Abşeron rayonunun Hökməli, Güzdək və Qobu qəsəbələrində yerləşən bir sıra ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi ilə “Dəmir yolundan böyük imkanlara doğru” adlı maarifləndirici tədbir təşkil olunub.
AzEdu.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Nigar Məmmədova məlumat verib.
Deputat bildirib ki, tədbirin əsas məqsədi məktəblilərin dünyagörüşünü zənginləşdirmək, onları ölkəmizin nəqliyyat infrastrukturu, dəmir yollarının tarixi və inkişafı ilə yaxından tanış etmək, həmçinin gələcək peşə seçimləri ilə bağlı maraqlarının formalaşmasına töhfə verməkdir.
Tədbir çərçivəsində ilk olaraq məktəblilər “Azərbaycan Dəmir Yolları” QSC-nin Dəmir Yolu Muzeyi ilə tanış olublar. Burada şagirdlər dəmir yollarının yaranma tarixi, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişaf mərhələləri, müxtəlif dövrlərə aid eksponatlar və dəmir yolu sisteminin fəaliyyəti haqqında ətraflı məlumat əldə ediblər. Muzeydə nümayiş etdirilən tarixi materiallar və eksponatlar şagirdlərə dəmir yolu nəqliyyatının keçmişi və bu günü ilə yaxından tanış olmaq imkanı yaradıb.
Ekskursiyanın növbəti ünvanı Bakı Dəmir Yolu Vağzalı olub. Məktəblilər vağzalın fəaliyyəti, sərnişinlərə göstərilən xidmətlər, qatarların hərəkətinin təşkili və dəmir yolu nəqliyyatında təhlükəsizlik qaydaları ilə tanış olublar. Onlara müasir dəmir yolu infrastrukturunun imkanları, sərnişindaşıma prosesinin təşkili və bu sahədə çalışan mütəxəssislərin fəaliyyəti barədə məlumat verilib.
Deputat qeyd edib ki, bu cür maarifləndirici təşəbbüslər uşaqların yeni biliklər əldə etməsinə, ölkəmizin tarixi və müasir inkişafı ilə yaxından tanış olmasına, eyni zamanda gələcək peşə seçimləri ilə bağlı yeni imkanlar kəşf etməsinə şərait yaradır.
İnanırıq ki, bu gün dəmir yollarının sehrli dünyasına səyahət edən məktəblilər gələcəkdə ölkəmizin nəqliyyat və infrastruktur sahəsinin inkişafına töhfə verən mütəxəssislər sırasına qoşulacaqlar!