"Hər bir gəncin ali təhsilini yarımçıq qoymadan başa vurması arzuolunandır.
Bu baxımdan, qiyabi təhsil alan tələbələrin də təhsillərini maneəsiz başa çatdırması məsələsi müzakirə oluna bilər".
Bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Elnarə Akimova deyib.
“Hesab edirəm ki, bu məsələyə yanaşarkən ilk növbədə mövcud qaydaların hansı prinsiplər əsasında müəyyənləşdirildiyini nəzərə almaq lazımdır. Təhsil formaları və hərbi xidmətə çağırışla bağlı tələblər müvafiq qanunvericilik çərçivəsində müəyyən edilir və bu qaydalar qəbul edilərkən müxtəlif amillər, o cümlədən dövlətin təhsil və müdafiə maraqları nəzərə alınır.
Abituriyent ali məktəbə qəbul zamanı təhsil formasını özü seçir. Qiyabi təhsili seçən şəxs də həmin təhsil formasının üstünlükləri ilə yanaşı, hüquqi və təşkilati xüsusiyyətlərini əvvəlcədən bilməlidir. Yəni seçim təsadüfi və ya məcburi şəkildə edilmir. Hər kəs qəbul prosesində mövcud şərtlərlə tanış olmaq və gələcək təhsil planını buna uyğun qurmaq imkanına malikdir. Ona görə də seçimini etdikdən sonra həmin seçimdən irəli gələn nəticələri də nəzərə almaq lazımdır.
Əlbəttə, hər bir gəncin ali təhsilini yarımçıq qoymadan başa vurması arzuolunandır. Təhsil insanın dünyagörüşünü, peşəkar hazırlığını və gələcək imkanlarını formalaşdıran mühüm amildir. Bu baxımdan, qiyabi təhsil alan tələbələrin də təhsillərini maneəsiz başa çatdırması məsələsi müzakirə oluna bilər. Ancaq belə bir dəyişiklik təklif edilərkən yalnız ayrı-ayrı tələbələrin maraqları deyil, qanunvericiliyin ümumi prinsipləri, hərbi xidmətin təşkili və dövlətin kadr ehtiyacları da birlikdə qiymətləndirilməlidir. Eyni zamanda, həm təhsilin davamlılığını təmin edən, həm də gənclərin və dövlətin maraqlarını uzlaşdıran təkliflərə açıq olmaq lazımdır”.