Azedu.az

Tamştatla işləyəcək müəllimləri gözləyən əsl sürprizlər - Biz nəyə hazırıq? - TƏHLİL

AzEdu Təhsil Analitika Mərkəzi

2 Oktyabr 2026, 08:41
Tamştatla işləyəcək müəllimləri gözləyən əsl sürprizlər - Biz nəyə hazırıq? - TƏHLİL

Tamştatlı model – “Müəllim” və bir müəllimdən daha artıq şəxslər üçün

Orta ümumtəhsil müəssisələrində təhsilverənlərin 8 saatlıq iş qrafiki – tamştatlı müəllim modeli  həm də müəllimlərin əməkhaqqısı ilə bağlı yeni mexanizm kimi xarakterizə edilir. Bu mexanizmə əsasən müəllimlərin maaşı 2027-ci ildən başlayaraq 2030-cu ilədək mərhələli şəkildə saathesabı əsasda hesablanmaqla yanaşı, məlum şərtlərə cavab verənlərə əlavə şans da qazandırır. Bu yenilik sayəsində təhsilverənlərin sertifikatlaşdırılması müsabiqəsində yalnız yüksək nəticə göstərən  müəllimlər könüllülük prinsipi əsasında prosesə cəlb olunacaqlar. İlk mərhələdə 20 min müəllimi əhatə edəcək yeniliyin ən vacib tərəfi isə əməkhaqqları ilə bağlıdır. Müəllimlərə  ölkə üzrə orta əməkhaqqısından 2 dəfə çox maaş təklif ediləcək və  aylıq məbləğ həftədə 30-36 saatlıq tam ştat əsasında hesablanacaq.

Azərbaycan təhsil qanunvericiliyinə görə, ümumtəhsil müəssisələrində müəllimlər iki əsas statusla fəaliyyət göstərirlər: ştat və saathesabı. Lakin ştat vahidi əsasında çalışan müəllimlər də iş günü ərzində fəaliyyətlərini ancaq pedaqoji prosesin təşkili kontekstində dəyərləndirir və  dərs saatları bitdikdən sonra iş gününün sonunadək tədris müəssisəsində qalmağı uyğun hesab etmirlər. Bir müəllimin vəzifə öhdəlikləri və məktəbdaxili fəaliyyəti yalnız sinif otağında pedaqoji prosesin təşkilini həyata keçirmək yox, eyni zamanda, bir neçə fərqli funksiyanı əhatə edir. Beynəlxalq təcrübədə və beynəlmiləl pedaqoji normalarda müəllimin dərs prosesi ilə yanaşı, iş günü müddətində bir neçə funksiyanı həyata keçirmək səlahiyyəti vardır. Bunlara gündəlik mövzulara hazırlaşma və onlarla bağlı araşdırma-tədqiqat işinin aparılması, şagirdlər və onların valideynləri ilə şəxsi və ümumi görüşlərin təşkili, şagirdlərlə fərdi hazırlıq prosesinin aparılması , sosial aktivliyi əks etdirən fəallıq və s. aiddir. Bir təhsilverən iş saatı prosesində həm də bu kimi funksiyaların həyata keçirilməsinə cavabdehdir. Müəllimin ay sonu əmək haqqısının hesablanmasında da bu kimi mexanizmlər dərs saatları ilə bərabər vacib element kimi qəbul edilməlidir.

Tamştatlı müəllim modelinin tətbiqi təhsil keyfiyyətinin yüksəlməsi, şagird davranışlarının pozitiv dəyişməsi və müəllim peşəkarlığının artması baxımından çox mühüm  addım hesab edilməlidir.  Lakin burada əsas məsələ  dərs prosesindən sonrakı iş saatlarında zaman kəsiminin nələrə sərf olunması, bunlarla bağlı hansı proqramların təklifi və qəbuludur. Məsələn,  bir müəllimin məktəbdə gün ərzində 8 saat qalması icbaridirsə, bu, ay ərzində (24 iş gününün müqabilində) 192 saata bərabər olacaqdır. Onun dərs saatının həftə ərzində orta hesabla 24 saat (bu 18 saat da ola bilər) olduğu nəzərə alınsa, 24 iş günü ərzində pedaqoji prosesə həsr etdiyi zamanın cəmi 96 saat olduğu görünür. Müəllim həftəlik 24 saat deyil, 18 saatlıq dərs saatına malikdirsə, o zaman bu, aylıq 72 saat sinifdə olmanın bir sübutudur. O zaman 24 iş günü ərzində məktəbdə keçirilən ümumi 192 saatdan cəmi 72-nin tədrisə ayrılması, müəllimdən əlavə bacarıq və tətbiqlər tələb edəcək. O,  yerdə qalan 120 saatı məktəbdaxili pedaqoji fəaliyyət, metodik iş və tərbiyəvi proseslərə sərf etməyə çalışacaqdır. Dərsdənkənar aylıq saatların isə düzgün şəkildə doldurulması, tədris prosesi üçün faydalı hala gətirilməsindən ötrü ayrıca proqramın hazırlanmasına ciddi ehtiyac vardır. Həmin proqrama əsasən  daxili metodik inkişaf planı, təlimlər, müəllimlərarası dərs dinləmələri, layihələr üzərində iş, fasiləsiz peşəkar inkişaf və məktəbdaxili tədqiqat fəaliyyətlərinin tənzimlənməsi tədris prosesini inkişaf etdirən mexanizm rolunda çıxış edə biləcəkdir. Yuxarıda sadalanan səbəblərdən məktəblərdə tamştatlı müəllim modelinin tətbiqini gələcək təhsil strategiyası üçün uğurlu hesab etmək olar.

Repetitorluqla döyüş, yoxsa...?

Bəzi repetitorları cəzalar gözləyir - Müəllimlərə XƏBƏRDARLIQ

Yeni modelin əsas məqsədi müəllimi tamamilə məktəbə aid olan bir persona kimi  formalaşdırmaq və onun axşam saatlarında, işdən sonrakı zamanında sosial təminatının təmini üçün əlavə işə olan asılılığının qarşısını almaqdır.

Qaydalara əsasən bu model əsasında təsdiq olunan, ştata keçən müəllimin aylıq əməkhaqqısı orta əməkhaqqıdan 2 dəfə çox olacaqdır. 20 min müəllimin bu əməkhaqqını aldığı təqdirdə təhsildə köklü islahatların başlanğıcı qoyulmuş olacaqdır. Tamştatlı müəllim həftədə 30-36 saat işləyəcək, onun 18-24 saatında tədrislə məşğul olacaq ki, bu da bacarıqlı və peşəkar müəllimin tədris üçün daha faydalı olacağına inam yaradır.

Üstəlik, tamştatlı müəllimlik modeli ilə yanaşı saathesabı əməkhaqqı sisteminin saxlanılması da müsbət addım kimi dəyərləndirilməlidir. Sertifikasiya prosesindən uğurlu nəticə əldə edən müəllimlər sırasından mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq. Tam ştata keçən müəllimlər bir daha sertifikatlaşdırmada iştirak etməyəcək.  

Müəllimlərin iş qrafikinin dəyişdirilməsi, onların saat hesabına görə yox, iş saatına görə fəaliyyət göstərməsi ilə bağlı müzakirələr bir yanlış fikrə də yola açmış oldu. Fərziyyələrə görə, “tamştatlı müəllim” modeli  əsas mahiyyəti ilə repetitorluğa qarşı atılmış addım kimi dəyərləndirildi. Lakin “tamştatlı müəllim modelinin” məzmun və standartları yalnız repetitorluq institutuna qarşı mübarizə kimi dəyərləndirilməməlidir.

Sadəcə, modelin tərkib hissələrindən biri də məktəb daxilində hazırlıq mexanizminin formalaşdırılmasıdır. Bu ildən etibarən  tam orta məktəb modeli tətbiq edilib ki, burada da məqsəd məktəbin daxilində şagirdlərin dövlət hesabına ali təhsil müəssisələrinə hazırlaşdırılmasıdır.

Model çərçivəsində müəyyən bölgələrdə hazırlıqlı müəllimlərdən ibarət qrupların yaradılması və onların əlavə maaş almaq şərtilə şagirdlərə məktəb daxilində  dövlət hesabına ali təhsil müəssisələrinə hazırlıq təşkil edilməsi gözlənilir.

Dünya təcrübəsi – Nə bizim üçün hələ tezdi?

Beynəlxalq təcrübədə tamştatlı müəllim modelinin tədrisə inkişafını əks etdirən çox vacib elementlər mövcuddur. Burada əsasən müəllimin pedaqoji işin təşkili (dərs prosesi) ilə yanaşı, yerdə qalan iş saatlarında təhsil üçün faydalılığına, həmçinin, özünütəkmilləşdirmə meyarlarına və istirahət-bərpa saatlarının səmərəli keçirilməsinə xüsusi diqqət yetirilir.

Məsələn, Finlandiyada müəllimlər dərsdən sonra məktəbdə qalaraq dərs analizi, layihə müzakirələri və fərdi şagird dəstəyi ilə məşğul olurlar. Orada “teacher as researcher” prinsipi əsasdır. Sinqapurda hər müəllimin həftəlik 5-6 saatı yalnız peşəkar öyrənmə görüşlərinə həsr olunur. Cənubi Koreyada müəllimlər 8 saatlıq iş rejimində məktəbdə olur, lakin bu vaxtın yalnız 40%-i dərs, qalan hissəsi pedaqoji planlaşdırma, tədqiqat və qiymətləndirmə işlərinə sərf edilir. Estoniyada müəllimlərin gündəlik məktəbdə olması həm rəqəmsal idarəetməni, həm də şagird monitorinqini asanlaşdırır.

Bir çox Avropa ölkələrinin təcrübəsində müəllimlərin iş rejimi gündəlik 8 saatlıq qrafiklə hesablanır. Buna nümunə olaraq Almaniya, Fransa, İngiltərə, İtaliya və s. Qərb dövlətlərini misal göstərə bilərik. Qeyd ediləsi vacib detal budur ki, bu ölkələrin demək olar hamısında müəllimin özünütəkmilləşdirməsinə, iş saatı müddətində təlim və özünüinkişaf kurslarında iştirakına, eləcə də rəqəmsal bacarıqların artırılmasına xüsusi diqqət yetirilir. Müəllimin iş saatında özünüinkişaf proqramına həsr etdiyi zaman kəsimi dərs prosesinə ayırdığı vaxtla müqayisədə çoxluq təşkil edir (Almaniya istisna olmaqla). 

Qonşu dövlətlər - Türkiyə və Rusiya təcrübəsində isə bu istiqamətdə prioritet dəyərləndirmə daha çox tamştatlı müəllim modelinə deyil,  konkret dərs saatlarına görə müəyyənləşdirilir. Lakin Türkiyə təhsil  seqmentində tamştatlı modelin, 8 saatlıq iş qrafikinə görə dəyərləndirmənin tədris prosesinə faydalılıq mexanizmləri son dönəmlərdə tez-tez müzakirə edilir.

Başqa nə edə bilərik?

Sadalanan meyar və prinsipləri nəzərə alaraq orta ümumtəhsil müəssisələrində tamştatlı müəllim modelinin faydalarının daha çox olacağını görə bilərik.

Lakin bu modelin  tətbiqi və icra mexanizminə dair əlavə bir neçə yeniliyə də ehtiyac vardır.  Əvvəlcə tamştatlı müəllim modeli ilə bağlı bəzi qayda və prinsiplərin  ictimaiyyətə bağlı qayda və prinsiplərin tam şəkildə, bütün maddə və bəndləri ilə hazırlanaraq ictimai müzakirəyə təqdim olunması məsədəuyğundur.

Hazırda təhsil ictimaiyyəti arasında əsas suallardan biri 8 saatlıq iş qrafiki üzrə əmək haqqının hesablanma meyarlarının rəsmi qurum tərəfindən təhsil ictimaiyyətinə açıqlanması  və onun hansı mexanizmlər üzrə əsaslandırılması ilə bağlıdır. Bu məsələ ilə bağlı təhsil ictimaiyyətinə daha geniş məlumatın verilməsi arzu edilir.

8 saatlıq iş qrafiki müddətində müəllimin əlavə iş mexanizmi ilə bağlı hansı proqram və fəaliyyət mexanizminin tətbiq edildiyi, təəssüf ki, məlum deyil. Bu istiqamətdə beynəlxalq təcrübələr də nəzərə alınmaqla müəllimlərin dərs prosesindən sonrakı fəaliyyət mexanizmlərinin xüsusi olaraq hazırlanması  və faydalılıq prinsiplərinə görə müəyyənləşdirilməsi çox vacibdir. Bura müəllimin özünütəkmilləşdirmə proqramları ilə yanaşı, məktəbdaxili fərdi hazırlığın və məktəbdaxili valideyn-müəllim iş birliyinin nümunəvi tərəflərinin xüsusi olaraq hazırlanması və məktəblərə tövsiyə sənədi şəklində göndərilməlidir.

Tamştatlı müəllim modelinə ilkin olaraq 20 min müəllimin cəlb olunacağı və bu məqsədlə müəyyən sayda məktəblərin seçilməsi rəsmi şəkildə qeyd olunub.

Təhsilverənlərin məsələnin mahiyyətinə tam şəkildə bələd olmaları üçün seçilmiş məktəblərin tam siyahısının ictimaiyyətə açıq elan olunması və orada 8 saatlıq iş mexanizmi ilə çalışacaq müəllimlər üçün nə kimi imkan və məktəbdaxili şəraitin yaradılması, bu istiqamətdə müəyyən boşluqların aradan qaldırılması  arzu olunur.

Beynəlxalq təcrübədə bu mexanizmin dərs saatından sonrakı əsas hissəsi -müəllimin şagirdlə fərdi hazırlıq prinsiplərinin necə müəyyən edilməsi -cavabını gözləyən əsas suallardandır. Sırf bu fəaliyyət istiqamətinin əsas modulları - təşkili və imtiyazlarının yüksək səviyyədə hazırlanmalıdır.

8 saatlıq iş qrafikində bir müəllimin dərsdənkənar aylıq saatlarının düzgün şəkildə doldurulması, tədris prosesi üçün faydalı hala gətirilməsindən ötrü ayrıca proqramın hazırlanması vacibdir. Bunun üçün məktəblərə tövsiyə  xarakterli nümunələrin hazırlanaraq göndərilməsi çox vacibdir.

Tamştatlı müəllim modeli ilə bağlı qaydalarda bu prosesə cəlb olunacaq müəllimlərin sertifikatlaşdırılma müsabiqəsində yüksək nəticə göstərənlər arasından seçiləcəyi bildirilir. Lakin yüksək nəticənin hansı bal aralığını əhatə etməsi isə təhsil ictimaiyyətinə açıqlanmadığı üçün müəllimlərdə bununla bağlı müəyyən suallar yaranıb. Məsələn, maksimal nəticə 60 bal olduğu üçün 58-60 ballıq yüksək nəticə göstərənlərlə yanaşı, 52-54 bal toplayanlar da bu məsələnin onlara şamil olunub-olmayacaqlarını maraq etməkdədirlər. Bu barədə ictimaiyyətə əlavə məlumatların verilməsi arzu olunur.

 

TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ö*lənlər var
Son xəbərlərDaha çox