarabağda işləmək qərarınız necə yarandı?

-Doğulduğum şəhəri, Bakını, böyüdüyüm məhəllələri, oxuduğum məktəbi, universiteti, əlbəttə ki, sevirəm. Bu yerlərə bağlıyam. Amma mən özümü həmişə azərbaycanlı hiss etmişəm. Azərbaycanın bütün bölgələrini sevirəm. Azərbaycanın elə bir rayonu yoxdur ki, orada olmayım. Təbiətini, daşını, torpağını, dənizini, çaylarını sevirəm. Gəzmək imkanım yarananda daha çox yerlərdə, kəndlərimizdə, bölgələrimizdə olmağa çalışıram. Bir sözlə, mən özümü azərbaycanlı hiss edirəm.

Qarabağ da elə bir bölgədir ki, təsəvvür edin, Azərbaycanın hər qarışını gəzməyə can atan bir insan ən gözəl yerlərindən biri olan Qarabağı gəzə bilmir. Bunun travmasını düşünün. Biz 30 il bu travma ilə yaşamışıq. Gəncliyimizdə bunu itirməklə barışmaq məcburiyyətində qalmışıq ki, bir gənc insan üçün çox çətindir. 30 il sonra bizim əlimizə fürsət düşdü. Bu torpaqların qazanılmasında özüm də iştirak etdim və həmin torpaqlara məndə əlavə bir doğmalıq yarandı.

Ona görə də hələ müharibənin qızğın dövründə belə arzulayırdım ki, bir gün biz bu torpaqları işğaldan azad edəndən sonra həmin bölgələrə bu dəfə bir vətəndaş kimi qayıdım, orada işləyim, yaşayım və yaradım. Qarabağda işləmək arzusu məndə belə yarandı.

-Azərbaycan Tibb Universitetini bitirdikdən sonra uzmanlığınızı İstanbul Universiteti-Cərrahpaşa Tibb Fakültəsində almısınız. Xaricdə uzmanlıq təhsili sizə həkimlik baxımından hansı fərqli təcrübələri qazandırdı?

-Xaricdə, xüsusilə Türkiyədə ixtisas təhsili mənə qalsa, mənim şəxsi fikrimcə, bəlkə də dünyanın ən yaxşı ixtisas təhsillərindən biridir. Biz Azərbaycan Tibb Universitetində tibbin nəzəri biliklərini nə qədər yaxşı öyrənsək də, ixtisas almaq üçün infrastruktur, xəstə axını, bu işi dünya səviyyəsində və müasir standartlarda bilən müəllimlər, öyrədən həkimlər olmalıdır. Bunların hamısı Türkiyədə var idi və orada bunun bir sistemi qurulmuşdu.

Biz Türkiyəyə gedəndə artıq oturuşmuş bir sistem var idi. Həmin sistemin və sadaladığım imkanların sayəsində ixtisasımızı kökündən öyrəndik. Beş il Türkiyədə, İstanbulda yaşamaq, işləmək, ixtisas keçmək mənə çox şey qatdı. Bir də düşünürəm ki, hər bir insan, dünyanın ən inkişaf etmiş ölkəsində belə yaşasa, fərqli ölkələri gəzməli, fərqli insan və mədəniyyətlərlə tanış olmalıdır ki, vizyonu, dünyaya baxış bucağı genişlənsin.

-Siz həkim, eyni zamanda Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsində müəllim kimi fəaliyyət göstərirsiniz. Həkimlikdən müəllimliyə keçid sizin üçün necə oldu?

-Məncə, bunlar bir-birindən tam ayrı deyil. Həkimlik mənə öz həyatımı, müharibə isə həyata və dünyaya baxışımı öyrədibsə, tələbələrlə işləmək, müəllimlik bu iki təcrübəni yeni nəslə ötürməkdir.Müəllimlik mənim üçün gənclərlə, yeni nəsillə, həyatın baharı ilə yenidən tanış olmaqdır. İnsanlar gəlir-gedir, amma insanlıq yaşayır. İnsanlığa yatırım qoymağa, bu yatırımın- bilik və peşəkarlığın- öyrədilməsinə dəyər. Mənim üçün müəllimlik bir növ budur.

-Müharibə iştirakçısı kimi bu gün Qarabağ Universitetində çalışmaq sizin həyatınızda necə bir məna daşıyır? Müharibə ilə bağlı keçmişiniz indiki fəaliyyətinizə təsir edirmi?

-Hamıya qəribə gəlir. Bakıdakı işi-gücü, xəstələri, tanışları, öyrəşdiyimiz həyatı atıb Qarabağa köçməyim, burada fəaliyyət göstərməyim bir çox dostlarıma qəribə gəlir. Bəlkə də haqlıdırlar, bilmirəm. Mənə isə şəxsən qəribə gəlmir.Müharibədə iştirakımın, Ağdam torpağında 44 gün yatmağımın, silahdaşlarımla bir səngəri, blindajı, qazmanı, bəzən bir yatağı paylaşmağımın, eyni çətinliklərdən keçməyimizin bunda rolu olduğunu düşünürəm.

Bütün bu çətinliklər insanı olduğu yerə və yanındakı insanlara doğmalaşdırır. Çətinlik çəkdiyimiz yerlər sonradan yaddaşımızda başqa cür qalır. Həmin günlərdə yaşadığımız ağrılar şüuraltımıza bir xatirə kimi hopur və bizi yenidən doğmalaşdığımız yerə qaytarır.Ona görə də bu qərarımda müharibənin təsirinin olmadığını desəm, yalan olar.

-Vətən müharibəsində iştirak etdiyiniz dövrdə yaşadığınız və bu günə qədər unutmadığınız hansı hadisə var?

-Vətən müharibəsində keçirdiyim hər bir anı xatırlayıram. Mən keçmişin ağır acısını unudub yalnız romantikasını xatırlayan insan deyiləm. Ağrılı günləri də həyatın duzu-bibəri kimi xatırlamağı bacarıram.Orada çox dəhşətli hadisələrin şahidi olduq. Gənc insanların adi ölümlə yox, mərmi qəlpəsindən parça-parça olaraq şəhid olduqlarını gördük. Şəhidlərimizi döyüş meydanından, səngərdən, mərmi atəşi altından döyüş yoldaşlarımla birlikdə çıxartdıq. İlk yardım etdik, yaralılarımızı hospitala çatdırdıq. Onların həyatda qalmasında bir rolumuz oldu.

İlk dəfə yaralı dalınca getməyim, ilk şəhidi və yaralını döyüş meydanından çıxartmağım, ilk yardımım və ilk şəhidi görəndə keçirdiyim hisslər daha çox yadımda qalıb. Bəlkə də standart bir qəlpə yarası idi, bir qanaxma idi, onu dayandırdım. Yaralını vaxtında çatdırdıq və həmin yaralı indi də sağdır.Şəhidimizi ilk görəndə yaşadığım hissləri isə hələ də xatırlayıram. Çünki bu, ilk səhnə olduğuna görə məni çox sarsıtmışdı. Gənc bir insanın bir amal uğrunda, Vətən uğrunda canını fəda etməsi mənim üçün sadəcə tibbi hadisə deyildi. Bu, mənim üçün bir mesaj idi.

-Müharibədə həkim kimi fəaliyyət göstərməklə sırf hərbi vəzifəni yerinə yetirmək arasında hansı fərqləri yaşadınız? Həkim kimliyiniz döyüş və xidmət zamanı qərarlarınıza təsir edirdimi?

-Biz həkimlər forma geyinib çiynimizdə leytenant, baş leytenant, kapitan rütbəsi, bir çiynimizdə silah, digər çiynimizdə sanitar çanta ilə döyüş meydanında, səngərdə silahdaşlarımızla olanda həm döyüşçü, hərbçi, həm də həkim, tibb işçisi oluruq. Bu vəzifələrin kəsişməsini yaşayırıq.

Döyüş yoldaşlarımız bəzən yaralı görəndə panikaya düşə bilirdilər, biz isə soyuqqanlı davranmalı idik. Orada panikaya düşmək yeri deyil. Nə qədər ağır olsa da, öz işimizi görməliyik. Mülki həyatdan gəlmiş, hərbi ilə əlaqəsi olmayan insanlardan bəzən hiss edirdim ki, sanki mənim çəkinəcəyimi gözləyirlər. Amma biz tibbdə ekstremal situasiyalara, qanla işləməyə, qan-qada görməyə alışmışıq. Mərmilər başımıza yağsa da, yaralını çıxarmağa gedirdik.

Bu, mənim çox cəsarətli olmağımdan deyil. Sadəcə, tibbdə belə bir yazılmamış qayda var: qorxunun əcələ faydası yoxdur. Ona görə qorxunun üstünə getmək lazımdır. Bizim işimiz ölümün, təhdidin, təhlükənin üstünə getməkdir. Müharibə zamanı peşəmin mənə aşıladığı bu üstünlüklərdən istifadə edirdim.

-Müharibə zamanı insan həyatı ilə bağlı çox ağır vəziyyətlərlə qarşılaşmısınız. Həkim kimi belə məqamlarda özünüzü necə toparlayırdınız?

-Nə qədər qana, ölümə öyrəşsək də, mən qəlpə yarası görməmişdim. Başı getmiş, üzü məhv olmuş, özü parça-parça olmuş insan bədəni görməmişdim. Bunlar çətin idi.İkincisi, dünən üzünə gülən, sağlam olan gənc insanı bu gün şəhid kimi görmək çox ağır idi. Onu yolda gözləyənləri düşünmək də çətin gəlirdi.

Amma müharibənin dəhşəti elə budur. Bu çətinliklərdən keçmək asan olmadı. Bir müddət, bəlkə də indinin özündə belə həmin travmaları özümüzdə yaşayırıq. Ona görə müharibəni həmişə pisləyirik. Nə qədər qələbə ilə başa vurmuş olsaq da, istəyimiz budur ki, müharibələr artıq olmasın, sülh olsun, gənc nəsil sülh dövründə yaşasın və yaratsın.

-Ağdamın azad olunmasına görə medalla təltif edilmisiniz. Ağdamın azadlığı sizin üçün nə ifadə edir və bu medal hansı xatirəni yaşadır?

-Bu medal kimsə üçün kiçik bir təltif ola bilər, amma mənim üçün çox anlamlıdır. 44 gün bir torpaqda, doğrudan da, sözün hərfi mənasında torpaqda yatmaq, həyat təhlükəsi ilə üz-üzə gəlmək, düşmənin hücumunu, atəşləri, mərmiləri, hayqırtıları yaşamaq insanı həmin əraziyə doğmalaşdırır. Ona görə Ağdam mənim üçün ikinci vətənim oldu. Ağdamın adı çəkiləndə elə bilirəm ki, doğma bir insanın, doğma bir anlayışın adı çəkilir.

Ağdamlı pasiyent gələndə və ya Ağdamdan olan insanla tanış olanda dərhal soruşuram: “Hansı kəndindənsən?” Deyir, məsələn, “Əfətlidənəm”.

Dərhal həmin yerləri xatırlayıram. Çünki hamısı bizim müharibədə keçdiyimiz, yaralıları çıxardığımız, tibb məntəqəsi qurduğumuz, maşın saxladığımız kəndlərdir.

Heç Bakının kəndlərini Ağdamın kəndləri qədər yaxşı tanımıram. Şelli, Qiyaslı, Fərrux, Pirlər, Sarıcalı, Təzəkənd, Qərvənd- hamısı mənim üçün doğmadır.20 noyabr da mənim ən sevdiyim günlərdəndir. Həmin gün Ağdamın azad olunmasına şahid olduq. Maşınlara minib, üçrəngli bayraqlarla bəzənmiş avtomobillərimizin Ağdama daxil olmasını gördük. Bu tarixi yaşamağa dəyərdi.

-Vətən müharibəsi iştirakçısı medalı ilə də təltif olunmusunuz. Bu təltiflərə bir həkim və müharibə iştirakçısı kimi münasibətiniz necədir?

-Mən bunları bütün günü yaxama taxıb gəzməyi sevmirəm. Çünki bilirəm ki, olması gərəkən də bu idi. Amma mənim üçün doğrudan da məna daşıyır. Həkim olaraq o döyüşçülərin sırasında adımın anılması mənim üçün əhəmiyyətlidir. Biz Şuşaya dırmaşmamışıq, xüsusi təyinatlı igidlərimiz kimi çətin döyüşlərdən çıxıb Şuşanı,

Hadrutu, Cəbrayılı fəth etməmişik. Bizim əlimizdən gələn yaralıları meydandan çıxarmaq olub.Ən əsası isə odur ki, arxaya dönüb baxmamışıq, gözümüz arxada qalmayıb. Başa düşmüşük ki, hərənin bir vəzifəsi, borcu var, bizim də borcumuz budur.

Hətta bunu bir şans kimi görmüşük ki, bizə imkan yaranıb bu müharibədə iştirak edək. Bu, sadəcə iştirakçı olmaqdan daha çox, “Cəbiş müəllim” filmindəki kimi, bu prosesdə xalqın bir parçası olmaq idi. Mənim fikrimcə, bu müharibə adı üstündə Vətən müharibəsi idi. Yəni xalqın müharibəsi, xalqın savaşı idi. Bu müharibədə bütün xalq qəhrəmandır. Tək-tək adamlar yox, bütün Azərbaycan xalqı qəhrəmandır.

-Müharibədən sonra yenidən normal həyata və həkimlik fəaliyyətinə qayıtmaq necə oldu? Cəbhədə gördükləriniz peşənizə münasibətinizi dəyişdirdimi?

-Cəbhədə gördüklərim həyata münasibətimi dəyişdi. Bir şeyi başa düşdüm ki, bu ölümlü dünyada çox şeyə üzülməmək, çox şeydən panikaya düşməmək, çox şeyi sonuncu problem kimi görməmək lazımdır.
Bu gün əgər isti yatağında yata bilirsənsə, başından bomba yağmırsa, sən artıq xoşbəxt olduğunu bilməlisən və bu gününün dəyərini bilməlisən.

İşim üçün də darıxmışdım. Bu, işimi daha çox sevməyimə səbəb oldu. Gələn kimi fəaliyyətimə qaldığım yerdən davam etdim. Dekabrın 30-da tərxis olundum. 2021-ci il yanvarın 1-də keysəriyyə əməliyyatına girdim və çox sevindim ki, yenə də yeni bir uşaq dünyaya gəldi mənim əllərimdə.

Dəyişənlər beynimin içində oldu. İnsan bəlkə yaşadıqlarını anlayaraq bu dünyada bişir, olğunlaşır, yetkinləşir. Ona görə çox çətin bir dövrdən keçsəm də, nə yaxşı ki, həmin proseslərin içində olmuşam. Bu müharibənin şəxsiyyət kimi formalaşmağımda müstəsna rolu olub.

-Bu gün Qarabağ Universitetində gələcəyin həkimlərinə dərs deyirsiniz. Tələbələrinizə yalnız tibbi bilik deyil, müharibə iştirakçısı kimi həyat təcrübənizdən də nələrsə ötürürsünüzmü?

-Mən müharibə iştirakçısı olduğumu önə çıxarıb “mən qaziyəm” tərzi mesajlar verməyi sevmirəm. İnsanlar Şuşada canından keçib. Bizim bir neçə yaralının həyatına töhfə verməyimiz mənə çox böyük qəhrəmanlıq kimi gəlmir. Sadəcə borc və vəzifə yerinə yetirmək kimi gəlir.Amma çətin situasiyalardan nümunə gətirmək tədris prosesinin bir parçası ola bilər.

İlk yardım, xəstədən, yaralıdan çəkinməmək, qandan qorxmamaq, çətinliklərə hazır olmaq, fiziki, mental və psixoloji hazırlığın önəmini tələbələrə anlatmaq üçün müharibə günlərimdən nümunələr gətirirəm.İnsanın zəhmətə, əziyyətə qatlanmağı və bəzən qarşılığında təmənna güdmədən bunlara hazır olması lazımdır. Bunları öyrətmək üçün öz təcrübəmdən istifadə edirəm.

-Sizcə, Qarabağ Universitetində tibb təhsilinin qurulması Qarabağın gələcək səhiyyəsi baxımından hansı imkanları yaradır?

-Ümumiyyətlə, Qarabağ Universiteti və onun Tibb fakültəsi Böyük Qayıdış proqramının ən effektiv hissələrindən biridir. İnsanları işğaldan azad olunmuş torpaqlara qaytarmaq üçün onları təşviq etmək, iş yeri yaratmaq, müxtəlif imkanlar vermək olar.

Amma bir də var ki, sən orada universitet açırsan, insanlara təhsil verirsən.O zaman insanlar könüllü gəlirlər. Tələbələr gəlir, müəllimlər gəlir, infrastrukturun yaradılmasında iştirak edən fəhlələr, ustalar, xidmət sektoru gəlir. Tələbələrin valideynləri gəlir. İnsanlar bir gün iş üçün, bir gün təhsil üçün, başqa gün gəzməyə gəlirlər. Beləliklə, yaxşı mənada bir dövran yaranır.

Ona görə Qarabağ Universitetinin, onun Tibb fakültəsinin və klinikasının Qarabağın yenidən qurulmasında müstəsna əhəmiyyəti var. Bu layihənin əvəzolunmaz xidməti olduğunu düşünürəm.

-Qarabağda yeni səhiyyə sistemi formalaşır. Siz bir ginekoloq kimi burada səhiyyənin inkişafı üçün hansı istiqamətləri xüsusilə vacib hesab edirsiniz?

-Bu gün Azərbaycan səhiyyəsində ixtisaslı həkimdən daha çox ümumi həkimə, ailə həkiminə, təcili yardım həkiminə ehtiyac var. Səhiyyənin içində olanlar məni yaxşı başa düşər.Ginekoloq, kardioloq, cərrah kimi ixtisaslı kadrlardan əlavə, bölgələrdə işləyəcək, xalqın yanında, xalqın içində olacaq həkimlərə daha çox ehtiyacımız var. Universitet məzunu, tibb fakültəsi məzunu olan kadrın missiyası da bu olmalıdır. Biz də buna çalışırıq.

-Qarabağ Universitetində təhsil alan gənclərin bir hissəsi gələcəkdə həmin regionda həkim kimi fəaliyyət göstərə bilər. Sizcə, Qarabağda yerli tibbi kadrların yetişdirilməsi niyə vacibdir?

-Azərbaycanın bir nömrəli problemi Bakıdakı həkimlərin sayının azlığı deyil, regionlardakı həkim çatışmazlığıdır. Biz hazır həkim yetişdiririk və bu mövzuda iddialıyıq. Qarabağ Universitetinin Tibb fakültəsi olaraq biz bölgədə xalqa xidmət edəcək hazır, keyfiyyətli həkim kadrları məzun edəcəyik. Beş il sonra bunun nəticəsini görəcəyik.

Məqsədimiz budur. Bu mövzuda o qədər qətiyyətliyik ki, nəticəsindən şübhəmiz yoxdur.Mən inanıram ki, bu tələbələrin bir hissəsi burada qalacaq. Bəlkə yarısı Bakıda işləmək, bir hissəsi xaricdə ixtisasını artırmaq istəyəcək. Amma onların bir hissəsi mütləq Qarabağda, yaxud xaricdə təhsilini tamamladıqdan sonra yenidən Qarabağa qayıdıb fəaliyyətini davam etdirəcək.

-Xaricdə, xüsusilə İstanbul Universiteti-Cərrahpaşa Tibb Fakültəsində əldə etdiyiniz təcrübənin Qarabağ Universitetindəki fəaliyyətinizə hansı töhfəsi olur?

-Bu gün həkim və ixtisaslı mütəxəssis kimi sahib olduğumuz çox şeyi Türkiyədə aldığımız uzmanlıq təhsilinə borcluyuq. Oradakı ixtisas təhsili bizə sadəcə ixtisas vermədi, öyrəndiyimiz nəzəri biliklərin nə işə yaradığını öyrətdi və həmin bilikləri beynimizdə möhkəmləndirdi.Bu təhsilin verdikləri var ki, bizi bir araya toplayıb. Birlikdə işləyən kadrların böyük əksəriyyəti mənim kimi Türkiyədə uzmanlıq, ixtisas təhsili alanlardır.

Türkiyədə ixtisas təhsili bizə sadəcə işimizi öyrətməyib. Qətiyyətli olmağı, konkret olmağı, inadkar və peşəkar olmağı öyrədib. Ona görə biz həkimlikdə dürüst və peşəkar olduğumuz kimi, müəllimlikdə də dürüst və peşəkarıq. Keyfiyyətli həkim məzun etmək, dörd-dördlük tibb təhsili vermək bizim missiyamız və prioritetimizdir.

-Müəllim kimi tələbələrinizdən gözləntiləriniz nələrdir? Gələcək həkimlərdə yalnız peşəkar bilik yox, hansı keyfiyyətlərin olmasını vacib hesab edirsiniz?

-Tələbələrimizdən gözləntilərimiz yalnız bilik və tibbi bacarıq deyil. Tibb fakültəsinin girişində “DƏYƏR” adlı bir anlayışımız var. Orada beş kriteriya müəyyənləşdirilib: dürüstlük, ədalət, yüksək standartlar, əməkdaşlıq və rəğbət, yəni hörmət. Bu gün tələbələrimizdən gözləntimiz bilikdən və həkimlikdən başqa, bu keyfiyyətlərə sahib olmalarıdır.

Bizim innovativ tədris metodumuzda da yalnız tibbi bilikləri öyrətmirik. İctimai səhiyyəni, icma yönümlü təhsili, tibbi bacarıqları, tədqiqatı, eyni zamanda bunların sənət və humanitar elmlərlə əlaqəsini öyrədirik.Təhsil metodumuz inteqrə olunmuş, peşələrarası, əməkdaşlığı öyrədən və spiralvari, yəni sadədən mürəkkəbə doğru əvvəlki bilikləri möhkəmləndirən bir sistemdir.

-Həkimlik insan həyatı ilə birbaşa bağlı peşədir. Müharibə iştirakçısı olmaq bu məsuliyyət hissini daha da dəyişibmi?

-Desəm ki, mən həmişə məsuliyyətli olmuşam, bir az özünü tərifləmək olacaq. Amma müharibədən sonra bunun artmasına bir yer yox idi zatən. Həkimlik insan həyatı ilə birbaşa bağlı peşədir.Müharibə iştirakçısı olmaq mənim həkim kimi peşəkarlığımda nəyisə dəyişməyib. Həyata baxışımı dəyişib, amma həkimlik fəaliyyətimə bir təsiri olmadı. Müharibə insanda bir xatirə, bir damğa, bir travma buraxa bilər, amma həkimlik fəaliyyətimdə bir şeyi dəyişmədi.

-27 Sentyabr- Anım Günü sizin üçün hansı mənanı daşıyır? Bu tarix yaxınlaşanda ilk olaraq nəyi və kimləri xatırlayırsınız?

-Mən də insanam. Həkim də olsam, zabit də olsam, ehtiyatda olan tibb xidməti kapitanı da olsam, müharibədə tabor tibb məntəqə rəisi kimi fəaliyyət göstərmiş birisi də olsam, Qarabağ Universitetinin Tibb fakültəsinin müəllimi, ginekologiya şöbəsinin həkimi də olsam, 27 Sentyabr mənə bir az da öz yaşadıqlarımı xatırladır.

Buradan Ağdama yollanmağımız, orada bölüklərə bölünməyimiz, hərbi formanı geyinməyimiz, bir anda özümü hərbi səhra şəraitində, blindajın içində, səngərdə, qazmalarda görməyim, təbiətin ortasında bombaların, topların guruldamağı, başımıza bombaların yağması bütün bunları xatırladır.Amma eyni zamanda “Anım Günü” sözü mənə şəhidlərimizi xatırladır. Özümün gördüyüm, döyüş meydanından çıxardığım ağır vəziyyətdə olan yaralıları, şəhidlərimizi yada salıram.

27 Sentyabr mənim üçün həm öz yaşadıqlarım, həm də yaxınlarımın Anım Günü kimi məna daşıyır. Həmin 44 gün ərzində xalq olaraq necə doğmalaşdıqsa, şəhidlər də bizə doğmalaşdı. O 3000-dən çox şəhidin hər biri elə bil bizim yaxınımızdır. Onların ölümünün ildönümü kimi də bu günü xatırlayıram.

-Siz həm həkim, həm müəllim, həm də müharibə iştirakçısısınız. Bu üç təcrübə sizə insan həyatı, Vətən və gələcək nəsil haqqında hansı fərqli düşüncələri qazandırıb?

-Həkimlik mənə bir az soyuqqanlılıq qazandırıb. Müharibə isə bunun üstünə həyatın və sülhün dəyərini, insanın bu gün əlində olanların nə qədər qiymətli olduğunu və bunları bir göz qırpımında itirə biləcəyini əlavə edib. Müəllimlik isə gənclərlə, yeni nəsillə, həyatın baharı ilə yenidən tanış olmaqdır. Həkimlik mənim üçün öz həyatım, müharibə həyata və dünyaya baxışım, müəllimlik isə bu iki təcrübənin yeni həyata tətbiqidir.

Müharibə mənə həyatın nə qədər kövrək olduğunu xatırladıbsa, tələbələrlə işləmək mənə yaşadıqlarımın mənasız olmadığını deyir. İnsanlar gəlir-gedir, amma insanlıq yaşayır. İnsanlığa yatırım qoymağa, bilik və peşəkarlığı təbliğ etməyə və öyrətməyə dəyər. Müəllimlik də mənim üçün budur.

-Bu gün Qarabağ Universitetində auditoriyaya daxil olub gələcəyin həkimlərinə dərs deyirsiniz. Bir vaxtlar uğrunda mübarizə apardığınız Qarabağda indi yeni nəsil yetişdirən müəllim kimi özünüzü hansı məsuliyyətin qarşısında görürsünüz?

-Mən o Ağdama girəndə postdan keçərkən böyük hərflərlə “Ağdam” yazılmışdı. Altında isə “Diqqət! Siz işğaldan azad olunmuş əraziyə daxil olursunuz” yazılmışdı.Mən həmin plakatın altında şəkil çəkdirib sosial şəbəkədə profil şəklim etdim. Altında da yazdım: “Diqqət! Mən işğaldan azad etdiyim əraziyə daxil oluram”. Burada əməyimin olduğu bir işi davam etdirmək mənim üçün çox qürurvericidir. Bir işi başlatmaq, bitirmək, sonra onu başqa formada davam etdirmək hər adama nəsib olan xoşbəxtlik deyil.Söhbət müharibədən, qələbədən gedir. Amma qələbəni başa vurub evə qayıtmırsan. Elə həmin torpaqda da işi davam etdirirsən. Mən gəldim, gördüm, qalib gəldim. İndi də işləyirəm, yaşayıram. Sabah başımıza nə gələcəyi bəlli deyil. Amma 30 il bu məhrumiyyətlərdən keçən bir insan kimi bu gün çox xoşbəxtəm.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox