Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan psixoloq vəzifəsinə işə qəbul müsabiqəsinə start verilir.
Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən psixologiya üzrə ali təhsilli namizədlər 27 noyabr tarixindən 10 dekabr 2026-cı il tarixinədək şəxsiyyət vəsiqəsinin, diplomun, əmək kitabçasının surətlərini (namizəd şəhid ailəsinin üzvüdürsə vəsiqənin surətini) yaşadıqları ərazi üzrə Təhsil Şöbələrinə təqdim edərək qeydiyyatdan keçə bilərlər.
Müsabiqə 4 mərhələdən (qeydiyyat, test, müsahibə və vakant yer üzrə yerləşdirmə mərhələsi) ibarətdir.
Müraciət edənlərin şəxsi məlumatlarının uyğunluğu yoxlandıqdan sonra namizədlər test mərhələsinə buraxılacaqlar. Test mərhələsində hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim ediləcək. Test suallarının 70 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.
Müsahibədə namizədlərin vəzifə bilikləri, peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq meyarlar əsasında 5 ballıq şkala ilə müvafiq komissiya tərəfindən yoxlanılacaq. Namizədlər meyarlar üzrə ortalama 2,5 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılacaqlar.
Müsabiqə şərtləri ilə bağlı məlumat //l24.im/l1KUHC linkində, proqramla bağlı məlumat //l24.im/WsdOgLo linkində vakant olan vəzifələrlə bağlı məlumat isə //l24.im/zOmYt linkində yerləşdirilib.