Hazırda Bakıda yerləşən bütün ali təhsil müəssisələri bəlli səbəblərdən qısamüddətli (23-27 Sentyabr) distant təhsilə keçib.
Hər dəfə qısamüddətli analoji hadisə təkrarlandıqca, ortaya bir sual düşür: Biz həqiqətənmi, distant təhsilə hazırıq? Bunun üçün isə diqqət yetirməli olduğumuz bir vacib məqam var:
ƏSL DİSTANT TƏHSİL NƏDİR?
Distant təhsil - informasiya-telekommunikasiya infrastrukturundan informasiyanın ötürülməsi üçün istifadə olunması, təhsilalanların və pedaqoji işçilərin sinxron və ya asinxron qarşılıqlı əlaqəsini nəzərdə tutan təhsil formasıdır.
Dünya təhsil sistemində inteqrasiya və rəqabətlilik qabiliyyəti kimi meyarların daha da güclü inkişafında distant təhsil formasının rolu getdikcə artmaqdadır.
Xüsusən də 2019-22-ci illərdə dünyada tüğyan edən COVID-19 pandemiyası dönəmində funksionallığı daha da artan distant forma gələcəyin əsas təhsil siması kimi də xarakterizə edilir.
Hazırda inkişaf edən ölkələrdə bir sıra xüsusiyyətləri ilə seçilən distant təhsildən geniş şəkildə istifadə olunur. Təhsil sahəsində çalışan ekspertlərin fikrinə görə, mühazirə zamanı tədris materialının 5-10%-i, tədrisə aid ədəbiyyatın sərbəst oxunuşu zamanı 10-20%-i mənimsənilir. Tədris materialının qrup şəklində müzakirə olunması zamanı mənimsəmə 50%-ə qədərdir. Yeni biliklərin təcrübi istifadəsi prosesində mənimsəmə 75%-ə yaxınlaşır. Ən yüksək mənimsəmə dərəcəsinə (90%) başqalarını öyrədən zaman çatılır.
Həmçinin, distant təhsilin açıqlığı, yəni qəbul imtahanları vermədən ali təhsil almağın mümkünlüyünə təminat verilməsi də şəbəkə təhsil xidmətlərinin potensial istifadəçiləri üçün mühüm amildir.
Beynəlxalq statistikaya görə, distant təhsildə “tələbələrin” əksəriyyəti yaşı 25-i ötmüş, işləyən və işdən ayrılmadan peşəkar biliklərini genişləndirmək istəyən şəxslər təşkil edir.
Distant təhsil formasının sürətli inkişafı və şəbəkəsinin durmadan genişlənməsi dünya pedaqoji anlayışlar sisteminə yeni terminlərin də daxil olmasına gətirib çıxarıb. Bunlardan biri də “onlayn sinif otağı” (yaxud, “onlayn auditoriya”) anlayışıdır. Onlayn sinif otaqlarında (ali təhsildən söhbət gedirsə, “onlayn auditoriya”) şagird və tələbələr vizual olaraq onların qarşısında müəllimin olduğunu görür, hər bir an istənilən məsələ ilə bağlı ona müraciət edə bilir, onunla birlikdə rastlaşdıqları çətinliyi dəf edir, başa düşülməyən məsələ ilə bağlı ona sual verir, müzakirəyə daxil olur və s. Yeni biliyi qavrama, anlama, tətbiqetmə, analiz, sintez, qiymətləndirmə hamının gözü qarşısında baş verir. Şagird və tələbələr yalnız müəllimdən deyil, həmçinin bir-birindən öyrənirlər, axı möcüzəli sinif otağında müəllimlə ünsiyyətdən əlavə öyrənənlər arasında da ünsiyyət var.
Xüsusən də COVID-19 pandemiyasından sonra dünyada onlayn təhsilin nüfuzu və əhatə dairəsi xeyli artmış oldu. Təsadüfi deyil ki, distant təhsil bazarının 2024-cü ildə 185,20 milyard dollar gəlir əldə edib.
2028-ci ilə qədər isə distant təhsilin gəlirlilik mexanizmində illik artım tempinin 8.61% olacağı gözlənilir. Bu isə adıçəkilən təhsil formasının dünya miqyasında gəlir göstəricisinin 2028-ci ilə qədər 257.70 milyard dollara çatacağı ehtimalını yaradır.
Təsadüfi deyil ki, Azərbaycan Respublikası Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının IV strateji istiqamətinin 4.3, 4.7 və 4.8-ci bəndlərində Azərbaycanda distant təhsilin inkişaf etdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi, təhsillə bağlı media və internet resurslarının təmin edilməsi tələbi irəli sürülür.
Azərbaycan təhsil sistemində hazırda yalnız iki tədris forması etibarlı hesab edilir: əyani və qiyabi. COVID-19 pandemiyası zamanı isə təşkil olunan məsafədən tədris distant təhsili deyil, yalnız və yalnız onun müəyyən elementlərini məcburi şəkildə özündə ehtiva edir.
Orta ümumtəhsil müəssisələrində distant təhsil formasının nəzəri-metodoloji bazasını formalaşdıran əsas meyarlar təəssüf ki, məcburi şəkildə təşkil olunan məsafədən tədrisdə özünü tam realizə edə bilməmişdir. İnternet imkanlarının da məkandan asılı olaraq, bəzən yararlı səviyyədə olmaması distant təhsil elementlərinin tətbiqinə mane olmuşdur.
Yalnız 1 mərkəz
Azərbaycan qanunvericiliyinə əsasən, distant təhsil etibarlı hesab edilmədiyi üçün bu formadan yararlanaraq əldə edilən diplomlar da heç bir hüquqi əsas danışmır. Həm bu, həm də digər səbəblərdən Azərbaycan ali təhsil seqmenti distant təhsil formasının tədrisi və təşkili istiqamətində demək olar ki, heç bir addım atmamışlar. Yalnız UNEC hələ pandemiyadan əvvəl distant təhsil mərkəzi olan UNEC Ekstern-i ərsəyə gətirmiş və bununla da bir ilkə imza atmışdır.
Distant təhsil bazarının son bir neçə ildə dünya üzrə bu cür sürətlə yayılmasının iki əsas səbəbi vardır: təhlükəsizlik və rahatlıq. 2019-cu ildə başlayan, 2020-ci ildə isə özünün pik səviyyəsinə çatan COVID-19 pandemiyası səbəbindən məcburi tədris forması kimi tətbiq edilsə də, sonradan bir çox üstünlüklərinə görə distant forma gələcəyin əsas təhsili kimi qəbul edildi.
Təsadüfi deyil ki, pandemiyadan sonra da istifadəçilər rahatlıq və çeviklik üçün getdikcə daha çox onlayn təhsilə müraciət etdilər və bu temp ildən-ilə də artmaqdadır. Distant təhsil ənənəvi fərdi, eləcə də qiyabi formada təşkil olunan dərslərdə iştirak etmək üçün vaxtı və ya resursları olmayan, işləyən peşəkarlar və məşğul cədvəli olan şəxslər üçün cəlbediciliyini daha da artmırmış oldu. Bundan əlavə, onlayn təhsil yerli olaraq mövcud olmayan geniş kurs və proqramlara çıxışı təmin etmiş oldu. Bu amillər artıq özünün formallığı ilə seçilən qiyabi təhsil forması ilə müqayisədə distant təhsilin nə dərəcədə daha faydalı olduğunu bir daha üzə çıxardı.
2000-ci illərin əvvəllərinə qədər distant təhsil, qiyabi təhsil, açıq təhsil və başqa bu kimi anlayışlar arasında heç bir fərq qoyulmurdu, ayrıca tədris forması kimi qəbul edilmirdi. Lakin indiki zamanda (xüsusən də pandemiyadan sonra) distant təhsil öz vacibliyini və lazımlı olduğunu sübut edib. Təhsil cəmiyyətində distant təhsilin böyük perspektivlərinin olduğu başa düşülür.
Dünyada distant təhsil
Beynəlxalq təcrübədə distant təhsilin daha intensiv inkişafı üçün çox vacib addımlar atılır.
Böyük Britaniya nümunəsində distant təhsil əsasən ali təhsil seqmentini əhatə edir. Distant tədris sayəsində formalaşan Açıq Universitet modeli bir çox ölkələrdə təhsili qeyri-ənənəvi yolla həyata keçirən layihələr reallaşdırmağa təkan verir. Hazırda bu universitet distant təhsil həyata keçirən universitetlər arasında liderliyini davam etdirir. Hər il bu universitetin qəbul planı 200 min tələbəni keçir.
Hazırda Avropada tanınmış distant təhsil mərkəzlərindən sayılan İspaniya Milli Distant Təhsil Universiteti də (UNED) ölkə daxilində 60, ölkə xaricində 9 filialı birləşdirir.
Çin nümunəsində hələ XX əsrin ortalarından etibarən distant təhsilin imkanları televiziya, radio, poçt vasitəsilə həyata keçirilən audio və video materialları əhatə edir.
ABŞ-da 1989-cu ildə ABŞ-da ətrafında 1500 kollec və telekompaniyanı birləşdirən ictimai televiziya yaradılır (PBS TV). Bu telekanal tədris proqramlarını birləşdirən təhsil kanalı kimi fəaliyyət göstərir. Belə verilişlər içərisində elmin müxtəlif sahələri, biznes və idarəetmə üzrə maraqları əhatə edən (Adalt Learning Service) proqramlar mühüm yer tutur.
Distant təhsil sahəsində tanınmış universitetlər içərisində Pensilvaniya Univetsitetini də misal göstərmək olar. Bu universitetin təcrübəsi YUNESKO tərəfindən qəbul edilərək digər universitetlərə tövsiyə edilir.
Türkiyə Distant təhsil formasının tətbiq edildiyi və bu sahədə böyük təcrübə toplamış ölkələrdən biri də qardaş Türkiyə Cümhuriyyətidir. Türkiyənin Anadolu Universitetində 1982-ci ildən məsafəli təhsil sistemi tətbiq olunur. Anadolu Universiteti hazırda 1,5 milyon tələbəyə distant təhsil verən dünyanın 3-cü meqauniversiteti hesab edilir.
Rusiyada distant təhsil daha çox əcnəbi tələbələr üçün nəzərə tutulub. Xüsusən də ali təhsil almaq üçün Rusiya universitetlərini seçən əcnəbilər müəyyən müddət ərzində distant formada rus dilini öyrənə bilərlər.
Cəmiyyətin informasiyalaşması, dünyada gedən qloballaşma prosesləri yeni təhsil modeli – Distant Təhsil (DT) modelini formalaşdırır. Bu modelin əsasını dünya, cəmiyyət, insan idrakı və təhsilin dinamikliyi, “ömürlük təhsildən” “ömürboyu təhsil” prinsipinə keçid ideyası təşkil edir. DT modeli informasiya cəmiyyətinin inkişaf və təkamülünün tarixi mərhələsi olub, hər hansı dövlətin təhsil siyasətindən asılı olmayaraq, qloballaşma şəraitində informasiya cəmiyyətinin təhsil sistemi qarşısında qoyduğu təxirə salınmaz tələblərdən biridir. İnkişaf etmiş ölkələrdə ənənəvi təhsil formaları sürətlə DT sisteminə inteqrasiya olunur, vahid təhsil məkanı yaranır, müasir modellərin prosesə tətbiqi günün tələbinə çevrilir.
Texnoloji tərəqqinin təsiri altında təhsil prosesi təkcə texnologiya və bilik mübadiləsi üçün deyil, eləcə də sərmayə qoyulması və bazar münasibətlərinin həyata keçirilməsi üçündür. Məhz bu mənada distant təhsilin prioritetləri açıq-aşkardır, onun inkişafı aşağıdakı proseslərlə əks olunan təhsil sistemi üçün xüsusi əhəmiyyət kəsb edir.
Çağdaş dövr isə özünün texnoloji imkan və sürətli dəyişimi ilə distant təhsil bazarının yaxın gələcəkdə nə dərəcədə inkişaf edəcəyini hər gün bizə nümayiş etdirməkdədir. Bu səbəbdən də çox yaxın gələcəkdə distant tədrisin ölkəmizdə də aparıcı təhsil formalarından olacağına qəti şübhə yoxdur. Bu səbəbdən gecikmədən, distant tədris mərkəzlərinin saylarının artırılması vəziyyətin stabilləşməsinə yardımçı olar. DTM-lər həm ETN tabeliyində, həm də ayrı-ayrı universitetlərin bazasında qurulmaqla bu istiqamətdəki kadr, metodiki və təşkilati boşluqları aradan qaldıra bilər.
Üstəlik, Danimarka, Cənubi Koreya, ABŞ, eləcə də Sinqapur kimi ölkələrin distant təhsilin tətbiqində etdikləri bir sıra yeniliklər Azərbaycan məktəblərində də tətbiq ediləcəyi təqdirdə bizlər üçün çox faydalı olacaqdır. Çünki adıçəkilən ölkələr hələ bir neçə il bundan əvvəl distant təhsilin metodologiyasını, onun nəzəri və praktiki əsaslarını hazırlamış, dərs prosesində də uğurla tətbiq etmişdilər.
Məsələn, distant dərsin neçə dəqiqə təşkili, istirahət üçün nə qədər zaman diliminin ayrılması, psixoloji ayrıntılar, müəllimin onlayn dərsə necə start verməsi və s.kimi elementlər öz əksini tapmışdır.
Müəllimlərimizin sırf bu metodları öyrənməkdən ötrü seminar və təlimlərdə iştirakı distant tədrisin elementlərini bizim üçün də əlçatan edəcəkdir.
Təhsillə bağlı rəsmi hüquqi sənədlərdə distant tədrislə bağlı hər hansı qərar öz təsdiqini tapdıqda cəmiyyətin buna nə dərəcədə ehtiyaclı olacağını çox keçmədən göstərəcəkdir. İstər hazırda parlamentin müzakirəyə çıxardığı qanun layihələrindən olan “Ali Təhsil” Haqqında qanunda distant təhsillə bağlı əlavələrin edilməsi hər kəs tərəfindən səbirlizliklə gözlənilməkdədir.
Distant təhsilə necə öyrəşək? – Çıxış yolları
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən distant təhsil formasının metodiki əsasları işlənilməsi bu istiqamətdə çox böyük fayda verə bilər.
Distant təhsil formanın daha faydalı təşkili üçün Rəqəmsallaşma Strategiyasının hazırlanması, müəllim-texniki heyəti tərəfindən bu istiqamətdəki iş mexanizmin həmin strategiyaya əsasən tətbiq olunması çox vacibdir.
Bütün universitetlərin (xüsusi təyinatlı ali təhsil müəssisələri istisnadır) bazasında distant tədris mərkəzi yaradılması mütləqdir.
Üstəlik, distant təhsili uğurla tətbiq edən ölkələrin nümunələri öyrənilməli, bu istiqamətdə olan kitab və digər öyrədici vasitələr tərcümə edilməsi arzuolunandır,
Elm və Təhsil Nazirliyi məsafədən təhsilin xüsusi qiymətləndirmə meyarlarının hazırlanması təklif olunur. Hazırda bu istiqamətdə ciddi boşluqlar var. Bizdə xüsusən də ali təhsil seqmentində distant təhsilin durumunun nə dərəcədə monitorinq olduduğu, keyfiyyətlilik meyarının necəliyi necə yoxlanılır – dəqiq deyil. Lakin distant təhsil faktoruna daha keyfiyyətli yanaşmamız üçün keyfiyyət amili yoxlanılmalıdır.
Bu məqsədlə də Elm və Təhsil Nazirliyi tərkibindəki Təhsildə Keyfiyyət Təminatı Agentliyi distant təhsillə bağlı Keyfiyyət Təminatı sisteminin meyarlarını hazırlanması mütləqdir.