Son zamanlar cəmiyyətdə müəllimlər üçün magistratura səviyyəsi üzrə təhsilin yaxın illərdə məcburi olacağı ilə bağlı fikirlər dolaşır. Bunun həm magistratura təhsilinə marağı artıracağı, həm də müəllimlərin akademik bilik səviyyəsinin yüksəlməsinə kömək edəcəyi bildirilir.
Qeyd edək ki, beynəlxalq təcrübədə bəzi ölkələrdə pedaqoji fəaliyyətə başlamaq üçün magistr təhsili məcburi xarakter daşıyır. Xüsusən də, Skandinaviya ölkələrində müəllimlərin işəqəbulu çox ağır şərtlər əsasında aparılır və onlar üçün tələb olaraq qoyulan meyarlardan biri də məhz magistr dərəcəsidir. Finlandiya, İsveç nümunəsində magistr dərəcəsi əsas tələblərdən olsa da, bu detal işəqəbul üçün gərgin rəqabətə qəti təsir etmir.
Maraqlıdır, bəs müəllimlər bu barədə nə düşünür?
AzEdu.az mövzu ilə bağlı müəllimlər arasında sorğu keçirib.
Sorğunu təqdim edirik:
Tarix müəllimi Kamran Quliyev qeyd edib ki, magistr dərəcəsinə sahiblənməmək müəllim fəaliyyətinin qarşısını kəsmir:

"Müəllimlik fəaliyyəti üçün bakalavr təhsili kifayətdir. Çünki bu səviyyə üzrə təhsil insana müəyyən imkanlar açır, lazımi bilik bazası verir və onu müəllim kimi yetişdirir. Magistratura təhsili isə daha çox dövlət qurumlarında və digər sahələrdə vəzifədə yüksəlmək, yaxud bir istiqamət üzrə ixtisaslaşmaq baxımından şans yaradır. Lakin orta məktəb müəllimi üçün bu, o qədər də vacib deyil.
Elmi fəaliyyətə gəldikdə isə bəli, magistratura araşdırma aparmaq, elmi məqalə yazmaq üçün imkanlar yaradır və bunların yollarını öyrədir. Amma müəllimin buna xüsusi ehtiyacı yoxdur. Çünki o, elə bakalavr təhsilindən etibarən öz üzərində işləyir, daim araşdırır və yeniliklərə açıqdır.
Ümumilikdə, hər müəllimin magistr təhsili almaq hüququ var. İstədiyi vaxt təhsil alıb öz ixtisasını inkişaf etdirə bilər. Amma məsələ sırf vacibliyə gəldikdə, müəllim işləmək üçün magistr təhsili o qədər də önəmli deyil. Yəni, bu səviyyə üzrə diplomun olmaması müəllimin fəaliyyətinin qarşısını kəsmir".
"İlin gənc müəllimi", ingilis dili müəllimi Gülnaz Abbaslı magistratura səviyyəsi üzrə təhsilin məktəbdə müəllimə heç bir dəstək vermədiyini qeyd edir:

"Mənim özümün magistr təhsilim var. Bundan əlavə, bir çox beynəlxalq sertifikatlarım da var. İkisindən hansı bugün mənə daha çox kömək olur deyə soruşsanız, "beynəlxalq sertifikatlarım" cavabını verərdim.
Magistratura təhsili məktəbdə müəllimə heç bir dəstək vermir. Onun əvəzinə bakalavr təhsilindən sonra məcburi 1 il beynəlxalq səviyyədə müəllimlik ixtisası, müasir metod və üsulların, sinfin idarə edilməsi, qiymətləndirmə, şagirdlərin, müəllimlərin psixoloji vəziyyətləri və s. barədə pedaqoji, metodik və psixologiya ilə bağlı kurslar keçirilsə və möhkəmlənsə, məktəb üçün daha faydalı olar".
"Örnək müəllim", kimya müəllimi Zamin Allahverdiyevin sözlərinə görə, müəllimin elmi-metodik hazırlığının dərinləşməsi, tədqiqat və təhlil bacarıqlarının inkişaf etdirilməsi müsbət haldır:

"Bu məsələyə təkcə akademik pillənin artırılması kimi deyil, təhsilin real keyfiyyəti və kadr balansı prizmasından yanaşmaq lazımdır. Müəllimin elmi-metodik hazırlığının dərinləşməsi, tədqiqat və təhlil bacarıqlarının inkişaf etdirilməsi müsbət haldır. Xüsusilə yuxarı siniflərdə və dərinləşdirilmiş tədrisdə bu yanaşma dərsin elmi əsasını gücləndirə bilər. Lakin magistratura təhsilinin hamı üçün inzibati qaydada məcburi edilməsini indiki mərhələdə doğru hesab etmirəm. Çünki diplomun sayı avtomatik olaraq dərsin keyfiyyətini yüksəltmir.
Magistraturanın məcburi olmasını müdafiə edənlərə bildirmək istərdim ki, elmi bilik və analitik bacarıqların artması ilə razılaşıram, amma məsələ ondadır ki, yaxşı müəllim olmaq yalnız nəzəri biliklə ölçülmür. Məktəbdə uğurlu dərs sinfin idarə olunmasından, şagirdin yaş və psixoloji xüsusiyyətlərini düzgün qiymətləndirməkdən, mürəkkəb fikri sadə və anlaşılan dildə çatdırmaqdan asılıdır. Bundan əlavə, magistratura proqramları məktəb praktikası və müasir tədris metodikası ilə kifayət qədər sıx bağlı olmadıqda, təhsil formal xarakter ala bilər. Belə halda müəllim vaxt və resurs sərf edir, lakin şagirdin parta arxasındakı nəticəsi eyni qalır.
Sərt məcburiyyət tətbiq olunarsa, təhsil sistemində hansı risklər yarana bilər?
Birinci risk kadr balansı və bölgə fərqləri ilə bağlıdır. Xüsusilə kənd və ucqar məktəblərdə, eləcə də bəzi fənlər üzrə mövcud kadr çatışmazlığı fonunda sərt tələblər sistemdən uzaqlaşma hallarını artıra bilər.
İkinci risk işləyən müəllimlər üçün vaxt, maliyyə və sosial yükün artmasıdır; dərs yükü və ailə məsuliyyəti olan müəllim üçün əlavə təhsil prosesi çətinlik yaradır. Üçüncü risk isə tələsin keyfiyyət əvəzinə formal diplom' mərhələsinə keçməsidir".
Məcburiyyət diplom sayını artıra bilər, amma dərsin keyfiyyətini yalnız peşəkar hazırlıq, praktik bacarıq və düzgün stimullar artırır:
"Məcburiyyət əvəzinə stimullaşdırıcı və çevik mexanizmlər işləməlidir. Magistratura təhsili alan və ya bitirən müəllimlərə əməkhaqqı əlavələri, karyera və sertifikasiya üstünlükləri verilsə, maraq inzibati göstərişlə yox, real fayda ilə formalaşar. Eyni zamanda, proqramlar praktik yönümlü qurulmalı, qısamüddətli və məqsədli metodik təlimlər, eləcə də mövcud peşəkar qiymətləndirmə alətləri paralel şəkildə inkişaf etdirilməlidir. Müəllim peşəsinin nüfuzu və əməyin qiymətləndirilməsi artdıqca, davamlı inkişaf da öz bəhrəsini verəcək.
Uzunmüddətli perspektivdə təhsil sisteminin inkişafı çərçivəsində müxtəlif modellər müzakirə oluna bilər. Amma bu, yalnız müəllimlərin sosial-iqtisadi vəziyyəti və əməkhaqqı səviyyəsi rəqabətqabiliyyətli olandan, kadr təminatı sabitləşəndən və magistratura proqramlarının praktik keyfiyyəti tam təmin edildikdən sonra real məna daşıya bilər".
"Örnək müəllim", informatika müəllimi Brilliyant Aslanova orta məktəb müəllimini bu qədər müsabiqə və imtahan proseslərindən - MİQ-dən, sertifikasiyadan keçirdikdən sonra üstünə bir də magistratura yükünün əlavə olunmasını doğru hesab etmir:

"Bu düşüncələri ədalətli yanaşma hesab etmirəm; əlbəttə ki, subyektiv fikrimdir. Çünki müəllimlər arasında subbakalavr (orta ixtisas) təhsilli olub sertifikasiyada yüksək nəticə göstərənləri də bilirik: onlardan biri də mənəm. Ağcabədi Pedaqoji Kollecinin informatika müəllimliyi ixtisasını bitirmişəm. Daha sonra ADPU-nun Ağcabədi filialında riyaziyyat-informatika fakültəsinə qəbul oldum. Lakin təəssüf ki, distant və ya qiyabi təhsil forması olmadığı üçün təhsilimi davam etdirə bilmirəm.
Bildiyiniz kimi, magistratura imtahanında yalnız ali təhsilli müəllimlər iştirak edə bilir. Bəs bizim kimi müəllimlərin taleyi necə olacaq, haqlarımızı kim müdafiə edəcək?! Bu, mənə çox maraqlıdır. Axı kolleci bitirənlə universiteti bitirənin qiymətləndirilməsində fərq yox idi: biz ali təhsilli müəllimlərlə eyni MİQ və sertifikasiya imtahanlarında iştirak edirik. Həm öz adımdan, həm də digər kollec məzunu olan müəllimlərin adından deyirəm ki, aramızda universitet məzunlarından yüksək bal toplayanlar da var.
Orta ixtisas təhsilli müəllimləri bir kənara qoyaq, tutaq ki, ali təhsilli coğrafiya müəllimi magistratura oxusa, bu ona hansı üstünlüklər qazandıracaq?! Bunu anlaya bilmirəm. Çünki insan öz sahəsini dərindən bilməli və getdikcə inkişaf etdirməlidir. Elm işıq sürəti ilə irəliləyir, hər il yeni kitablar çıxır".
Müəllimin metodikasında dəyişiklik ola bilər, çünki müasir şagirdlə ayaqlaşmalıyıq:
"Bugünkü şagirdlərin düşüncə və məsələlərə yanaşma tərzi bizdən xeyli fərqlidir, onların zehni daha sürətli işləyir. Onlara faydalı olmaq üçün özümüz də çalışmalıyıq. Yoxsa, məsələn, ixtisası ilə birbaşa əlaqəsi olmayan coğrafiya müəlliminin magistraturaya hazırlaşmaq üçün məntiq, informatika və xarici dil öyrənməsi onun fənninin tədrisinə nə verəcək? Bu məqsədi tam başa düşmürəm.
Bir daha qeyd edirəm ki, bu, mənim subyektiv fikrimdir və bu yanaşmanı müsbət qarşılamıram. Əgər belə bir tələb qoyulursa, əvvəlcə biz subbakalavrlara bakalavr təhsili almaq üçün şərait yaradılmalıdır. MÜəyyən vəzifələrdə çalışan şəxslər üçün magistraturanın vacibliyini haradasa anlamaq olar. Amma orta məktəb müəllimini bu qədər imtahandan MİQ-dən, sertifikasiyadan keçirdikdən sonra üstünə bir də magistratura yükünü əlavə etmək nə dərəcədə doğrudur? Magistratura oxuyan müəllimin Azərbaycan şagirdinə qazandıracağı əsas üstünlük nə olacaq? Şagird üçün bunun real faydasını görmürəm".
"Örnək müəllim", riyaziyyat müəllimi Murad Rəsulzadənin sözlərinə görə, magistr təhsili olmayan müəllimlər belə sertifikasiya imtahanlarında yüksək nəticələr göstərdilər:

"Fikrimcə, müəllimlərin peşəkarlığının artırılması vacib bir məsələdir. Amma bunun yeganə yolu olaraq magistraturanın məcburi olacağını düşünmürəm.
Magistratura təhsili önəmli bir mərhələdir. Müəllimin magistratura təhsili olmasa belə, öz fənnini daha dərindən öyrənə, müasir tədris metodları ilə tanış olub tədqiqat bacarıqlarını özü də qazana bilər.
Magistratura təhsilinin bu gün müəllimlər arasında bir o qədər də geniş yayıldığını düşünmürəm. Çünki ən azından müəllimlərin iş yükü son dövrlərdə o qədər çoxdur ki, sənədləşmə işləri, digər dərslər və dərsə hazırlıq müddəti çox böyük olduğuna görə müəllimlər istəsələr belə, magistratura təhsilinə bir az vaxt ayırmaqda çətinlik çəkirlər.
Həmçinin, magistratura təhsilinin məktəbdə bir üstünlük qazandırmadığı üçün - tutaq ki, müəllimləri daha çox motivasiya edən əməkhaqqısına heç bir əlavə təsir göstərmədiyinə görə həmkarlarımızın da bu dərəcəyə sahiblənməsinə bir o qədər marağı yoxdur.
Lakin magistratura təhsili olmasa belə, müəllimlər özlərini inkişaf etdirirlər və sertifikasiyanın nəticələrində də biz bunu gördük ki, magistr təhsili olmayan müəllimlər belə sertifikasiya imtahanlarında yüksək nəticələr göstərdilər.
Mənim düşüncəmə görə, magistratura təhsilinin məcburi olmağı önəmli deyil. Əsas odur ki, müəllimin özünün araşdırma, tədqiqat aparma bacarığı yaxşı olsun bu ona kifayət edir".
"Örnək müəllim", fizika müəllimi Təhminə Hüseynova da magistratura təhsili alan müəllimin digər bakalavr təhsili alan həmkarlarından daha yaxşı tədris edə biləcəyini düşünmür:

"Magistratura təhsili müəllimin şəxsi və peşəkar inkişafı, ixtisasını daha dərindən bilməsi baxımından yaxşı olardı. Amma ümumtəhsil məktəblərində dərs deyən müəllimlər üçün magistratura təhsilinin mütləq şəkildə lazım olduğunu düşünmürəm.
Müəllim öz üzərində çalışmalıdır. Dərsə gələndə ilk növbədə keçəcəyi mövzu üzərində işləməli, şagirdlərə hansı yenilikləri öyrədə biləcəyini düşünməlidir. O, fənni uşaqlara daha səmərəli üsullarla mənimsətməyin yollarını tapmalı, bu yöndə özünü inkişaf etdirməlidir hər bir müəllim daim inkişafa açıq olmalıdır. Amma bu, ona əsas vermir ki, hansısa müəllim magistratura təhsili alandan sonra dərsini daha yaxşı keçəcək.
Təcrübələrimdə də görmüşəm ki, kollec diplomu almış müəllim daha çox çalışır, öz üzərində işləyir: "Mən bu mövzunu uşaqlara hansı formada daha asan mənimsədə bilərəm?" deyə düşünür və hər gün dərsinə hazırlıqlı gəlir. İnandırım sizi ki, o, dərsi magistratura təhsili alan müəllimdən milyon dəfə daha yaxşı hazırlaya, keçə və fənni uşaqlara mənimsədə bilir.
Amma magistratura təhsili almış müəllim öz fənnini elə formada keçir, elə formada izah edir, mövzu o qədər çətinləşmiş hala gəlir ki, uşaq ümumiyyətlə müəllimin nə danışdığını başa düşmür. Səmimi şəkildə demək istəyirəm ki, magistratura təhsili alan müəllimin digər bakalavr təhsili alan müəllimlərdən daha yaxşı tədris edə biləcəyini düşünmürəm. Magistratura təhsili almış müəllimin daha yaxşı müəllim olduğunu deyə bilmərəm. Mən belə düşünürəm".
Qeyd edək ki, təhsilverənlərin fəaliyyətində magistr dərəcəsinin vacibliyi məsələsi rəsmi müstəvidə deyil, əsasən təhsil ictimaiyyəti arasında müzakirə olunur.