24 yaşında doğma Cəbrayılı tərk etməyə məcbur olan Telman Abbasov illər sonra bu şəhərə müəllim kimi qayıdıb. Hazırda Cəbrayıl şəhərində fəaliyyət göstərən Mehdi Mehdizadə adına məktəbin Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən Telman müəllim üçün bu qayıdış sadəcə doğma yurda dönüş deyil, həm də illər əvvəl yarımçıq qalan bir həyatın yenidən tamamlanmasıdır.
O, uzun illər ərzində Cəbrayılla bağlı uşaqlıq xatirələrini qoruyub saxladığını, bu gün isə həmin şəhərdə müəllim kimi fəaliyyət göstərməyin onun üçün həm böyük qürur, həm də məsuliyyət olduğunu deyir.
AzEdu.az Telman Abbasovla doğma Cəbrayıl, illər sonra yurda qayıdışı, müəllimlik fəaliyyəti və şəhərin gələcəyi barədə müsahibəni təqdim edir:
-Cəbrayıl işğal olunanda 24 yaşınız var idi. Həmin günü və o dövrü necə xatırlayırsınız?
-İnsan ömrü bir kitaba bənzəyir. Əvvəli cırılmış, sonu yazılmayan bir kitab kimi xatırlayıram.
– 24 yaşında tərk etmək məcburiyyətində qaldığınız Cəbrayıla illər sonra müəllim kimi qayıtmaq sizin üçün nə ifadə edir?
-24 yaşında doğma yurddan ayrılmaq mənim üçün çox ağır və ağrılı bir hadisə idi. İnsan doğulduğu, böyüdüyü torpağı, evini, xatirələrini geridə qoyanda böyük bir boşluq hiss edir.
Lakin biz ümidimizi itirmədik və bir gün doğma torpaqlarımıza qayıdacağımıza inandıq. Azərbaycan Respublikasının bu məqama gəlib çatması dövlətçilik tarixində tamam başqa bir mərhələdir. Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə başlanan bu prosesin getdikcə daha yaxşı, uğurlu nəticələr verəcəyinə inanırıq və bu inama da köklənmişik.
-Uzun illər ərzində Cəbrayıl haqqında hansı xatirələri özünüzdə qoruyub saxlamısınız?
-Cəbrayıl haqqında ən gözəl xatirələrim uşaqlıq illərim, doğma evimiz, məktəbimiz, qonşularımız və şəhərin mehriban insanları ilə bağlıdır. Cəbrayılın təbiəti, dağları və küçələri mənim üçün həmişə əziz olaraq qalıb.
-Doğma şəhərinizə qayıdacağınızı ilk dəfə biləndə hansı hissləri keçirdiniz?
-Bu xəbəri eşidəndə böyük sevinc, həyəcan və qürur hissi keçirdim. Uzun illərdən sonra doğma torpağa qayıtmaq mənim üçün həyatımın ən unudulmaz hadisələrindən biri oldu. Həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizi xatırladım. Bu qürurun, mənəviyyatın yenidən oyanışı idi.
-Cəbrayıla qayıtdığınız ilk gün ən çox diqqətinizi çəkən və sizi duyğulandıran nə oldu?
-İlk növbədə doğma torpağın havası, mənzərəsi və şəhərin yenidən qurulması məni duyğulandırdı. Uşaqlıqda tanıdığım yerləri görmək həm sevinc, həm də kövrək hisslər yaratdı. Şəhidlərimizin ruhuna ehtiram göstərilməsi də mənim üçün çox təsirli idi. Hiss edirdim ki, ətrafdakı torpaq da, ağac da, balaca bir bitki də ana dilində sözlər eşitdiyinə görə sevinir.
-İllər əvvəl tərk etdiyiniz Cəbrayılla bu gün gördüyünüz Cəbrayıl arasında hansı fərqləri görürsünüz?
-Əvvəlki Cəbrayıl mənim uşaqlıq və gənclik xatirələrimlə bağlı idi. Bugünkü Cəbrayıl isə müasir yolları, yeni binaları, məktəbləri və abad küçələri ilə yenilənir. Şəhər əvvəlkindən fərqli görünsə də, onun ruhu və doğmalığı dəyişməyib. Axı biz özümüzə qayıtmışıq.
-Qayıdış proqramı çərçivəsində könüllü şəkildə doğma yurda gəlmək qərarını necə verdiniz?
-Bu qərarı böyük sevinc və məsuliyyət hissi ilə verdim. Doğma yurdda yaşamaq, onun inkişafına öz töhfəmi vermək və övladlarıma Cəbrayılın tarixini öyrətmək istəyirdim. Mənim üçün bu, sadəcə köç deyil, doğma yurda qayıdış və yeni həyatın başlanğıcıdır.
-Siz BDU-nun Filologiya fakültəsini bitirmisiniz və bu gün Cəbrayıl şəhərində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışırsınız. Doğma şəhərinizdə məhz bu fənni tədris etmək sizin üçün nə deməkdir?
-Doğma şəhərimdə Azərbaycan dili və ədəbiyyatını tədris etmək mənim üçün böyük şərəfdir. Mən şagirdlərə yalnız dil qaydalarını və ədəbi nümunələri öyrətmirəm, həm də onları doğma dilimizi, tariximizi və milli dəyərlərimizi sevməyə çağırıram. Bu torpaqda müəllim kimi çalışmaq mənim üçün həm vəzifə, həm də mənəvi borcdur. Xalq mahnılarının şirinliyini, milli-mənəvi dəyərləri şagirdlərə aşılamaq yükü bizim nəslin çiyinlərindədir.
-Cəbrayıl məktəbinə ilk dəfə müəllim kimi daxil olduğunuz anı necə xatırlayırsınız?
-Cəbrayıl məktəbinə ilk dəfə müəllim kimi qayıdanda çox böyük sevinc və qürur hissi keçirdim. Məktəb mənim üçün yalnız işlədiyim yer deyil, həm də doğma şəhərimin gələcəyinə xidmət etdiyim müqəddəs məkandır.
-Sizcə, doğma torpağında təhsil alan uşaqlara dərs deməyin müəllim üçün fərqli bir məsuliyyəti varmı?
-Şagirdlərimə Cəbrayılın şəhid oğul və qızları, tarixi, gözəl təbiəti, qəhrəman insanları haqqında danışıram. Doğma torpağı sevmək onu qorumaq, tarixini öyrənmək və gələcək inkişafına töhfə vermək deməkdir.
-Bu gün dərs dediyiniz şagirdlərə Cəbrayılın keçmişi ilə bağlı hansı məqamları çatdırmağa çalışırsınız?
-Cəbrayılın gələcəyini çox parlaq və gözəl təsəvvür edirəm. İnanıram ki, şəhərimizdə müasir məktəblər, elm və mədəniyyət ocaqları yenə də bərpa olunacaq. Burada böyüyən uşaqlar savadlı, vətənpərvər və öz doğma yurduna bağlı insanlar olacaqlar.
-Cəbrayılın işğaldan azad olunmasından sonra burada məktəblərin fəaliyyət göstərməsi, uşaqların təhsil alması sizdə hansı düşüncələri yaradır?
-Biz məktəbdə şagirdlərlə kütləvi tədbirlər keçiririk. Qarabağın tarixi, Qarabağın mədəniyyəti, ədəbiyyatı şagirdlərə hər zaman aşılanır. Bəzən deyirlər ki, tariximizi bizə unutdurublar və yaxud saxtalaşdırılıb, amma elə ədəbi və tarixi məqamlar var ki, onlar saxtalaşdırıla bilməz.
-Sizcə, məktəblərin fəaliyyəti Cəbrayılın yenidən həyat qazanmasında hansı rolu oynayır?
-Biz Qarabağa qayıdanda yalnız ev əşyalarının daşınması ilə qayıtmadıq. Analarımızın duası, bayatısı, laylası, atalarımızın müdrik kəlamları, təcrübələri ilə də qayıtdıq.
-Cəbrayılda müəllim kimi fəaliyyətinizə başladıqdan sonra bu şəhərlə bağlı baxışınızda hər hansı dəyişiklik olubmu?
-İllərlə Cəbrayıl mənim üçün nisgilin, sadəcə xatirələrdə yaşayan bəyaz bir nağılın adı idi. Amma müəllim kimi sinfə qədəm qoyduğum gün anladım ki, Cəbrayıl artıq yalnız keçmişin ağrısı yox, gələcəyin firavanlığıdır. Bura sadəcə doğulduğum torpaq deyil, hər səhər lövhəyə yazdığım ilk hərflə, şagirdlərimin gözündəki qığılcımla yenidən nəfəs alan, dirilən bir Vətən parçasıdır!
-Gənc müəllimlərə və xüsusilə doğma yurdlarına qayıtmaq istəyən həmkarlarınıza nə demək istərdiniz?
-Doğma yurda qayıtmaqdan qorxmasınlar. Cəbrayıl bizim ata-baba torpağımızdır və onun dirçəldilməsində hər birimizin üzərinə məsuliyyət düşür. Birlikdə çalışaraq şəhərimizi daha gözəl və firavan edə bilərik. Torpaq yalnız üzərində gəzilməklə yox, ona ruh verilməklə Vətən olur. Bir şagirdin gözünə işıq olmaq, sadəcə peşə borcu deyil, tarixin bizə həvalə etdiyi müqəddəs bir missiyadır.
-24 yaşında tərk etdiyiniz Cəbrayıla illər sonra müəllim kimi qayıdan Telman müəllim bu gün həmin 24 yaşlı Telmana nə deyərdi?
-O ayrılıq günündə arxanda buraxdığın qaranlıq dünyanın necə parladığını gördün. Bir gün geriyə dönəcəksən, amma qəlbində böyük bir işıqla gələcəksən. Sənin o vaxt çəkdiyin həsrət bugünkü şagirdlərinin gülüşünə çevriləcək. Sən qalib bir elin müəllimi olacaqsan!
-Bu gün Cəbrayıl məktəbinin qarşısında dayanıb geriyə – işğal illərinə baxanda, ən böyük fərqi nədə görürsünüz?
-O illərdə bura sükutun, xarabalıqların və kədərin hakim olduğu bir səhra idi. Geriyə baxanda dumanlı bir intizar, böyük bir sükut görürdüm. Bu gün isə həmin sükutu yaran uşaq qəhqəhələri, zəng səsləri və gələcəyin addım səsləri var. Ən böyük fərq bundadır: dünən bura tarixin donub qaldığı yer idi, bu gün isə yenidən başlayan həyatın, ümidin və işığın mərkəzidir.
-Cəbrayılın gələcəyini necə təsəvvür edirsiniz və bu gələcəkdə müəllim kimi özünüzü harada görürsünüz?
-Cəbrayılın gələcəyini elmin, mədəniyyətin, müasirliyin və gülüşlərin çağladığı bir çiçək bağı kimi görürəm. Bu gələcəkdə özümü həmin bağın bağbanı kimi hiss edirəm.
Mən özümü o nurlu Cəbrayılda yetişdirdiyim ziyalı, vətənpərvər, dünyagörüşlü gənclərin qürurunu izləyən, hələ də sinifdə şagirdlərin qarşısında dayanmaqdan yorulmayan bir müəllim kimi görürəm.
-Cəbrayılın işğaldan azad edilməsinin ildönümü ilə bağlı bu torpağın övladı və burada çalışan müəllim kimi nə demək istərdiniz?
-Bu torpaq bizə şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əmanət edilib. Azad Cəbrayılın havasını udmaq böyük bir səadətdir, amma burada təhsil vermək, insan yetişdirmək daha böyük məsuliyyətdir. Bizim ən böyük borcumuz bu azadlığı elmimizlə, savadımızla və yetirdiyimiz parlaq zəkalarla əbədiləşdirməkdir. Cəbrayılın zəfəri mübarək!