Uşaqlıq illərində formalaşan qidalanma vərdişləri yeniyetməlik dövründə sağlamlıq göstəriciləri ilə əlaqəli ola bilər. Avropanın altı ölkəsində aparılan beynəlxalq araşdırma uşaqlıq dövründə sağlam qidalanan uşaqların yeniyetməlikdə metabolik sindrom risk göstəricilərinin daha aşağı olduğunu üzə çıxarıb.
AzEdu.az xəbər verir ki, tədqiqatın nəticələri Clinical Nutrition elmi jurnalında dərc olunub.
Araşdırma Norveç İctimai Səhiyyə İnstitutu, Barselona Qlobal Sağlamlıq İnstitutu (ISGlobal), Vytautas Magnus Universiteti və digər elmi qurumların mütəxəssislərinin iştirakı ilə aparılıb. Alimlər Fransa, Yunanıstan, Litva, Norveç, İspaniya və Böyük Britaniyadan olan 1663 ana-uşaq cütlüyünün məlumatlarını təhlil ediblər. Onlardan 864 nəfəri yeniyetməlik dövründə də müşahidəyə cəlb olunub.
Tədqiqat çərçivəsində anaların hamiləlik dövründə, uşaqların isə 5–12 yaşlarında və yeniyetməlik mərhələsində: 12-18 yaşlarında qidalanma xüsusiyyətləri qiymətləndirilib. Nəticələr göstərib ki, uşaqlıq dövründəki qidalanma keyfiyyəti yeniyetməlikdəki qidalanma vərdişləri ilə daha güclü əlaqəyə malikdir. Başqa sözlə, erkən yaşlarda formalaşan sağlam qidalanma vərdişləri sonrakı illərdə də davam etməyə meyillidir.
Alimlər həmçinin müəyyən ediblər ki, uşaqlıq dövründə daha sağlam qidalanan iştirakçıların yeniyetməlikdə metabolik sindrom riskini əks etdirən göstəriciləri daha əlverişli olub. Bu göstərici qarın çevrəsi, qan təzyiqi, insulin, triqliseridlər və HDL xolesterin səviyyəsi əsasında hesablanıb.
Maraqlıdır ki, araşdırmada anaların hamiləlik dövründəki qidalanma keyfiyyəti ilə övladlarının yeniyetməlikdəki qidalanması arasında əlaqə zəif olub. Uşaqlıq dövründəki qidalanma isə yeniyetməlik vərdişləri ilə daha aydın əlaqə göstərib.
Tədqiqat müəllifləri uşaqların sağlam qidalanmasının ailə və məktəb mühitində dəstəklənməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, araşdırma müşahidə xarakteri daşıyır. Buna görə də nəticələr qidalanmanın metabolik sağlamlığa birbaşa səbəb olduğunu sübut etmir. Müəlliflər həmçinin metabolik sindrom risk göstəricisinin klinik diaqnoz olmadığını bildirirlər.