Azedu.az

Dünya qaynayır: Qlobal temperaturda tarixi rekord

Maraqlı

26 Noyabr 2026, 11:54
Dünya qaynayır: Qlobal temperaturda tarixi rekord

Dünyada qlobal temperatur sənaye dövründən əvvəlki göstəricilərlə müqayisədə 2 dərəcədən çox yüksəlib. Alimlər temperaturun uzun müddət bu səviyyədə qalmasının iqlim böhranını daha da sürətləndirə biləcəyi barədə xəbərdarlıq edirlər.

AzEdu.az xəbər verir ki, “Copernicus” İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, dünya tarixdə ilk dəfə ardıcıl 6 gün ərzində sənaye dövründən əvvəlki temperatur göstəricilərini 2 dərəcədən çox üstələyib.

Məlumata əsasən, qlobal səth temperaturu bazar ertəsi günü 2,24 dərəcə artaraq indiyədək qeydə alınan ən yüksək səviyyəyə çatıb. Proqnozlara görə, temperaturun bir neçə gün də bu həddə yaxın qalacağı gözlənilir.

Alimlər bildirirlər ki, bu göstərici Paris İqlim Sazişində müəyyən edilmiş uzunmüddətli temperatur həddinin aşılması demək deyil. Bununla belə, rekord temperatur iqlim böhranının miqyasını göstərir.

“Copernicus” İqlim Dəyişikliyi Xidmətinin iqlim strategiyası üzrə məsul şəxsi Samanta Burgess qlobal temperaturun aylardır rekord səviyyədə olduğunu qeyd edib.

Temperaturun gündəlik olaraq 2 dərəcəni aşdığı daha əvvəl 2023-cü ilin noyabrında və 2024-cü ilin fevralında da qeydə alınıb. Lakin həmin dövrlərdə istilik indiki rekord qədər uzun müddət davam etməyib.

Alimlər temperaturun yüksəlməsinin əsas səbəbləri kimi fosil yanacaqlardan istifadə nəticəsində yaranan qlobal istiləşməni və güclü El-Ninyo hadisəsini göstərirlər. El-Ninyonun yanvar ayında pik həddə çatacağı, təsirlərinin isə qarşıdakı aylarda daha aydın hiss olunacağı gözlənilir.

Artan temperatur İndoneziya və Amazon yağış meşələrində quraqlıq və yanğın riskini də artırır. Böyük Britaniyanın Meteorologiya Xidməti tropik bölgələrdə quraqlığın bitkilərin atmosferdən daha az karbon udmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Bu isə atmosferdə karbon qazının artımını sürətləndirə bilər.

Mütəxəssislər həddindən artıq istilərin hava hadisələrini daha şiddətli və ölümcül etdiyini bildirirlər. Bu il Avropa İttifaqında yay aylarında qeydə alınan rekord istilərin 50 mindən çox, İngiltərədə isə təxminən 5 min nəfərin ölümünə səbəb olduğu ehtimal edilir.

Alimlər hökumətləri əhalini ekstremal istilərə hazırlamağa və istixana qazı emissiyalarının azaldılması istiqamətində tədbirləri sürətləndirməyə çağırırlar.

TƏCİLİ! İran Naxçıvanla sərhədə qoşun yığdı - Şok görüntülər
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox