Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin əsas missiyalarından biri yalnız bilik və bacarıqların qiymətləndirilməsi yox, həm də əməkhaqqısına müəyyən əlavələr edilməklə müəllim üçün stimullaşdırıcı rol oynamasıdır.
Dünyanın bir çox ölkələrində müəllimlər üçün xüsusi qiymətləndirici müsabiqələr təşkil olunur. Bu müsabiqələr göstərilən nəticələr hesabına müəllim karyerası ilə bağlı ciddi addımlar ata, yeni iş yerinə sahiblənə bilər. Bundan əlavə, ən əsası, maaşının artırılmasına da yüksək səviyyədə nail ola bilər.
Beynəlxalq təcrübədə sertifikatlaşdırılma və bu qəbildən olan qiymətləndirici müsabiqələr üçün əsasən üç model təklif olunur:
-Sertifikatlaşdırmadan keçən müəllimə birbaşa əməkhaqqı əlavəsi verilməsi;
-Müəllimin peşəkar kvalifikasiya pilləsi yüksəldikcə maaşının artırılması;
-Qiymətləndirmə nəticələrinin karyera yüksəlişinə və daha yüksək maaş pilləsinə keçidə təsir etməsi.
Göründüyü kimi, modellərin vahid ortaq nöqtəsi maaşla bağlıdır. Modellərdən hansı birinin tətbiq olunmasına baxmayaraq, hər üçü müəllimin maaş artımına bu və ya digər üsullarla təsir edir.
Azərbaycan nümunəsində sertifikasiyanın müəllim maaşına təsiri iki qaydada həyata keçirilir: maksimim 60 baldan 30 və daha yüksək bal toplayanların əmək haqqısına 10%, 51-60 ballıq nəticə göstərənlərin isə 35% artım edilir.
AzEdu.az xəbər verir ki, dünya təcrübəsində sertifikasiyanın maaşa təsirini özündə əks etdirən bir neçə maraqlı nümunələr var. Məsələn, Qazaxıstan nümunəsindəki sertifikasiya prosesi bizə forma və məzmununa görə ən yaxın olanıdır. Lakin bu yaxınlıqla yanaşı, nəticələrə görə maaş artımında müəyyən fərqlər var: burada minimal göstərici 30, maksimal göstərici isə 50%-dir. Həmçinin, maaşların artım əlavəsi təkcə imtahan nəticəsinə görə müəyyənləşmir. Maaş artımı müəllimlər peşəkar kvalifikasiya uyğun olaraq dörd əsas kateqoriya üzrə müəyyənləşir: pedaqoq-moderator – 30%, pedaqoq-ekspert-35%, pedaqoq-tədqiqatçı-40%, pedaqoq-master – 50%.
Bu əlavələr müəllimin faktiki dərs yükü nəzərə alınmaqla vəzifə maaşına tətbiq edilir. Kateqoriyanın əldə olunması attestasiya və müvafiq peşəkar qiymətləndirmə prosedurları ilə əlaqəlidir. Qısaca desək, müəllimlər sertifikasiya tipli qiymətləndirmə müsabiqəsinə məhz dərəcələrini artırmaq məqsədilə müraciət edirlər. Dərəcə artımı isə təbii ki, həm də maaşa əlavə deməkdir.
Türkiyə nümunəsində də təşkil olunan müəllimlərin sertifikatlaşdırılması prosesi peşəkar inkişaf müəllimin karyera yüksəlişi kimi də başa düşülə bilər. Burada da maaşlara edilən əlavələr müəllimin karyera inkişafındakı irəliləmələrə görə müəyyənləşir. Müəllimlərin peşəkar inkişafı üç əsas karyera pilləsi üzrə təşkil olunur: müəllim; mütəxəssis müəllim, baş müəllim.
Türkiyədə müəllimlik peşəsi haqqında qanunla karyera pillələrinin hüquqi çərçivəsinə əsasən, mütəxəssis müəllim statusu üçün müəyyən xidmət müddəti və müvafiq təlim şərtləri, baş müəllim statusu üçün isə əlavə xidmət müddəti və təlim tələbləri nəzərdə tutulur.
Bu statuslar əməkhaqqı sistemində karyera səviyyəsinə görə əlavə ödənişlərə təsir göstərir. Bundan başqa, təhsil səviyyəsi və xidmət stajı da maaş hesablanmasında nəzərə alınır. Bir sözlə, qardaş Türkiyədə də müəllim işləyən şəxs sertifikasiydan karyera pillələrini fəth etmək üçün keçir. Hər pillə irəlilədikcə bir o qədər də maaşında əlavələrə nail olur.
İndoneziyada vəziyyət fərqlidir. Burada sertifikasiya nəticəsi zaman müəllimin maaşına edilən əlavə onun dərəcəsinə görə yox, təhsilverənin cari əmək haqqısına görə müəyyənləşir.
Kolumbiya və Çili kimi coğrafi cəhətdən bizə çox uzaq olan ölkələrdə də qiymətləndirmədən sonra maaşa olan əlavələr müəllimin qazandığı dərəcəyə görə müəyyənləşir.
Avropada müəllimlərin sertifikatlaşdırılması avtomatik olaraq maaş artımı demək deyil. “Qoca qitə”nin bəzi ölkələrdə qiymətləndirmə karyera pilləsi, dərəcələnmə və maaş artımına təsir edir. Bəzilərində, isə sertifikasiyada məqsəd sadəcə, peşəkar inkişafın təmin edilməsidir.
PİSA-nın 2026-cı il üçün qiymətləndirilməsində 20 ölkənin yalnız 7-də sertifikasiyanın maaşa təsiri müəyyənləşib.
Təhsili yüksək inkişaf edən Estoniyada qiymətləndirmə nəticəsi maaş artımına ciddi təsir göstərir. Lakin burada müəllimlər bizdə olduğu kimi sertifikasiyanın test imtahanı və müsahibə mərhələsindən keçmirlər. Təhsilə daha praktiki proses kimi yanaşan Estoniyada müəllimlər də qiymətləndirmənin tətbiqi əsaslarından keçməli olurlar. Daha yüksək peşəkar səviyyələrə yüksəlmək üçün əvvəlcə öz fəaliyyətlərini əks etdirən portfolio hazırlayırlar. Daha sonrakı mərhələ isə özünüqiymətləndirməni aparır, dərs planlarını və pedaqoji iş nümunələrini təqdim edirlər. Ən sonda isə üç nəfərdən ibarət komissiya qarşısında müsahibədən keçirlər.
Daha yüksək karyera səviyyəsində sertifikat alan müəllimlər üçün maaş artımı təmin olunur. Artımın konkret məbləği isə yerli idarəetmə orqanlarının əməkhaqqı büdcəsindən asılıdır.