Azedu.az

“Məzmun deyil, rəqəmlər yaxşılaşdırılır”  - Universitetlərin reytinq yarışındakı RİSKLƏR

Ali təhsil

14 Oktyabr 2026, 17:39
“Məzmun deyil, rəqəmlər yaxşılaşdırılır”  - Universitetlərin reytinq yarışındakı RİSKLƏR

Müasir dövrdə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdəki mövqeyi ölkələrin elmi potensialını, təhsilin keyfiyyətini və qlobal rəqabət qabiliyyətini müəyyən edən mühüm göstəricilərdən biri hesab olunur. Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşması təhsil sahəsində həyata keçirilən islahatların, elmi tədqiqatlara artan diqqətin və beynəlxalq əməkdaşlığın genişlənməsinin nəticəsi kimi qiymətləndirilə bilər.

Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşmasını hansı amillərlə əlaqələndirmək olar? Universitetlərimizin beynəlxalq reytinqlərdə daha yüksək yerlərə yüksəlməsi ölkənin ali təhsil sisteminə hansı üstünlükləri qazandıra bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan Diplomatik Akademiyasında müəllim, Kembric Universitetində kriminologiya üzrə qiyabi doktorant İnqilab Şahbazov qeyd edib ki, ümumiyyətlə, hər hansı bir universitetin beynəlxalq reytinqdə yer alması ilk baxışda sevindirici hal kimi görünə bilər və bəzi hallarda bunun üçün ciddi əsaslar da var:

"Xüsusilə beynəlxalq tələbələrin ölkəyə cəlb olunması baxımından bunu müsbət qiymətləndirmək olar. Lakin mənim üçün maraqlı olan məsələ beynəlxalq reytinqlərin yerli abituriyentlərin seçimlərinə nə dərəcədə təsir etməsidir.

Belə ki, dünənə qədər A, B və C universitetləri həmin reytinq siyahılarında yer almırdı, amma orada minlərlə, on minlərlə tələbə təhsil alırdı. Abituriyentlər universitet seçərkən beynəlxalq reytinqlərə deyil, daha çox həmin ali təhsil müəssisəsinin ölkə daxilindəki nüfuzuna, məzunlarının təcrübəsinə, müəllim heyətinə və universitet haqqında mövcud rəylərə əsaslanırdılar. Yəni ənənəvi olaraq universitetlərin qiymətləndirilməsində əsas meyarlarımız beynəlxalq reytinq cədvəlləri olmayıb. Bu, bizim üçün nisbətən yeni prosesdir. Ona görə də bu reytinqlərin insanların qərarlarına necə təsir etdiyini bilmək mənim üçün maraqlıdır.

Məni narahat edən məqamlardan biri isə bəzi universitetlərin reytinqlərdə yer almaq və mövqelərini yüksəltmək üçün etik olmayan, düzgün sayılmayan, bəzi hallarda isə akademik saxtakarlıq kimi qiymətləndirilə biləcək üsullara əl atmasıdır. Çünki beynəlxalq reytinqlərin özlərinin də ciddi problemləri var. Həmin problemlər məhz bu cür qeyri-etik və ya saxtakarlıq əməllərini tətikləyir.

Şəxsən mənim üçün bir universitetin reytinq cədvəlində 100-cü, 200-cü və ya 1000-ci yerdə olması özlüyündə həlledici göstərici deyil. Hətta bəzən universitetin reytinqdə sürətlə yüksəlməsi məndə suallar yaradır. Görəsən, bu qədər qısa müddətdə hansı dəyişikliklər baş verib ki, universitet belə sürətli irəliləyiş əldə edib?

Beynəlxalq reytinqlərin əsas problemlərindən biri də istifadə olunan indikatorların bir çox hallarda tədrisin və verilən təhsilin real keyfiyyətini ölçməməsidir. Universitetlərdə aparılan tədqiqatların elmi əhəmiyyəti və cəmiyyətə verdiyi fayda bu indikatorlarda lazımi səviyyədə əksini tapmaya bilər. Universitetdəki idarəetmə problemləri, neqativ hallar, akademik azadlığın vəziyyəti, müəllimlər üçün yaradılan şərait, kitabxanaların imkanları və fondlarının zənginliyi kimi məsələlər də ya ümumiyyətlə nəzərə alınmır, ya da qismən qiymətləndirilir.

Mən İngiltərədə tələbə olmuşam və orada inkişaf etmiş universitet mühitini görmək imkanım olub. Sonradan Azərbaycandakı bəzi universitetlərlə müqayisə aparanda aradakı fərqlər insanda suallar yaradır. Necə olur ki, inkişaf səviyyəsi, tədris mühiti və tələbələrə yaradılan imkanlar baxımından ciddi fərqlər olan iki universitet arasında beynəlxalq reytinqdə cəmi 200-300 pillə fərq olur? Hətta bəzən üzümdə təbəssümlə düşünürəm ki, bu fərq də qısa müddətdə aradan qalxa bilər. Gülüncdür. Halbuki universitetlər arasında real keyfiyyət fərqləri kifayət qədər böyükdür.

Burada söhbət reytinqlərdə nəzərə alınmayan, lakin tələbənin təhsilinə, akademik inkişafına və gələcək karyerasına birbaşa təsir edən amillərdən gedir. Mən bunu belə bir analogiya ilə izah edərdim: sizə gözəl təqdim olunmuş, əla görünən bir yemək gətirirlər, amma onun dadını deyil, içində təqdim edildiyi qabın gözəlliyini qiymətləndirməyinizi istəyirlər. Halbuki siz restorana qabı qiymətləndirmək üçün deyil, yemək yemək üçün gəlmisiniz. Burada yemək təhsilin özüdür, qab isə universitetin reytinqdə nəzərə alınan zahiri göstəriciləridir. Qabın görünüşünü yaxşılaşdırmaq yeməyin keyfiyyətini yüksəltməkdən daha asan ola bilər.

Bunu kompüterlə də müqayisə etmək mümkündür. Kompüterin xarici görünüşü çox cəlbedici ola bilər, amma daxilindəki proqram təminatı düzgün işləmirsə, onun görünüşünün nə əhəmiyyəti var? Universitetlərdə də əsas məsələ yalnız zahiri göstəriciləri yaxşılaşdırmaq deyil, təhsilin və elmi fəaliyyətin keyfiyyətini yüksəltməkdir".

Təəssüf ki, bəzi universitetlərdə də buna bənzər yanaşma müşahidə olunur:

"Əsas məzmunu dəyişmək əvəzinə, zahiri göstəriciləri yaxşılaşdırmağa üstünlük verilir. Reytinq təşkilatları isə müəyyən indikatorlara əsasən qiymətləndirmə apardıqda, həmin zahiri dəyişikliklər universitetin mövqeyinə təsir göstərə bilir.

Digər ciddi problem akademik nəşrlərlə bağlıdır. Son illərdə bəzi universitetlərdə müəllimlərin nüfuzlu jurnallarda məqalələrinin dərc olunması barədə xəbərlərə rast gəlirik. Lakin konkret nəşrləri araşdırdıqda bəzən onların elmi etibarlılığı ilə bağlı ciddi suallar yaranır. Müəyyən hallarda söhbət saxta və ya elmi baxımdan etibarsız jurnallardan, müəlliflərin nəşr göstəricilərini süni şəkildə artırmaq cəhdlərindən gedir.

Təəssüf ki, reytinq indikatorları bu cür halları hər zaman lazımi səviyyədə fərqləndirə bilmir. Nəticədə, elmi baxımdan əhəmiyyətli tədqiqatlarla ciddi faydası olmayan, təkrarlanan və ya başqa işlərdən köçürülmüş materiallar əsasında hazırlanan məqalələr eyni göstəricilər çərçivəsində qiymətləndirilə bilər. Başqa sözlə, sanki tərəzi düzgün işləmir.

Məsələn, bir universitetin müəllimi ciddi elmi tədqiqat aparır və nəticələrini nüfuzlu elmi jurnalda dərc etdirir, amma bu, universitetin reytinq mövqeyinə cüzi təsir göstərir. Digər universitetin bir neçə müəllimi isə elmi töhfəsi məhdud olan və ya olmayan, təkrarlanan mövzulara həsr edilmiş məqalələri az tanınan jurnallarda çox sayda dərc etdirir. Nəticədə buna baxmayaraq, həmin universitetin elmi məhsuldarlıq göstəriciləri daha yüksək görünə bilər.

Problem ondadır ki, elmi fəaliyyətin sayı ilə onun keyfiyyəti və cəmiyyətə verdiyi fayda həmişə üst-üstə düşmür. Bununla belə, universitetlərimizin beynəlxalq reytinqlərdə mövqelərini yüksəltməsini yalnız mənfi amillərlə əlaqələndirmək də düzgün olmazdı. Bəzi universitetlərdə həqiqi elmi tədqiqatlara dəstək artırılıb, bu istiqamətdə çalışan alimlər müxtəlif formalarda təşviq olunur. Bu, elmi fəaliyyətə müsbət təsir göstərən və universitetlərin inkişafına təkan verən amildir.

Eyni zamanda, bildiyim qədərilə, universitetlər beynəlxalq reytinq agentlikləri ilə daha fəal əməkdaşlıq edir, tələbələrin karyera imkanları və məzunların məşğulluğu barədə daha çox məlumat toplayaraq həmin qurumlara təqdim edirlər. Bu məlumatların necə toplandığı, nə dərəcədə dəqiq və obyektiv olduğu barədə isə konkret fikir söyləmək çətindir. Burada məlumatların təqdimatında saxtakarlığa yol verilib-verilmədiyini və bütün göstəricilərin nə dərəcədə obyektiv olduğunu ayrıca araşdırmaq lazımdır. Ancaq aydındır ki, reytinq agentlikləri ilə əməkdaşlığın artması universitetlərin həmin siyahılarda görünməsinə və mövqelərinin dəyişməsinə təsir göstərə bilər.

Sonda bu mövzuda yazılanları oxuyanlara tövsiyəm odur ki, universitet seçərkən yalnız ümumi beynəlxalq reytinqə əsaslanmasınlar. Universitetləri qiymətləndirərkən həmin reytinq sistemlərinin subject-based ranking, yəni konkret ixtisas və ya elm sahəsi üzrə reytinq bölməsinə də baxsınlar.

Çünki dünyada elə universitetlər var ki, müəyyən elm sahələri üzrə ixtisaslaşır və bütün istiqamətlərdə təhsil vermir. Məsələn, bir universitetdə humanitar elmlər üzrə proqramlar yoxdursa, onun ümumi reytinqinə baxmaq həmin universitetdə təhsil almaq istəyən şəxsin qərarı üçün kifayət qədər məlumat verməyə bilər. Tələbə tibb və ya mühəndislik ixtisası üzrə təhsil almaq istəyirsə, həmin sahə üzrə universitetin mövqeyi daha əhəmiyyətli göstəricidir.Bunu belə ifadə edərdim: balığa ağaca dırmaşmağı tapşırıb, sonra da bacarmadığına görə onu mənfi qiymətləndirmək düzgün deyil. Eyni qaydada, universiteti fəaliyyət göstərmədiyi və ya əsas ixtisaslaşmasına daxil olmayan sahələr üzrə göstəricilərlə qiymətləndirmək də obyektiv mənzərə yaratmaya bilər.

Əlbəttə, müxtəlif elm sahələri üzrə proqramları olan universitetlər üçün ümumi reytinq də müəyyən məlumat verə bilər. Ancaq mən yenə də konkret ixtisas üzrə reytinqlərə üstünlük verilməsinin tərəfdarıyam. Çünki universitet seçərkən əsas məsələ onun ümumi siyahıda hansı pillədə olması deyil, tələbənin təhsil almaq istədiyi sahədə hansı imkanları və keyfiyyəti təqdim etməsidir".

Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir
Son xəbərlərDaha çox