Magistratura səviyyəsində hüququn müxtəlif sahələri üzrə ixtisaslaşma mövcuddur, lakin təhsil hüququ sahəsində ixtisaslaşmış hüquqşünaslarımız, demək olar ki, yoxdur.
Maraqlıdır, bunun səbəbi nədir və bu sahə üzrə ixtisaslaşmanın olması nə dərəcədə zəruridir?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev qeyd edib ki, bizdə hüquqşünas vəkil olan kimi bütün sahələr üzrə xidmət göstərə bilir, bilib-bilməməsindən asılı olmayaraq:

“Magistratura səviyyəsində iki istiqamət üzrə qəbul həyata keçirilir. Birinci istiqamət ondan ibarətdir ki, hər bir tələbə bakalavriat səviyyəsində təhsil aldığı ixtisas üzrə və həmin ixtisasa yaxın sahələrdə magistratura təhsili almaq imkanına malikdir. Eyni zamanda, MBA proqramları üzrə də magistratura təhsili almaq mümkündür.
Əslində, təhsil hüququ sahəsi var. Amma bizdə hüquq sahəsində müəyyən problem mövcuddur. Mən özüm hüquq sahəsində təxminən dörd il işləmişəm. Pedaqoq olduğuma görə, təhsil hüququ və “Təhsil haqqında” qanun barədə müəyyən qədər məlumatım var.
Avropada hüquq sahəsi ixtisaslara bölünür. Məsələn, ailə hüququ üzrə fəaliyyət göstərən vəkil ailə hüququ ilə məşğul olur, başqa sahələrdə iş götürmür. Konkret olaraq, həmin şəxsin fəaliyyət sahəsi ailə hüququdur. Eyni zamanda, biri inzibati hüquq, digəri cinayət hüququ, başqası isə mülki hüquq üzrə ixtisaslaşır. Yəni hər bir hüquqşünasın öz fəaliyyət sahəsi var və o, həmin sahə üzrə ixtisaslaşır.
Amma bizdə vəziyyət belə deyil. Hüquqşünas vəkil olan kimi, vəssalam, bütün sahələr üzrə xidmət göstərə bilir. Bilib-bilməməsindən asılı olmayaraq. Müəyyən bir sahə üzrə işi götürür, xidmət göstərməyə başlayır, sonra isə həmin sahədə hansısa maneə və ya problemlə qarşılaşdığını görür.
Bizdə də ixtisaslaşma olmalıdır. Məsələn, mütəmadi olaraq ailə hüququ üzrə xidmət göstərənlər yalnız həmin sahədə fəaliyyət göstərməlidirlər. Cinayət hüququ üzrə ixtisaslaşan şəxs də bu sahədə xidmət göstərməlidir, başqa istiqamətlərdə deyil. Təəssüf ki, bizdə pul qazanmaq və daha çox müştəri cəlb etmək məqsədilə vəkillərin ixtisaslaşması istiqamətində ciddi addımlar atılmır. Hər bir vəkil müraciət edən şəxsin istənilən sahə ilə bağlı müraciətinə uyğun xidmət göstərməyə çalışır.
Əgər ixtisaslaşma olsaydı, təhsil hüququ və təhsil sahəsi üzrə də ayrıca xidmət göstərən hüquqşünaslar olardı. Təəssüf ki, hazırda bu sahədə ixtisaslaşma geniş yayılmayıb. Bununla belə, tanıdığım bir-iki vəkil var ki, təhsil sahəsində xidmət göstərir. Onlar diplomların tanınmaması ilə bağlı məsələlərdə, eləcə də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin qərarlarının məhkəmədə mübahisələndirilməsi prosesində iştirak edir və müsbət nəticələrin əldə olunmasına çalışırlar. Yəni təhsil sahəsi üzrə xidmət göstərən vəkilləri də tanıyıram.
Arzuolunandır ki, hüququn müxtəlif sahələri üzrə ixtisaslaşmış fəaliyyət formalaşsın”.