Sinqapur Menecment Universiteti (SMU) 2027/2028-ci tədris ilindən etibarən bakalavr pilləsinə qəbul olunan bütün tələbələr üçün süni intellekt (AI) üzrə tədrisi məcburi edəcək.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, tenilənmiş tədris proqramına əsasən, bütün bakalavr tələbələri “Rəqəmsal texnologiyalar” (Digital Technologies) istiqaməti üzrə xüsusi kurs keçəcəklər.
Kursun bir hissəsi “İş və gündəlik həyat üçün süni intellekt” (AI for Work and Life) adlı onlayn proqramdan ibarət olacaq. Səkkiz mikromodulu əhatə edən bu proqram kursun üçdəbirini təşkil edəcək.
Qalan üçdəiki hissə isə müəllimlərin iştirakı ilə auditoriyada keçiriləcək. Bu dərslərdə süni intellektin müxtəlif ixtisas sahələrində tətbiqi öyrədiləcək.
Universitetin məqsədi tələbələrdə həm süni intellekt haqqında ümumi biliklər formalaşdırmaq, həm də onların bu texnologiyadan öz ixtisasları üzrə məsuliyyətli və səmərəli istifadə bacarıqlarını inkişaf etdirməkdir.
Bununla yanaşı, universitetin yenilənmiş kurikulumunda ətraf mühit və cəmiyyət, Asiya regionu, eləcə də fənlərarası müzakirə və araşdırmalara həsr olunan yeni istiqamətlər də yer alacaq.
Dəyişikliklər 2027/2028-ci tədris ilindən universitetə qəbul edilən tələbələrə şamil olunacaq. Hazırda təhsil alan tələbələr isə qəbul olunduqları ildə qüvvədə olan proqram əsasında təhsillərini davam etdirəcəklər.
Qeyd edək ki, yenilənmiş proqram universitetin bakalavr təhsilinin əsas kurikulumunun üçdəbirini təşkil edən 12 kredit vahidi tələbini dəyişdirmir.