Azedu.az

Hər il on minlərlə azyaşlının təhsil həyatı  necə zədələnir? - SƏBƏBLƏR

AzEdu Təhsil Analitika Mərkəzi

8 Oktyabr 2026, 17:28
Hər il on minlərlə azyaşlının təhsil həyatı  necə zədələnir? - SƏBƏBLƏR

2026-cı ilin əvvəllinə olan rəsmi statistikaya əsasən, hazırda ölkədə 1872 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 164-ü özəl, 1708-i isə dövlət məktəbəqədər təhsil müəssisələridirlər. Bu müəssisələrdə ümumilikdə təhsil alan azyaşlıların say göstəricisi isə 115 mindir. Son iki il ərzində məktəbəqədər təhsil müəssisələri və oradakı uşaq sayının artım nisbəti 3%-ə qədərdir.

Lakin yenə də statistikaya əsasən, hazırda bağçalara getməli olan hər 4 uşaqdan yalnız biri bu şansı əldə etmiş olur. Bu isə yerdə qalan digər 3 azyaşlının isə bir sıra zəruri imkanlardan məhrum olunması deməkdir.

Məktəbəqədər təhsil proqramı (başqa sözlə desək, kurikulumu) inteqrativ xarakter daşıyır. Bu, ilk növbədə, uşağın ibtidai təhsilə hazırlanması, şəxsiyyətinin formalaşması, onda sadə həyati bacarıqların inkişafı ilə bağlıdır. Verilən standartlar biri digərini tamamlamaq, möhkəmləndirmək, davam etdirmək baxımından ardıcıllıqla verilir.

Məktəbəqədər təhsilin yaş səviyyələri üzrə müxtəlif inkişaf istiqamətləri bu sahənin mahiyyəti və missiyasını özündə tam şəkildə əhatə edir:

  • zehni inkişaf;
  • estetik və  yaradıcı inkişaf;
  • sosial-emosional inkişaf.
  • fiziki inkişaf və təhlükəsizlik.

Məktəbəqədər təhsil pilləsinə aid olan bütün proseslər ən sonda adıçəkilən 4 inkişaf istiqamətini realizə etmək məqsədi daşıyır. Yerli məktəbəqədər təhsil mühitini özündə əks etdirən "Məktəbəqədər tədrisin kurikulumu"nda əksini tapan inkişaf istiqamətləri təsnifatına görə dünyanın bir çox ölkələrinin yanaşmaları ilə  nəzəri aspektdən  eynilik təşkil edir. Lakin prosesin praktiki və tətbiqi yönləri arasında xeyli fərqlər mövcuddur.

Məktəbəqədər tədrisin məzmununu təşkil edən didaktik prinsiplər də adıçəkilən inkişaf istiqamətlərinin yüksək səviyyədə həyata keçməsinə zəmin yaradır. Ən son  mərhələdə istər məzmunu müəyyənləşdirən didaktik prinsiplərin, istərsə də inkişaf istiqamətlərinin nəticə olaraq bir missiyası var: şəxsiyyətin formalaşmasında ilkin bünövrənin uğurla qurulması və bu mexanizmin fərd üçün  ömürboyu inkişaf edən xətt olaraq hərəkəti.

Məktəbəqədər tədrisin məzmununu formalaşdıran didaktik prinsiplər (nəticəyönümlülük, uşaqyönümlülük, şəxsiyyətyönümlülük, tələbyönümlülük, inteqrativlik, azərbaycançılıq və s.) müxtəlif yaş qruplarına aid olan bağça şagirdlərinin qavrayış, yaradıcı düşüncə, analizetmə, qərarvermə kimi bacarıqlarının inkişafına təkan verir.

ƏN CİDDİ PROBLEM

Hazırda Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində oxumalı olan uşaqların sayı 450.000-ə qədərdir. Lakin o qədər də çox olmayan, tələbatdan bir xeyli geri qalan say göstəricilərinin müqabilində orada çalışan  mütəxəssislərin bir çoxunun peşə yararsızlığının müəyyənləşdirilməsi ikiqat problem kimi dəyərləndirilməlidir. Bu isə o deməkdir ki, 300 mindən çox azyaşlı yuxarıda sadalanan faydalı kodekslərdən məhsum olmuş olurlar. Təhsilin zəncirvari proses olduğunu nəzərə alsaq, ilkin inkişaf mərhələsinin aşınması sonrakı səviyyələrə də ciddi təsir edir. Yəni, təqdim olunan rəqəmlər- bağçalara gedə bilməyən uşaqların say göstəricisi əslində daha ciddi problemə də toxunur. Bu həm də o anlamda oxunula bilər – Hər il nə qədər azyaşlı təhsilin təməl imkanlarından məhrum qalır?

Bəs, azyaşlıları bağçadan məhrum edən səbəblər hansılardır?

İlk növbədə təbii ki, müəssisələrin sayının azlığı - Bu, tələbatın maksimum cəmi, 20 faizini ödəyir.

Müəssisələrdə çalışan idarəçi, metodist və tərbiyəçilərin bir çoxunun qeyri-ixtisas sahibləri olması və bu səbəbdən peşə yararlığına tam cavab verə bilməmələri. Bu amil valideynlərdə bağçalarla bağlı inamsız yanaşma yaratmaqla onları fərqli seçimlə üz-üzə qoyur.

Müəssisələrdəki tədrisin şəxsiyyətin formalaşmasının ilkin bünövrəsi rolunu oynamalı olan məzmun xətlərinin nəzəri və praktiki cəhətdən yetərsizliyi və yararlı beynəlxalq təcrübə ilə uzlaşmaması;

Müəssisələrə uşaqların qəbulu zamanı yaşanan problemlər. Onlayn qəbul konseptinin bəzi hallarda özünü doğrulda bilməməsi;

Metodist və tərbiyəçilər üçün praktiki bacarıq və nəzəri məzmun xətlərinin tətbiqi ilə bağlı metodiki vəsait, təlimat xarakterli kitabların azlığı və yetərincə yararlı olmaması.

Özəl məktəbəqədər təhsil müəssisələrinin sayının azlığı, oradakı aylıq (yaxud illik) ödənişlərin real bazar qiymətlərindən xeyli yuxarı olması;

Bir çox ölkələrdə uğurla sınaqdan çıxmış və məktəbəqədər təhsil pilləsinin əlçatanlığını xeyli dərəcədə artıran icma əsaslı bağçalar və ailə bağçaları modelinin işlənilməməsi;

Bunlar da hələ son deyil.  Təəssüf ki, bütün bunlarla yanaşı, məktəbəqədər təhsil pilləsinin cari durumu ilə bağlı hələ də müəyyən çatışmazlıqlar qalmaqdadır. Bu çatışmazlıq və problemləri əsasən iki istiqamətdə qruplaşdırmaq olar:

-Məktəbəqədər təhsil müəssisəsində tədrisin məzmun xətti. Praktiki bacarıqlar və nəzəri konsepsiyaların tətbiq göstəriciləri;

-Bu təhsil səviyyəsi üzrə ixtisaslaşan kadrların kəmiyyət və keyfiyyət göstəriciləri, faydalılıq əmsalları.

Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin balansına keçməsindən sonra qurumun apardığı ilk monitorinqlər zamanı bu müəssisələrdə çalışan  11.300 metodist və tərbiyəçidən 5800-nün ixtisasa yararsızlığı müəyyən edilib və onların dərəcələri aşağı salınıb.

Qeyd edək ki, yararlı kadr təminatı problemi məktəbəqədər təhsil müəssisələrinin sayının tələbatla müqayisədə xeyli az olduğu bir vaxtda üzə çıxdı. Bu, problemi daha da dərinləşdirən  şərt olmaqla yanaşı, həm də bir çox arzuolunmaz reallığı əks etdirir.

 

Ermənilər təşvişə düşdü: Sərhəddə nə baş verir?
Son xəbərlərDaha çox