Türkiyənin İstanbul şəhərində əlverişsiz hava şəraiti ilə əlaqədar bütün təhsil müəssisələrində əyani təhsil dayandırılıb.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul şəhər rəhbərliyi güclü yağışın yaratdığı fəsadlar səbəbindən 15 oktyabr tarixində şəhər üzrə bütün dövlət və özəl təhsil müəssisələrində əyani təhsilə bir gün müddətinə fasilə verilməsi barədə qərar qəbul edib.
Qərarın əsas səbəbi intensiv yağıntıların nəqliyyat da daxil olmaqla, şəhər həyatının müxtəlif sahələrinə mənfi təsir göstərməsidir.
Bununla yanaşı, dövlət müəssisələrində çalışan əlilliyi olan şəxslər, hamilə qadınlar, müharibə veteranları, müharibə əlilləri və 8 yaşından kiçik uşağı olan qadın əməkdaşlar da inzibati məzuniyyətə buraxılıb. Lakin sonuncu kateqoriyaya aid olan və səhiyyə, təhlükəsizlik, eləcə də yağışın fəsadlarının aradan qaldırılması sahələrində çalışan qadınlar bu qərardan istisna edilib.
Yaşı 8-dən az olan əlilliyi olan uşaqları böyüdən işləyən analar isə peşələrindən asılı olmayaraq inzibati məzuniyyətli hesab ediləcəklər.