Kembric Universitetinin professoru Jason Ardayın plagiatda ittiham olunan elmi məqaləsi araşdırılıb və akademik standartlara uyğun olduğu müəyyən edilib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Belçikanın Gent Universitetində çalışan ABŞ-li tədqiqatçı Nathan Cofnas Ardayı plagiatda ittiham etmişdi.
BBC-nin məlumatına görə, Queen's Belfast Universiteti Ardayın Kembric Universitetindəki vəzifəsindən istefa verməsindən sonra onun elmi işi ilə bağlı başladığı araşdırmanı yekunlaşdırıb.
Universitetin nümayəndəsi bildirib ki, araşdırma nəticəsində məqalənin tələb olunan akademik standartlara cavab verdiyi və dərc olunmasında hər hansı problem olmadığı qənaətinə gəlinib.
Ardayın 2015-ci ildə doktorluq dərəcəsi aldığı Liverpul Con Murs Universiteti də onun elmi işlərində plagiat faktı aşkarlamayıb.
Qeyd edək ki, 2023-cü ildə 37 yaşında Kembric Universitetinin ən gənc qaradərili professoru olan Jason Arday vəzifəsindən istefa verdikdən qısa müddət sonra, avqust ayında evində ölü tapılıb.
Gent Universitetində doktoranturadan sonrakı tədqiqatçı kimi çalışan Nathan Cofnas iyulun 21-də “Substack” platformasında yayımladığı yazıda Ardayı plagiatda ittiham etmişdi.
Gent Universiteti Ardayın ölümündən sonra avqustun 20-də Cofnası vəzifəsindən uzaqlaşdırıb. Daha sonra o, yenidən vəzifəsinə qaytarılıb, lakin üç ay müddətinə dərs deməsi qadağan edilib.
Özünü “irq realist” adlandıran və irqlər arasında orta intellekt səviyyəsindəki fərqlərdə genetik amillərin rol oynadığını müdafiə edən Cofnasın Gent Universitetində işə qəbul edilməsinə qarşı may ayında 2 mindən çox tələbə imza kampaniyasına qoşulub.
Belçikanın müstəqil bərabər imkanlar mərkəzi Unia isə oktyabr ayında Cofnasın ölkənin irqçiliklə mübarizə qanununu dəfələrlə pozduğunu hesab etdiyi açıqlamaları ilə bağlı onun barəsində cinayət işi başlanması üçün müraciət etməyi planlaşdırdığını açıqlayıb.