Son günlər uşaqlar arasında yayılan virusla bağlı şikayətlər artıb. Xəstəliyin əsas simptomları hərarət, boğaz ağrısı, sümük ağrısı, öskürək və digər əlamətlərdir. Bir çoxları bunun COVID-19 virusu olduğunu iddia edir.
Maraqlıdır, bu iddialar nə dərəcədə əsaslıdır? Xəstəliyin daha tez sağalması üçün valideynlər uşaqların qidalanmasında nələrə üstünlük verməlidirlər?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən pediatr Şəlalə Poluxova qeyd edib ki, bütün bu simptomların məhz COVID-19 infeksiyası ilə əlaqəli olduğunu söyləmək düzgün deyil:
“Son günlər uşaqlar arasında hərarət, boğaz ağrısı, öskürək, baş ağrısı və əzələ ağrıları ilə müşayiət olunan kəskin respirator infeksiyalara rast gəlirik. Bu isə payız-qış mövsümü üçün gözlənilən haldır.
Qeyd etmək istəyirəm ki, bütün bu simptomların məhz COVID-19 ilə əlaqəli olduğunu söyləmək düzgün deyil. Hazırda COVID-19 ilə yanaşı, mövsümi qrip, RSV, rinovirus, adenovirus və digər respirator infeksiyalar da yayılıb. Onların hamısı oxşar klinik əlamətlərlə özünü göstərir. Xüsusilə yüksək hərarət, boğaz ağrısı, əzələ və sümük ağrıları həm qrip, həm də COVID-19 zamanı müşahidə oluna bilər. Bu infeksiyaları yalnız klinik əlamətlərə əsasən bir-birindən fərqləndirmək mümkün deyil.
Ehtiyac yarandıqda konkret törədicini müəyyənləşdirmək üçün laborator müayinələr aparılmalıdır. Azərbaycanda respirator viruslar, o cümlədən COVID-19 Səhiyyə Nazirliyinin epidemioloji müşahidəsi çərçivəsində izlənilir. Buna görə də yeni bir virus növünün yayıldığını və ya hazırkı xəstələnmə hallarının məhz COVID-19-la əlaqəli olduğunu təsdiqləmək üçün əsasımız yoxdur.
Qidalanmaya gəlincə, valideynlər bilməlidirlər ki, virus infeksiyalarını daha tez sağaldan heç bir möcüzəvi qida yoxdur. Ən vacib məqam kifayət qədər maye qəbuludur. Çünki hərarət zamanı uşaqların mayeyə olan tələbatı artır. Buna görə də yaşa uyğun miqdarda maye qəbulu çox önəmlidir. Uşaqlara şorba, eləcə də meyvə və tərəvəzlər verilə bilər. Uşaq ana südü ilə qidalanırsa, əmizdirmə daha tez-tez aparılmalıdır”.
Valideynlər xəstəlik zamanı uşaqlara yüksək dozada vitaminlər, müxtəlif immunitet artırıcı siroplar və preparatlar verməyə meyillidirlər:
“Yumurta, süd məhsulları və ət kimi zülalla zəngin qidalara üstünlük vermək olar. Ümumilikdə, balanslı qidalanma çox vacibdir. Əlbəttə, xəstə uşaqlarda iştaha azalır və qidadan imtina halları baş verir. Bu da valideynləri ən çox narahat edən məqamlardandır. İştahı azalan uşağı yeməyə məcbur etmək düzgün deyil. Uşağı az miqdarda, lakin tez-tez, kiçik porsiyalarla qidalandırmaq lazımdır. Boğaz ağrısı varsa, qidalar ilıq və yumşaq olmalıdır.
Valideynlər xəstəlik zamanı uşaqlara yüksək dozada vitaminlər, müxtəlif immunitetartırıcı siroplar və preparatlar verməyə meyilli olurlar. Lakin bunların özbaşına istifadəsi yolverilməzdir. Xüsusilə hərarət yüksəldikdə və düşmədikdə ölkəmizdə antibiotik istifadəsi məsələsi tez-tez gündəmə gəlir. Bu isə doğru yanaşma deyil. Bir daha vurğulamaq istəyirəm ki, antibiotiklər virus infeksiyalarına təsir etmir və virusları məhv etmir. Antibiotiklər yalnız bakterial infeksiyalar zamanı, tibbi göstəriş olduqda, həkimin təyinatı və nəzarəti altında istifadə edilməlidir. Virus infeksiyalarında isə əsasən ev şəraitində simptomatik müalicə tətbiq olunur.
Xəstəlik yüngül gedişli olsa belə, uşaqlar bağçaya, məktəbə, ümumiyyətlə, hər hansı kollektivə göndərilməməlidir ki, infeksiya başqalarına ötürülməsin. Bəzən hərarət çox yüksək olmur və uşağın ümumi vəziyyəti qənaətbəxş görünür. Bu zaman valideynlər onu məktəbə və ya bağçaya göndərirlər. Bu, yanlış yanaşmadır. Belə hallarda infeksiya digər uşaqlara yayıla və epidemioloji vəziyyət daha da pisləşə bilər. Hər uşaq infeksiyanı eyni cür keçirmir: biri xəstəliyi yüngül keçirə bilər, digərində isə infeksiya daha ağır formada inkişaf edə, hətta xəstəxanaya yerləşdirilmə ilə nəticələnə bilər. Xahiş edirəm, valideynlər bunu nəzərə alsınlar.
Ümumiyyətlə, əksər respirator virus infeksiyaları düzgün ev qulluğu ilə üç-beş gün ərzində sağalır. Lakin uşaqda nəfəs almaqda çətinlik, xüsusilə təngnəfəslik, nəfəsalma zamanı döş qəfəsi əzələlərinin içəri çəkilməsi, davamlı yüksək hərarət, halsızlıq, kifayət qədər maye qəbul edə bilməməsi, susuzlaşma və sidik ifrazının azalması kimi əlamətlər müşahidə olunarsa, evdə müalicəni davam etdirmək düzgün deyil. Belə hallarda vaxt itirmədən həkimə müraciət edilməlidir.
Sonda qeyd edim ki, otağın havasının tez-tez dəyişdirilməsi, əl gigiyenasına riayət olunması, balanslı qidalanma, düzgün yuxu rejimi və mövsümi qripə qarşı peyvəndləmə uşaqların respirator infeksiyalara yoluxma riskinin azalmasına kömək edir”.