Azedu.az

Veneranın su ilə zəngin keçmişinə dair yeni araşdırma

Maraqlı

25 Noyabr 2026, 12:16
Veneranın su ilə zəngin keçmişinə dair yeni araşdırma

Venera Günəş sistemində ən isti planet hesab olunur. Hazırda onun səthində temperatur təxminən 460 dərəcəyə çatır, atmosfer təzyiqi isə Yer kürəsindəkindən 90 dəfədən çox yüksəkdir. Lakin alimlər planetin keçmişdə daha çox suya, hətta okeanlara malik ola biləcəyini ehtimal edirlər.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Arizona Dövlət Universiteti, Texas Universiteti və NASA-nın tədqiqatçılarının apardığı araşdırma Veneranın səthində planetin daha rütubətli keçmişinə dair mineral izlərin qorunub qala biləcəyini göstərib.

Tədqiqat çərçivəsində alimlər altı müxtəlif süxurəmələgətirən mineralı Veneranın səth şəraitini təqlid edən xüsusi laboratoriya qurğusunda 60 gün sınaqdan keçiriblər. NASA-nın Glenn Tədqiqat Mərkəzində yerləşən qurğuda planetin yüksək temperaturu, təzyiqi və atmosferindəki doqquz qazın təsiri modelləşdirilib.

Nəticələr göstərib ki, Veneranın sərt atmosferi mineralların tərkibini dəyişdirsə də, bəzi kimyəvi reaksiyalar planetin keçmişinə dair məlumatların qorunmasına şərait yarada bilər.

Belə ki, atmosferdəki hidrogen flüorid su tərkibli minerallarla reaksiyaya girərək onları flüorla zəngin minerallara çevirib. Əldə olunan bu minerallar Veneranın yüksək temperaturunda ilkin formalarına nisbətən daha davamlıdır. Əgər onlar planetin daha rütubətli dövründə yaranmış minerallardan əmələ gəlibsə, Venerada suyun daha çox olduğu vaxtlara dair izləri qoruyub saxlaya bilər.

Alimlər, həmçinin tərkibində hidroksil olan brusit mineralının karbon qazı ilə reaksiyası nəticəsində maqnezit adlı mineralın yarandığını müşahidə ediblər. Bu proses Veneranın keçmişində su tərkibli minerallarla atmosferdəki karbon qazı arasında baş vermiş qarşılıqlı təsirlərin öyrənilməsi üçün əlavə ipucu hesab olunur.

Tədqiqatçılar bildirirlər ki, gələcək kosmik missiyalar zamanı flüorla zəngin mineralların Veneranın səthində aşkarlanması planetin keçmişində suyun mövcudluğuna dair mühüm dəlil ola bilər.

Araşdırmanın nəticələri Veneranın səthi və atmosferinin geoloji tarix ərzində necə dəyişdiyini anlamağa, eləcə də NASA-nın DAVINCI və VERITAS, Avropa Kosmik Agentliyinin isə EnVision missiyalarının planlaşdırılmasına töhfə verə bilər.

Rusiyaya ağır zərbələr - Böyük zavodlar vuruldu! - Gündəm Masada
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox