Müasir dünyada ölkələrin rəqabət qabiliyyəti yalnız iqtisadi göstəricilərlə deyil, həm də onların elmi potensialı, insan kapitalı, innovasiya imkanları, ümumilikdə, təhsil sisteminin keyfiyyəti ilə müəyyən olunur. Bu baxımdan, Fransa adıçəkilən istiqamətlərdə - ali təhsil, elmi-tədqiqat fəaliyyəti, biznes-universitet əməkdaşlığı və innovasiyaların təşviqində - maraqlı təcrübəyə malik ölkələrdən biridir.
Fransada fəaliyyət göstərən, "Onepoint" şirkətində dəyişikliklərin idarə edilməsi üzrə menecer-konsultant kimi çalışan, eyni zamanda, ADA Universitetinin MBA proqramında dərs deyən Günel Səfərova AzEdu.az-a müsahibəsində bir çox məsələlərə - Fransa və Azərbaycan arasında təhsil və elm sahəsində əməkdaşlıq imkanları, doktorantura sisteminin xüsusiyyətləri, universitetlərin beynəlxalq rəqabət qabiliyyəti, süni intellektin əmək bazarına təsiri və gənclərin gələcək karyera perspektivləri - toxunub.
Günel Səfərova idarəetmə elmləri üzrə doktorluq dissertasiyasını ("ABŞ şirkətlərində innovasiyaların idarə edilməsi") ABŞ-nin Şərq sahilində yerləşən ailə biznesləri və kiçik və orta müəssisələrdə apardığı tədqiqatlara əsasən hazırlayıb. Sonradan geniş akademik və peşəkar təcrübəsinə əsaslanaraq, Fransa modelinin Azərbaycan üçün hansı imkanlar yaratdığını da dəyərləndirib:
- Fransada doktorantura təhsilinin təşkili, elmi rəhbərlik və tədqiqat prosesinin əsas xüsusiyyətləri hansılardır? Azərbaycanla müqayisədə hansı fərqlər diqqətinizi çəkir?
- Fransada doktorantura sadəcə, təhsilin növbəti pilləsi deyil, ilk növbədə, peşəkar elmi-tədqiqat fəaliyyəti kimi qəbul olunur. Doktorant mütləq müəyyən bir doktorantura məktəbinə və konkret elmi-tədqiqat laboratoriyasına bağlı olur. Əksər hallarda onunla üçillik doktorantura müqaviləsi bağlanır. Bu müqavilə əsasında doktorant əməkhaqqı alan, sosial təminat hüquqlarına malik gənc tədqiqatçı statusu qazanır və vaxtının əsas hissəsini elmi araşdırmasına və dissertasiyasının hazırlanmasına həsr edir.
Elmi rəhbərlik sistemində də müəyyən keyfiyyət və məsuliyyət tələbləri mövcuddur. Doktorantın elmi rəhbəri habilitasiya dərəcəsinə malik olmalı, eyni zamanda, onun rəhbərlik edə biləcəyi doktorantların sayı məhdudlaşdırılmalıdır. Bundan əlavə, hər il müstəqil mütəxəssislərdən ibarət fərdi izləmə komitəsi (comité de suivi individuel) doktorantın elmi irəliləyişini, tədqiqat şəraitini və elmi rəhbərlə əməkdaşlığını qiymətləndirir.
Doktorantlar laboratoriyaların elmi seminarları və beynəlxalq konfranslara qatılır, tədqiqat nəticələrini təqdim edir və əksər hallarda ingilis dilində elmi məqalələr hazırlayırlar. Beləliklə, doktorantura prosesi yalnız dissertasiya yazmaqdan ibarət olmur, eyni zamanda, gənc tədqiqatçının beynəlxalq akademik mühitə inteqrasiyasını təmin edir.
Azərbaycanın doktorantura sisteminə gəldikdə isə, açıq etiraf etməliyəm ki, indiyədək ölkəmizdə doktorantlarla birbaşa işləmək imkanım olmayıb. Buna görə də sistemin daxili prosedurları və gündəlik fəaliyyəti haqqında geniş qiymətləndirmə aparmağı düzgün hesab etmirəm. Bununla belə, rəsmi mənbələrdə təqdim olunan məlumatlar əsasında bir neçə maraqlı məqamı qeyd edə bilərəm.
Elm və Təhsil Nazirliyinin məlumatlarına əsasən, son iki ildə doktoranturaya qəbul fəlsəfə doktoru proqramı üzrə həyata keçirilir. Bu proqram çərçivəsində əyani təhsil müddəti üç il, qiyabi təhsil və dissertantlıq yolu ilə hazırlıq müddəti isə dörd ildir.
Mənim xüsusi maraqla izlədiyim yeniliklərdən biri bu il pilot layihə kimi fəaliyyətə başlayan SABAH doktorantura proqramıdır. Proqramın nəzərdə tutulan müddəti ən azı dörd ildir. İlk iki il tədris və elmi-tədqiqat fəaliyyətini, növbəti iki il isə yalnız tədqiqat mərhələsini əhatə edir. Proqram iştirakçıları əlavə təqaüd alır və qəbul olunduqları elmi müəssisədə rəsmi olaraq əmək fəaliyyəti göstərirlər. Məncə, bu yanaşma xüsusilə əhəmiyyətlidir, çünki doktorantın yalnız təhsil alan şəxs deyil, həm də əməkhaqqı və sosial təminatı olan gənc tədqiqatçı kimi formalaşmasını nəzərdə tutur. Bu baxımdan SABAH doktorantura proqramının fəlsəfəsi Fransada tətbiq olunan doktorantura müqaviləsi modelinə yaxınlaşır. Proqramın gələcək nəticələrini, xüsusilə doktorantların elmi məhsuldarlığına, tədqiqat keyfiyyətinə və beynəlxalq elmi əməkdaşlıq imkanlarına təsirini böyük maraqla izləyəcəyəm.
- Fransada doktorantların müdafiəyə hazırlanması necə təşkil olunur? Onların vaxtında müdafiə etməsini təmin edən hansı mexanizmlər var?

- Fransada doktorantura təhsilinin müəyyən edilmiş müddətdə tamamlanmasını təmin edən bir neçə institusional mexanizm mövcuddur. İlk növbədə, doktorantura müqaviləsinin, bir qayda olaraq, üç il müddətinə nəzərdə tutulması həm doktorant, həm də elmi rəhbər üçün aydın zaman çərçivəsi və konkret hədəf müəyyən edir. Müddətin uzadılması mümkündür, lakin bunun üçün əsaslandırılmış səbəblər təqdim edilməli və müvafiq doktorantura məktəbinin razılığı alınmalıdır. Belə yanaşma tədqiqat prosesinin planlı və sistemli şəkildə aparılmasına kömək edir.
Digər mühüm mexanizm illik elmi fəaliyyətin müstəqil izlənilməsi və qiymətləndirilməsidir. Doktorantın işini müntəzəm olaraq qiymətləndirən izləmə komitəsi yarana biləcək problemləri vaxtında müəyyənləşdirir. Məsələn, tədqiqatın gedişində gecikmələr və ya elmi çətinliklər varsa, bunlar son mərhələdə deyil, artıq ikinci ildə aşkar edilə və müvafiq tədbirlər görülə bilər. Bu, doktorantın müdafiəyə hazırlıq prosesinin daha səmərəli idarə olunmasına imkan verir.
Dissertasiyanın qiymətləndirilməsi və müdafiəsi prosedurunun şəffaflığı da mühüm əhəmiyyət daşıyır. Müdafiədən əvvəl dissertasiya digər universitetlərdən dəvət olunmuş iki müstəqil xarici ekspert tərəfindən qiymətləndirilir. Onların müsbət rəyləri əsasında açıq müdafiəyə icazə verilir. Müdafiə komissiyasının ən azı yarısının dissertasiyanın hazırlandığı qurumdan kənar mütəxəssislərdən ibarət olması nəzərdə tutulur. Bu heyətə, bir qayda olaraq, xarici alimlər də daxil edilə bilər. Beləliklə, dissertasiyanın qiymətləndirilməsində obyektivlik və akademik müstəqillik gücləndirilir.
Müdafiədən sonra diplomun müvafiq universitet tərəfindən verilməsi və əlavə uzun inzibati prosedurların olmaması da prosesi daha operativ edir. Hesab edirəm ki, bu təcrübənin əsas üstünlüyü doktoranturanın yalnız fərdi elmi fəaliyyət kimi deyil, konkret müddətləri, məsuliyyət bölgüsü və keyfiyyətə nəzarət mexanizmləri olan sistemli akademik proses kimi təşkil edilməsidir.
- Fransada universitetlərin elmi tədqiqatlara yanaşması necədir? Doktorantlara yalnız nəzəri biliklər verilir, yoxsa onlar real problemlərin həllində də iştirak edirlər?
- Fransada elmi-tədqiqat fəaliyyəti yalnız universitetlərlə məhdudlaşmır. Tədqiqat universitetləri ilə yanaşı, CNRS (Centre national de la recherche scientifique) kimi milli elmi-tədqiqat təşkilatları ilə birgə yaradılan laboratoriyalar da bu sistemin mühüm tərkib hissəsidir. Belə əməkdaşlıq fundamental elmi araşdırmalarla praktiki tətbiqlər arasında əlaqə yaradır. İqtisadiyyat sahəsində aparılan tədqiqatların əhəmiyyətli hissəsi empirik xarakter daşıyır. Tədqiqatçılar müxtəlif məlumat bazaları üzərində işləyir, dövlət siyasətlərinin iqtisadi və sosial təsirlərini qiymətləndirir, nazirliklər, mərkəzi bank və beynəlxalq təşkilatlarla əməkdaşlıq edirlər.
Xüsusilə qeyd etmək istədiyim mexanizmlərdən biri CIFRE proqramıdır. Bu proqram çərçivəsində doktorant şirkətdə əmək fəaliyyəti göstərir, dissertasiya tədqiqatını isə universitetin elmi-tədqiqat laboratoriyası ilə əməkdaşlıq şəraitində həyata keçirir. Dövlət də bu əməkdaşlığı stimullaşdırmaq məqsədilə şirkətə maliyyə dəstəyi verir. Beləliklə, tədqiqat mövzusu real biznes və idarəetmə ehtiyaclarından irəli gəlir, əldə olunan nəticələr isə həm elmi, həm də praktiki əhəmiyyət daşıyır. Doktorantların universitetlərdə tədris prosesinə cəlb olunması da onların elmi bilikləri ötürmək və akademik fəaliyyət göstərmək bacarıqlarını inkişaf etdirir.
Fransanın elmi ənənəsində xüsusi yer tutan digər istiqamət idarəetmə elmləridir (sciences de gestion). Bu sahə iqtisadiyyatdan ayrı, müstəqil akademik istiqamət kimi formalaşıb və burada geniş tədqiqat ənənəsi mövcuddur. Universitetlərin biznes institutları (IAE – Instituts d'administration des entreprises) və beynəlxalq akkreditasiyalara malik biznes məktəbləri strategiya, maliyyə, marketinq, təşkilati davranış və dəyişikliklərin idarə edilməsi kimi sahələrdə elmi araşdırmalar aparırlar.
Fransız akademik ənənəsinin maraqlı xüsusiyyətlərindən biri də «müdaxilə yolu ilə tədqiqat» (recherche-intervention) yanaşmasıdır. Bu metodda tədqiqatçı şirkətin fəaliyyətinə yaxından inteqrasiya olunur, mövcud idarəetmə problemlərinin həllində iştirak edir və eyni zamanda həmin prosesləri elmi baxımdan təhlil edərək ümumiləşdirilmiş nəticələr əldə edir. CIFRE proqramı idarəetmə elmləri sahəsində də geniş tətbiq olunur və doktorantlara dissertasiya tədqiqatlarını birbaşa şirkətlərin daxilində aparmaq imkanı yaradır.
Mən özüm də doktorantura təhsilimi idarəetmə elmləri üzrə tamamlamışam. Dissertasiyam Amerika şirkətlərində innovasiyaların idarə edilməsi və "ambidexterity" – yəni şirkətin eyni vaxtda həm mövcud fəaliyyətini səmərəli idarə etmək, həm də yeni imkanları araşdırmaq və innovasiyalar yaratmaq bacarığı – mövzusuna həsr olunmuşdu. Tədqiqatımı ABŞ-ın Şərq sahilində yerləşən bir neçə ailə biznesi və kiçik və orta müəssisədə aparmışam.
Doktorantura dövründə şirkətlərin daxili fəaliyyətinə yaxından inteqrasiya olunmaq mənim üçün böyük üstünlük oldu. Şirkət rəhbərləri və əməkdaşları ilə birbaşa ünsiyyət, idarəetmə proseslərini və qərarların necə qəbul edildiyini yerində müşahidə etmək nəzəri yanaşmaları real biznes təcrübəsi ilə müqayisə etməyə və yoxlamağa imkan verirdi. Bu təcrübə sonrakı peşəkar fəaliyyətimdə, xüsusilə konsaltinq sahəsində çox faydalı olan bacarıqların formalaşmasına da kömək etdi. Müşahidə aparmaq, müsahibələr keçirmək, müxtəlif maraqlı tərəflərlə işləmək və təşkilatların daxili dinamikasını anlamaq həmin bacarıqların əsasını təşkil edir.
Məhz bu şəxsi təcrübəmə əsaslanaraq idarəetmə və menecment sahəsində tətbiqi tədqiqat layihələrinin əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. Belə tədqiqatlar şirkətlərə öz fəaliyyətlərini elmi əsaslarla qiymətləndirmək və idarəetmə qərarlarını təkmilləşdirmək imkanı verir. Universitetlər üçün isə real iqtisadiyyatın ehtiyaclarına cavab verən, praktik əhəmiyyət daşıyan yeni biliklərin yaradılmasına şərait yaradır.
Azərbaycanda da bu istiqamətdə geniş imkanlar mövcuddur. Xüsusilə kiçik və orta biznesin, ailə şirkətlərinin inkişafı, rəqəmsal transformasiya, innovasiyaların idarə edilməsi və təşkilati dəyişikliklər kimi mövzularda universitetlərlə biznes sektoru arasında birgə tədqiqatların genişləndirilməsinə böyük ehtiyac var. Hesab edirəm ki, bu əməkdaşlığın institusional əsaslarının gücləndirilməsi həm elmi tədqiqatların praktik əhəmiyyətini artırar, həm də Azərbaycan şirkətlərinin rəqabətqabiliyyətliliyinə töhfə verər.
- Azərbaycan universitetlərində elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi üçün Fransa modelindən hansı təcrübələri mənimsəmək olar?

- Doktorantura təhsilinin və elmi-tədqiqat fəaliyyətinin keyfiyyətini artırmaq üçün Fransa təcrübəsindən bir neçə mühüm mexanizmin tətbiqini məqsədəuyğun hesab edirəm.
İlk növbədə, doktorantın yalnız təhsil alan şəxs kimi deyil, həm də tədqiqatçı kimi qəbul edilməsi vacibdir. Bunun üçün tam ştatlı və maliyyələşdirilən doktorantura yerlərinin yaradılmasına diqqət yetirilməlidir. Mənim fikrimcə, burada əsas prioritet doktorantların sayını artırmaq deyil, onların tədqiqat fəaliyyətinin keyfiyyətini və elmi nəticələrini yüksəltmək olmalıdır.
Digər mühüm məsələ doktorantura prosesinə müstəqil nəzarət və qiymətləndirmə mexanizminin tətbiqidir. Doktorantın elmi fəaliyyəti yalnız elmi rəhbər tərəfindən deyil, ondan müstəqil fəaliyyət göstərən komitə tərəfindən də hər il qiymətləndirilməlidir. Bu yanaşma tədqiqatın gedişinə obyektiv nəzarəti təmin etməklə yanaşı, yarana biləcək problemlərin vaxtında müəyyənləşdirilməsinə imkan verər.
Dissertasiyaların müdafiəsi və qiymətləndirilməsi prosesində xarici və beynəlxalq ekspertlərin iştirakının genişləndirilməsi də elmi keyfiyyətin yüksəldilməsi baxımından əhəmiyyətlidir. Xarici alimlərin rəyçi qismində cəlb olunması tədqiqatların beynəlxalq elmi standartlara uyğunluğunu gücləndirər və doktorantların işlərinə daha obyektiv yanaşılmasına şərait yaradar.
Bununla yanaşı, sənaye doktoranturasının inkişafına xüsusi diqqət yetirilməlidir. Fransada tətbiq olunan CIFRE proqramı bu baxımdan maraqlı nümunədir. Proqram şirkətlərlə elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığa əsaslanır və şirkətləri doktorantları işə götürərək onların tədqiqat fəaliyyətini dəstəkləməyə təşviq edir. Beləliklə, elmi tədqiqatlar real iqtisadiyyatın ehtiyacları ilə əlaqələndirilir, doktorantlar isə həm akademik, həm də praktiki təcrübə qazanırlar.
Elmi fəaliyyətin maliyyələşdirilməsində də rəqabətli layihə qrantları modelinin genişləndirilməsini vacib hesab edirəm. Maliyyə vəsaitləri universitetin və ya elmi müəssisənin statusuna əsasən deyil, təqdim olunan layihənin elmi keyfiyyətinə, innovativliyinə və potensial nəticələrinə uyğun olaraq, müstəqil ekspert qiymətləndirməsi əsasında bölüşdürülməlidir. Bu, sağlam elmi rəqabət mühitinin formalaşmasına və tədqiqat potensialının daha səmərəli istifadəsinə kömək edər.
Bütün bu mexanizmlərin effektiv fəaliyyəti üçün tədqiqatçıların etibarlı məlumatlara çıxışı da təmin edilməlidir. Xüsusilə statistika və digər rəsmi məlumatların elmi məqsədlər üçün əlçatan olması idarəetmə, iqtisadiyyat və sosial elmlər sahəsində aparılan tədqiqatların keyfiyyətini birbaşa yüksəldə bilər. Məlumatların açıq və əlçatan olması elmi nəticələrin yoxlanılmasına, təkrar tədqiqatların aparılmasına və daha əsaslandırılmış qərarların qəbuluna şərait yaradır.
Düşünürəm ki, bu mexanizmlərin birlikdə tətbiqi doktoranturanı formal akademik pillədən keyfiyyətli elmi tədqiqatın, innovasiyanın və beynəlxalq əməkdaşlığın əsas platformalarından birinə çevirə bilər.
- Fransada universitetlərin beynəlxalq reytinqlərdə mövqeyini müəyyənləşdirən əsas amillər hansılardır? Azərbaycan universitetləri üçün hansı addımlar vacibdir?
- Fransanın ali təhsil və elmi-tədqiqat sistemində maraqlı təcrübələrdən biri universitetlərin institusional konsolidasiyasıdır. Uzun illər ərzində Fransanın güclü elmi-tədqiqat universitetləri, «grandes écoles» adlanan ali təhsil müəssisələri və elmi-tədqiqat institutları ayrı-ayrı strukturlar şəklində fəaliyyət göstərirdi. Bu parçalanma ölkənin elmi potensialının beynəlxalq universitet reytinqlərində bütöv şəkildə əks olunmasını çətinləşdirirdi.
Son illərdə həmin qurumların birləşdirilməsi və institusional əməkdaşlığın gücləndirilməsi nəticəsində Paris-Saclay, PSL və Sorbonne kimi iri universitet strukturları formalaşdı. Məsələn, Paris-Saclay Universiteti qısa müddət ərzində Şanxay reytinqində dünyanın ən nüfuzlu universitetləri sırasına daxil oldu. Bu təcrübə göstərir ki, elmi və akademik resursların cəmləşdirilməsi universitetlərin beynəlxalq rəqabət qabiliyyətini artıran mühüm amillərdən biridir.
Beynəlxalq universitet reytinqlərində mövqeyi müəyyən edən əsas göstəricilər sırasında elmi nəşrlərin sayı və keyfiyyəti, onların istinad göstəriciləri, beynəlxalq elmi əməkdaşlıq, nüfuzlu alimlərin fəaliyyəti və müəllim-tələbə nisbəti xüsusi yer tutur. Azərbaycan universitetləri üçün də bu istiqamətdə müəyyən institusional və akademik dəyişikliklər vacibdir. İlk növbədə, seçilmiş universitetlərdə elmi və maliyyə resurslarını cəmləşdirərək güclü tədqiqat universitetlərinin formalaşdırılmasına diqqət yetirmək lazımdır. Müəllimlərin tədris yükünün optimallaşdırılması və elmi tədqiqatlara daha çox vaxt ayırmalarına şərait yaradılması, beynəlxalq indeksli elmi jurnallarda keyfiyyətli nəşrlərin təşviqi, eləcə də xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin birgə tədqiqat layihələrinə cəlb olunması bu prosesin mühüm tərkib hissələri ola bilər.
Lakin burada ən vacib məqam universitet reytinqlərini əsas məqsədə çevirməməkdir. Reytinq yüksək keyfiyyətli təhsilin, fundamental və tətbiqi tədqiqatların, beynəlxalq elmi əməkdaşlığın və güclü akademik mühitin təbii nəticəsi olmalıdır. Əsas hədəf reytinqdə yer tutmaq deyil, beynəlxalq elmi məkanda söz sahibi olan universitetlər formalaşdırmaqdır.
Fransanın iqtisadi modelində diqqətçəkən digər məqam dövlətin iqtisadi proseslərdəki roludur. Bu ölkədə strateji- iqtisadi planlaşdırma ənənəsi İkinci Dünya müharibəsindən sonrakı dövrə gedib çıxır. Bu gün də dövlət iqtisadiyyatda müxtəlif formalarda iştirak edir: enerji, nəqliyyat və müdafiə kimi strateji sahələrdə fəaliyyət göstərən şirkətlərdə səhmdar kimi çıxış edir, "Bpifrance" dövlət investisiya bankı vasitəsilə startaplara və kiçik və orta biznes subyektlərinə maliyyə dəstəyi göstərir, «France 2030» kimi genişmiqyaslı proqramlar vasitəsilə isə gələcəyin texnologiyalarına və strateji sənaye sahələrinə investisiyalar yönəldir.
Bununla belə, Fransada dövlətin iqtisadiyyata müdaxiləsi müəyyən hüquqi və institusional çərçivələrlə məhdudlaşdırılır. Avropa İttifaqının rəqabət və dövlət yardımları ilə bağlı qaydaları bazarda ədalətli rəqabətin qorunmasına və dövlət dəstəyinin rəqabəti əsassız şəkildə təhrif etməməsinə xidmət edir. Müstəqil rəqabət qurumları, məhkəmələr və sahə tənzimləyiciləri də bu sistemdə mühüm rol oynayır. Eyni zamanda, özəl sektor iqtisadi fəaliyyətin və məşğulluğun əsas hərəkətverici qüvvəsi olaraq qalır.
Fransa təcrübəsi göstərir ki, dövlətin iqtisadiyyatda fəal iştirakı ilə özəl sektorun təşəbbüskarlığı və azad rəqabət prinsipləri arasında tarazlıq yaratmaq mümkündür. Burada əsas məsələ dövlətin bazarı əvəz etməsi deyil, strateji istiqamətləri müəyyənləşdirməsi, uzunmüddətli investisiyaları stimullaşdırması və biznesin inkişafı üçün əlverişli institusional mühit formalaşdırmasıdır.
- Azərbaycanda qeyri-neft sektorunun inkişafı, şaxələndirmə və yeni iş yerlərinin yaradılması üçün Fransa təcrübəsindən hansı mexanizmlər tətbiq oluna bilər?
- Fransa təcrübəsindən Azərbaycanın iqtisadi və institusional xüsusiyyətlərinə uyğunlaşdırılaraq tətbiq edilə biləcək bir neçə mühüm mexanizm görürəm.İlk növbədə, "Bpifrance" nümunəsində olduğu kimi, inkişaf bankı modelinin imkanlarından daha geniş istifadə etmək olar. "Bpifrance" yalnız şirkətlərə kredit və maliyyə dəstəyi göstərməklə kifayətlənmir, həm də onların inkişafının müxtəlif mərhələlərində- startapın yaradılmasından məhsulun bazara çıxarılmasına və ixraca qədər -müşayiət xidmətləri təqdim edir. Azərbaycanda da mövcud sahibkarlıq dəstəyi qurumları arasında koordinasiyanın gücləndirilməsi və biznesin bütün inkişaf mərhələlərini əhatə edən vahid «bir pəncərə» mexanizminin formalaşdırılması sahibkarlar üçün daha əlverişli mühit yarada bilər.
Digər mühüm istiqamət Fransada tətbiq olunan rəqabət klasterləri (pôles de compétitivité) modelidir. Bu model şirkətləri, universitetləri və elmi-tədqiqat mərkəzlərini konkret iqtisadi və texnoloji istiqamətlər üzrə bir araya gətirir, onların birgə layihələr həyata keçirməsinə və innovasiyaların kommersiyalaşdırılmasına şərait yaradır. Azərbaycanın iqtisadi potensialını nəzərə alaraq, aqrar-qida sənayesi, logistika, turizm, yaşıl enerji və informasiya texnologiyaları sahələrində belə klasterlərin yaradılması perspektivli ola bilər. Bu yanaşma həm regionların iqtisadi inkişafına, həm də elmi biliklərin real istehsalata tətbiqinə töhfə verə bilər.
Şirkətlərin tədqiqat və innovasiya fəaliyyətini stimullaşdırmaq üçün vergi güzəştləri və tədqiqat xərclərinə görə vergi krediti mexanizminin tətbiqi də nəzərdən keçirilə bilər. Fransada mövcud olan "Crédit d'Impôt Recherche" (CIR) sistemi şirkətlərin elmi-tədqiqat və innovasiya xərclərinin müəyyən hissəsinin vergi öhdəliklərindən çıxılmasına imkan verir. Bu cür mexanizm özəl sektorun elmi tədqiqatlara investisiya yatırmaq marağını artırmaqla universitetlərlə biznes arasında əməkdaşlığı da gücləndirə bilər.
Nəhayət, dual təhsil, yəni alternance modelinin genişləndirilməsini vacib hesab edirəm. Bu sistem tələbələrə təhsil müddətində vaxtlarının bir hissəsini şirkətlərdə praktiki fəaliyyətə, digər hissəsini isə nəzəri biliklərin əldə edilməsinə ayırmağa imkan verir. Beləliklə, gənclər əmək bazarına daxil olarkən artıq müəyyən iş təcrübəsinə və peşəkar bacarıqlara malik olurlar. Fransada bu modelin geniş yayılması gənclərin məşğulluğuna müsbət təsir göstərən mexanizmlərdən birinə çevrilib.
Düşünürəm ki, bu təcrübələrin Azərbaycanda tətbiqi zamanı əsas məqsəd onları olduğu kimi köçürmək deyil, ölkəmizin iqtisadi prioritetlərinə, əmək bazarının tələblərinə və mövcud institusional imkanlarına uyğunlaşdırmaq olmalıdır. Əsas məsələ dövlət, biznes və universitetlər arasında davamlı əməkdaşlıq mühitinin yaradılmasıdır.
- Fransada gənclərin əmək bazarına çıxışı necə tənzimlənir? Universitet məzunlarının işlə təmin olunması üçün dövlət və ali təhsil müəssisələri hansı dəstəyi göstərir?
- Fransada gənclərin məşğulluğunun və peşəkar inkişafının dəstəklənməsi bir neçə istiqamət üzrə həyata keçirilir. İlk növbədə, bu dəstək təhsil sisteminin özündən başlayır. Magistratura proqramlarının əksəriyyətində istehsalat və ya peşə təcrübəsi (stage) tədris prosesinin mühüm tərkib hissəsidir. İki aydan artıq davam edən təcrübələr isə qanunvericiliyə əsasən ödənişli olmalıdır. Universitetlərdə fəaliyyət göstərən peşəkar inteqrasiya xidmətləri tələbələrə CV hazırlamaq, iş müsahibələrinə hazırlaşmaq, potensial işəgötürənlərlə əlaqə qurmaq və əmək bazarına uyğunlaşmaq istiqamətində dəstək göstərir. Bir çox universitet məzunlarının karyera inkişafını da izləyir.
Digər mühüm mexanizm dual təhsil sistemidir. Bu model çərçivəsində tələbə təhsil müddətində vaxtının bir hissəsini şirkətdə əmək müqaviləsi əsasında ödənişli işləməklə, digər hissəsini isə universitetdə təhsil almaqla keçirir. Beləliklə, gənclər diplom əldə etməklə yanaşı, real iş təcrübəsi və peşəkar bacarıqlar da qazanırlar. Dövlət də bu model çərçivəsində gəncləri işə götürən şirkətlərə müxtəlif maliyyə dəstəyi mexanizmləri təqdim edir. Bu yanaşma təhsillə əmək bazarı arasında əlaqənin gücləndirilməsində mühüm rol oynayır.
Bununla yanaşı, dövlət məşğulluq xidməti olan "France Travail" və yerli gənclər mərkəzləri (Missions Locales) iş axtaran gənclərə fərdi dəstək göstərir. Bu qurumlar onların peşə seçiminə, iş axtarışına, təlim proqramlarına qoşulmasına və əmək bazarına inteqrasiyasına kömək edirlər.
Bütün bu mexanizmlərə baxmayaraq, Fransada gənclər arasında işsizlik səviyyəsi ümumi işsizlik göstəricisindən yüksək olaraq qalır. Bu isə onu göstərir ki, əmək bazarında uğur qazanmaq üçün yalnız ali təhsil diplomuna malik olmaq kifayət etmir. Gənclər hələ təhsil aldıqları müddətdə praktiki bilik və bacarıqlar qazanmalı, real iş mühiti ilə tanış olmalı və peşəkar əlaqələr qurmalıdırlar. Məncə, təhsillə əmək bazarı arasında bu əlaqənin gücləndirilməsi gənclərin məşğulluq imkanlarının artırılmasının əsas şərtlərindən biridir.
- Fransada qadınların rəhbər vəzifələrdə, akademik mühitdə və biznes sektorunda təmsilçiliyi hansı səviyyədədir?

- Fransa qadınların karyera inkişafını və rəhbər vəzifələrdə təmsilçiliyini dəstəkləmək üçün bir sıra konkret qanunvericilik və institusional mexanizmlər tətbiq edir. Bu sahədə mühüm addımlardan biri 2011-ci ildə qəbul edilmiş Copé-Zimmermann qanunu olub. Həmin qanun iri şirkətlərin direktorlar şuralarında hər bir cinsin ən azı 40 faiz təmsil olunmasını nəzərdə tutur. Nəticədə Fransa korporativ idarəetmədə qadınların təmsilçiliyi baxımından beynəlxalq miqyasda ön sıralara yüksəlib.
2021-ci ildə qəbul edilmiş Rixain qanunu isə gender balansı tələblərini daha yüksək rəhbər vəzifələrə də şamil edir. Qanuna əsasən, iri şirkətlərin ali rəhbər vəzifələrində qadınların təmsilçiliyinin mərhələli şəkildə artırılması, 2027-ci ilədək ən azı 30 faizə, 2030-cu ilədək isə 40 faizə çatdırılması nəzərdə tutulur.
Bundan əlavə, 50 və daha çox işçisi olan şirkətlər hər il qadın və kişilər arasında əməkhaqqı bərabərliyini qiymətləndirən xüsusi indeksi dərc etməlidirlər. Dövlət qulluğunda yüksək vəzifələrə təyinatlarda, eləcə də akademik seçki və qiymətləndirmə komissiyalarında gender balansının qorunmasına yönəlmiş tələblər də mövcuddur.
Bununla belə, qanunvericilik sahəsində əldə olunan irəliləyişlərə baxmayaraq, müəyyən problemlər hələ də qalmaqdadır. İri şirkətlərin baş icraçı direktorları arasında qadınların sayı məhduddur, dəqiq elmlər və mühəndislik sahələrində qadın tədqiqatçıların təmsilçiliyi isə arzuolunan səviyyədə deyil.
Mənim şəxsi müşahidəmə görə, kvotalar qadınlar üçün yeni imkanların və karyera yollarının açılmasında mühüm rol oynayır. Lakin davamlı və real dəyişiklik yalnız qanunvericilik tədbirləri ilə mümkün deyil. Bunun üçün mentorluq proqramlarının inkişafı, peşəkar şəbəkələrin genişləndirilməsi, qadınların rəhbər vəzifələrə hazırlanması, eləcə də iş və ailə həyatının uzlaşdırılmasını dəstəkləyən şəraitin yaradılması vacibdir. Əsas məqsəd qadınların yalnız rəhbər vəzifələrdə təmsil olunmasını deyil, həm də qərarların qəbulunda real iştirakını və peşəkar inkişaf üçün bərabər imkanlara malik olmasını təmin etməkdir.
- Süni intellekt dünya iqtisadiyyatını və əmək bazarını sürətlə dəyişir. Fransada bu texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrinə inteqrasiyası hansı mərhələdədir?
- Fransa süni intellekti strateji prioritetlərindən biri kimi müəyyənləşdirib və bu sahədə Avropanın aparıcı ölkələrindən birinə çevrilib. 2018-ci ildən etibarən ölkədə süni intellekt üzrə milli strategiya həyata keçirilir. «France 2030» proqramı çərçivəsində isə elmi-tədqiqat klasterlərinin, innovasiya mərkəzlərinin və müasir hesablama infrastrukturunun inkişafına əhəmiyyətli maliyyə vəsaiti ayrılır. 2025-ci ilin fevralında Parisdə keçirilən Süni İntellekt üzrə Fəaliyyət Sammiti də Fransanın bu sahədəki ambisiyalarını bir daha nümayiş etdirdi. Sammit çərçivəsində Fransada data mərkəzlərinin və süni intellekt infrastrukturunun inkişafı üçün yüz milyardlarla avro həcmində investisiya planları elan olundu. Mistral AI kimi şirkətlər isə Avropanın süni intellekt sahəsində texnoloji müstəqilliyini və rəqabətqabiliyyətliliyini təmin etmək səylərinin mühüm nümunələrindən birinə çevrilib.
Bununla belə, süni intellekt texnologiyalarını yaratmaqla onların real iqtisadi sektorlarda tətbiqi arasında müəyyən fərqlər var. Böyük şirkətlər, xüsusilə bank, sığorta, sənaye və enerji sektorunda fəaliyyət göstərən qurumlar süni intellekt həllərini öz iş proseslərinə daha fəal şəkildə inteqrasiya edirlər. Kiçik və orta biznes subyektlərində isə bu proses nisbətən ləng gedir.
Konsaltinq sahəsindəki gündəlik müşahidələrim göstərir ki, şirkətlərin süni intellektə münasibəti artıq dəyişib. Onlar əvvəlki kimi «Süni intellekt nədir?» sualına deyil, daha çox «Bu texnologiyanı biznes proseslərimizə necə təhlükəsiz, səmərəli və etik şəkildə inteqrasiya edə bilərik?» sualına cavab axtarırlar. Bu isə süni intellektin artıq nəzəri müzakirə mövzusu olmaqdan çıxaraq real iqtisadi və idarəetmə alətinə çevrildiyini göstərir.
Bu prosesdə Avropa İttifaqının Süni İntellekt Aktı da mühüm rol oynayır. Akt süni intellekt sistemlərinin istifadəsi üçün risk əsaslı tənzimləyici çərçivə müəyyən edir, innovasiyaların inkişafı ilə yanaşı, təhlükəsizlik, şəffaflıq və fundamental hüquqların qorunmasını da nəzərdə tutur. Beləliklə, Avropada əsas diqqət yalnız süni intellekt texnologiyalarının inkişafına deyil, həm də onların məsuliyyətli və etibarlı şəkildə tətbiqinə yönəlir.
- Süni intellekt gələcəkdə hansı peşələrin əhəmiyyətini azalda, hansılarının dəyərini artıra bilər? Azərbaycan gəncləri hansı istiqamətlərə üstünlük verməlidir?
- Süni intellektin əmək bazarına təsiri ilə bağlı əsas məqam ondan ibarətdir ki, bu texnologiya peşələri tamamilə aradan qaldırmaqdan daha çox, onların məzmununu və icra olunan tapşırıqları dəyişdirir. Ən çox təsirə məruz qalacaq sahələr təkrarlanan və standartlaşdırılmış intellektual işlərlə bağlıdır. Məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə tərcümələr, ilkin mühasibat əməliyyatları, standart müştəri xidmətləri və hətta proqramlaşdırmanın müəyyən istiqamətləri bu prosesə nümunə ola bilər.
Digər tərəfdən, süni intellekt texnologiyalarını yaradan, inkişaf etdirən və idarə edən mütəxəssislərə tələbatın artacağı gözlənilir. Data elmi, maşın öyrənməsi və kibertəhlükəsizlik bu baxımdan xüsusi əhəmiyyət kəsb edən sahələrdir. Eyni zamanda, öz ixtisas sahəsinin biliklərini texnoloji imkanlarla birləşdirə bilən mütəxəssislərin üstünlüyü artacaq. Məsələn, süni intellekt alətlərindən səmərəli istifadə edən iqtisadçılar, hüquqşünaslar və həkimlər gələcəyin əmək bazarında daha rəqabətqabiliyyətli olacaqlar. İnsanlarla birbaşa ünsiyyət, müstəqil mühakimə, qərarvermə və məsuliyyət tələb edən rəhbərlik, danışıqlar, səhiyyə və təhsil kimi sahələr, eləcə də ixtisaslı texniki peşələr də öz əhəmiyyətini qoruyacaq.
Azərbaycan gənclərinə əsas tövsiyəm isə dəyişən texnoloji mühitə uyğunlaşmaqla yanaşı, fundamental biliklərə xüsusi önəm vermələridir. Riyaziyyat, statistika və məntiq kimi baza bilikləri möhkəm olmalıdır. Çünki texnologiyalar və istifadə olunan alətlər dəyişsə də, bu biliklərin əhəmiyyəti dəyişmir.
Gənclər süni intellekt alətlərindən öz ixtisasları üzrə gündəlik fəaliyyətlərində istifadə etməyi öyrənməlidirlər. Gələcəkdə həlledici amil süni intellektlə rəqabət aparmaq deyil, onun imkanlarından düzgün və səmərəli istifadə etmək bacarığı olacaq. Bununla yanaşı, tənqidi təfəkkürün inkişafı xüsusi əhəmiyyət daşıyır. Süni intellektin təqdim etdiyi məlumatları yoxlamaq, təhlil etmək və onların nə dərəcədə doğru olduğunu qiymətləndirmək bacarığı getdikcə daha çox dəyər qazanacaq.
Xarici dilləri öyrənmək, ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək də gənclər üçün mühüm üstünlükdür. Ən əsası isə ömürboyu öyrənməyi həyat tərzinə çevirmək lazımdır. Çünki bugünkü əmək bazarında əldə etdiyimiz bilik və bacarıqların bir neçə ildən sonra yenilənməsinə ehtiyac yaranacaq. Gələcəyin uğurlu mütəxəssisi yalnız bir sahəni yaxşı bilən deyil, yeniliklərə açıq olan, daim öyrənən və texnoloji dəyişikliklərə çevik uyğunlaşa bilən şəxs olacaq.
- Fransada universitetlər, elmi tədqiqat mərkəzləri və özəl şirkətlər arasında əməkdaşlıq necə qurulur? Azərbaycanda bu üç tərəfin daha səmərəli əməkdaşlığı üçün hansı model tətbiq edilə bilər?

- Fransada bu əməkdaşlıq təsadüfi təşəbbüslərə deyil, institusional mexanizmlərə əsaslanır. Laboratoriyaların böyük hissəsi universitetlə CNRS kimi milli tədqiqat təşkilatlarının birgə strukturlarıdır. Şirkətlərlə tərəfdaşlıqda uğurlu olan laboratoriyalar "Carnot" statusu alır və əlavə maliyyə qazanır. Rəqabət klasterləri isə eyni regionda şirkətləri, universitetləri və tədqiqat mərkəzlərini birgə layihələr ətrafında birləşdirir. Buna CIFRE sənaye doktoranturasını və tədqiqata görə vergi kreditini əlavə etsək, şirkət üçün universitetlə işləmək həm maraqlı, həm də sərfəli olur.
Paris-Saclay bu modelin canlı nümunəsidir: eyni ərazidə universitet, mühəndislik məktəbləri, milli tədqiqat mərkəzləri və iri şirkətlərin tədqiqat bölmələri yerləşir. Azərbaycan üçün təklif etdiyim model mərhələli olardı: əvvəlcə iki-üç prioritet sahə seçmək (məsələn, enerji keçidi, aqrar-qida, rəqəmsal texnologiyalar); hər sahədə universitet, tədqiqat institutu və bir neçə şirkətdən ibarət konsorsium yaratmaq; birgə layihələri dövlət və özəl tərəfin ortaq maliyyələşdirməsi ilə həyata keçirmək; nəticələri isə ölçülə bilən göstəricilərlə- patent, birgə məqalə, işə götürülən məzun- qiymətləndirmək.
- Fransada elmi araşdırmaların maliyyələşdirilməsi hansı prinsiplər əsasında həyata keçirilir? Dövlət qrantları, özəl sektorun dəstəyi və beynəlxalq layihələrin rolu nə qədərdir?
- Fransada maliyyələşmə bir neçə mənbənin birləşməsindən ibarətdir: Baza maliyyələşməsi: dövlət universitetlərin və tədqiqat təşkilatlarının əməkhaqqı və infrastruktur xərclərini qarşılayır. Tədqiqatçıların böyük hissəsi daimi dövlət qulluqçusu statusundadır, bu da uzunmüddətli tədqiqat üçün sabitlik yaradır.
Milli Tədqiqat Agentliyi (ANR - L’Agence nationale de la recherche) layihələri müstəqil ekspert rəyi əsasında seçir. "France 2030" kimi böyük investisiya proqramları isə strateji sahələri hədəfləyir. Ölkədə tədqiqat xərclərinin əhəmiyyətli hissəsini şirkətlər həyata keçirir. Tədqiqata görə vergi krediti bunun əsas stimuludur - o, OECD ölkələri arasında ən səxavətli mexanizmlərdəndir.
Avropa İttifaqının "Horizon Europe" proqramı və Avropa Tədqiqat Şurasının (ERC - European Research Council) qrantları xüsusilə yüksək səviyyəli tədqiqatçılar üçün çox vacibdir. Fransa bu proqramların əsas benefisiarlarındandır.
Əsas prinsip maliyyə mümkün qədər rəqabətli, şəffaf və müstəqil ekspertizaya əsaslanmalıdır. Azərbaycanın beynəlxalq proqramlarda- xüsusilə Avropa İttifaqının açıq tədqiqat proqramlarında- daha fəal iştirakı həm maliyyə, həm də keyfiyyət baxımından böyük imkandır.
- Elmi tədqiqatların nəticələrinin iqtisadi dəyərə çevrilməsi, yəni universitetlərdə yaradılan elmi yeniliklərin biznesə və istehsalata tətbiqi Fransada necə həyata keçirilir?
- Fransa bu sahədə uzun müddət zəif hesab olunurdu- güclü elm, lakin zəif kommersiyalaşma. Bu problemi həll etmək üçün xüsusi qurumlar yaradıldı. Texnologiya transferi cəmiyyətləri (SATT - Les sociétés d'accélération du transfert de technologies) universitet laboratoriyalarındakı ixtiraları müəyyən edir, onların patentləşdirilməsini maliyyələşdirir, prototipə çevirir və şirkətlərə lisenziya verir və ya startap yaradılmasına kömək edir. Qanunvericilik də buna şərait yaradır: dövlət tədqiqatçısı öz tədqiqatı əsasında şirkət yarada və ya ona məsləhətçi ola bilir, bir müddət sonra isə əvvəlki statusuna qayıda bilir.
Universitet inkubatorları, dövlətin innovasiya müsabiqələri və Bpifrance-ın "deep tech" startaplar üçün xüsusi proqramları bu zənciri tamamlayır. Azərbaycan üçün ilk addım universitetlərdə peşəkar texnologiya transferi ofislərinin yaradılması və intellektual mülkiyyət hüquqlarının- universitet, tədqiqatçı və şirkət arasında- aydın qaydalarla bölüşdürülməsi olardı. Tədqiqatçı öz ixtirasından fayda görəndə kommersiyalaşma təbii prosesə çevrilir.
- Sizcə, Azərbaycan universitetlərinin ən güclü tərəfləri hansılardır? Hansı istiqamətlərdə ciddi dəyişikliklərə ehtiyac var?
- Ən güclü tərəfimiz insan potensialıdır. Azərbaycan tələbələri motivasiyalı, çoxdillidir və öyrənməyə açıqdır; riyaziyyat və təbiət elmlərində güclü məktəb ənənəmiz var. Son illərdə beynəlxalq standartlarla işləyən universitetlər yaranıb, xarici universitetlərlə birgə proqramlar və dövlətin xaricdə təhsil proqramları minlərlə gəncə dünya təcrübəsi qazandırıb.
Dəyişiklik tələb olunan istiqamətləri isə belə görürəm: birincisi, tədqiqat mədəniyyəti- müəllimlərin dərs yükü azaldılmalı, tədqiqat fəaliyyəti karyera inkişafının əsas meyarına çevrilməlidir. İkincisi, işəgötürənlərlə tədris proqramlarının birgə hazırlanması. Və nəhayət, akademik dürüstlük- plagiatla mübarizə və müstəqil qiymətləndirmə keyfiyyətin təməlidir.
- Fransada təhsil alan azərbaycanlı tələbələrin ən çox çətinlik çəkdiyi məsələlər hansılardır? Onların akademik mühitə və əmək bazarına uyğunlaşması üçün hansı tövsiyələri verərdiniz?
- Əsas çətinliklər dörd sahədə toplanır. Birincisi, dil: proqram ingilis dilində olsa belə, gündəlik həyat, inzibati işlər və xüsusilə iş axtarışı fransız dili tələb edir. İkincisi, inzibati prosedurlar: yaşayış icazəsi, mənzil tapmaq, bank hesabı- bunlar ilk aylarda çox vaxt və enerji aparır. Üçüncüsü, akademik mədəniyyətdir. Fransada müstəqil iş, tənqidi təhlil və strukturlaşdırılmış yazı çox yüksək qiymətləndirilir, mənbəyə istinad qaydaları isə çox sərtdir. Dördüncüsü, peşəkar şəbəkənin olmamasıdır.
Fransız dilini yola çıxmazdan əvvəl öyrənməyə başlayın və orada da davam edin- bu, karyera üçün ən böyük investisiyadır. Təhsilin ilk ilindən təcrübə (stage) və ya dual təhsil imkanları axtarın; Fransada ilk iş çox vaxt təcrübədən gəlir. Universitetin karyera xidmətindən, məzunlar şəbəkəsindən və tələbə assosiasiyalarından fəal istifadə edin. Yalnız azərbaycanlı icması ilə məhdudlaşmayın: yerli və beynəlxalq dostlar həm uyğunlaşmanı, həm də şəbəkəni sürətləndirir. Və Fransada fəaliyyət göstərən ALIM elmi assosiasiyasına üzv olun.
- Azərbaycanlı gənclər xaricdə təhsil üçün ölkə seçərkən yalnız universitetin reytinqini, yoxsa həmin ölkənin əmək bazarını, elmi imkanlarını və karyera perspektivlərini də nəzərə almalıdırlar?
- Mütləq hamısını. Reytinq yalnız bir göstəricidir və çox vaxt universitetin tədqiqat nüfuzunu ölçür, sizin konkret proqramınızın keyfiyyətini yox. Ölkə seçərkən mən aşağıdakı suallara cavab verməyi tövsiyə edirəm: Bu ölkə mənim sahəmdə güclüdürmü? Təhsildən sonra orada işləmək hüququm və real imkanım varmı? Hansı dili öyrənəcəyəm və bu dil karyeram üçün nə qədər dəyərlidir?
Təhsilin və yaşayışın ümumi xərci nə qədərdir? Və nəhayət, gələcəkdə Azərbaycana qayıtmaq istəsəm, bu diplom və təcrübə burada necə qiymətləndiriləcək? Fransa, məsələn, dövlət universitetlərində təhsil haqqının bir çox ölkə ilə müqayisədə aşağı olması, güclü tədqiqat mühiti və mühəndislik, iqtisad, riyaziyyat kimi sahələrdəki nüfuzu ilə cəlbedicidir. Lakin uğur üçün fransız dilinə investisiya etməyə hazır olmaq lazımdır.
- Fransada dövlət və özəl universitetlər arasında təhsil imkanları, maliyyələşmə və diplomun tanınması baxımından hansı fərqlər var? Bu model Azərbaycan üçün nə dərəcədə nümunə ola bilər?

- Fransa sistemi özünəməxsusdur. Dövlət universitetləri əsasən dövlət tərəfindən maliyyələşir, təhsil haqqı simvolikdir və tədqiqatın böyük hissəsi burada aparılır. Bunun yanında "grandes écoles"- mühəndislik, biznes və idarəetmə məktəbləri var. Onların bir hissəsi dövlət, bir hissəsi (xüsusilə biznes məktəbləri) özəl və ya yarı-özəldir, çox seçicidir və təhsil haqqı yüksəkdir. Əmək bazarında, xüsusilə özəl sektorda, bu məktəblərin diplomları çox yüksək qiymətləndirilir.
Diplomun tanınmasında əsas meyar "dövlət və ya özəl" deyil, akkreditasiyadır. Dövlət müstəqil qiymətləndirmə əsasında hansı diplomun bakalavr və ya magistr dərəcəsinə bərabər olduğunu təsdiqləyir. Bəzi özəl məktəblərin diplomları isə dövlət tərəfindən tanınmır və tələbələr bunu əvvəlcədən yoxlamalıdır.
Azərbaycan üçün, ümumiyyətlə istənilən ölkə üçün, əsas cəhət budur: keyfiyyət mülkiyyət formasından asılı olmamalıdır. Həm dövlət, həm də özəl universitetlər eyni müstəqil keyfiyyət təminatı mexanizmindən keçməli, nəticələr- məzunların məşğulluğu, tədqiqat çıxış- açıq şəkildə dərc olunmalıdır. Bu, tələbəyə məlumatlı seçim etmək imkanı verir.
- "Onepoint" şirkətində menecer-konsultant kimi fəaliyyət göstərirsiniz. Azərbaycanda bu sahədə çalışan gənclər özlərini hansı istiqamətlərdə inkişaf etdirməlidir?
- "Onepoint"-də dəyişikliklərin idarə edilməsi üzrə menecer-konsultant (Change Manager) kimi çalışıram. Müxtəlif sahələrdən olan müştərilərin layihələrində iştirak edirəm və bu layihələrin miqyası çox fərqlidir: bir departamentdə yeni alətin tətbiqindən minlərlə işçini əhatə edən təşkilati transformasiyalara qədər. İşimin mahiyyəti transformasiyanın insan tərəfidir: yeni sistem, proses və ya təşkilati quruluş texniki baxımdan nə qədər yaxşı olsa da, insanlar onu qəbul etməsə, uğur qazanmır.
Fransada konsaltinqdə, xüsusilə mənim sahəmdə, əsas tələb olunan bacarıqlar bunlardır: strukturlaşdırılmış və analitik düşüncə; maraqlı tərəflərin təhlili və müqavimətin idarə edilməsi; aydın kommunikasiya, seminar və təlimləri aparmaq bacarığı; layihə idarəçiliyi; rəqəmsal transformasiya və süni intellekt üzrə savad. Müxtəlif müştərilərlə işləmək həm də sürətli uyğunlaşma tələb edir. Hər yeni layihə yeni sahə, yeni korporativ mədəniyyət və yeni insanlar deməkdir.
Azərbaycanda konsaltinqdə karyera qurmaq istəyən gənclərə konkret tövsiyələrim də var. Məsələn, yerli transformasiyalara yaxından baxın. Dövlət xidmətlərinin rəqəmsallaşması, bank sektorunun yenilənməsi, enerji keçidi və iri infrastruktur layihələri Azərbaycanda layihə və dəyişiklik idarəçiliyinə real tələbat yaradır. Bu layihələrdə, hətta kiçik rolda olsa belə, iştirak etməyə çalışın. İlk təcrübəni düzgün yerdə qazanın. Bakıda fəaliyyət göstərən beynəlxalq və yerli konsaltinq şirkətlərinin təcrübə proqramlarını izləyin; iri şirkətlərin daxili layihə və transformasiya ofisləri də yaxşı məktəbdir.
Metodologiyanı öyrənmək çox vacibdir. Layihə idarəçiliyi (PMP, PRINCE2), çevik yanaşma (Agile, Scrum) və dəyişikliklərin idarə edilməsi (məsələn, ADKAR modeli) beynəlxalq konsaltinqin ortaq dilidir. Sertifikat faydalıdır, lakin onu real layihədə tətbiq etməyiniz daha önəmlidir.
İş alətlərini mükəmməl bilmək xüsusilə önəmlidir. Excel, aydın hekayə quran təqdimatlar, məlumatların vizuallaşdırılması və süni intellekt alətləri gündəlik işin əsasıdır. Həmçinin, kiçik portfolio yaradın. İştirak etdiyiniz iki-üç layihəni "problem - yanaşma - nəticə" formatında qısa təsvir edin; müsahibədə bu, diplomdan daha inandırıcıdır.
Bir-iki sahə üzrə dərin ekspertiza qazanın, məsələn, enerji, maliyyə, telekommunikasiya və ya dövlət idarəçiliyi.
İBütün bunlarla yanaşı, həm də insanlarla işləmə bacarığını inkişaf etdirin: dinləmək, seminar aparmaq, müqavimətlə konstruktiv işləmək. Dəyişikliklərin idarə edilməsində bu, texniki bilik qədər vacibdir. Geribildirimi inkişaf vasitəsi kimi qəbul edin. Konsaltinqdə hər layihədən sonra açıq geribildirim adi təcrübədir.
- ADA Universitetində MBA proqramı üzrə mühazirələr oxuyursunuz. Azərbaycanlı tələbələrin idarəetmə, iqtisadi düşüncə və biznes yanaşmalarında hansı üstünlükləri və çatışmazlıqları müşahidə edirsiniz?

- ADA Universitetinin MBA tələbələri müxtəlif sahələrdən gəlir, fərqli təhsil və peşəkar təcrübəyə malikdirlər. Bu müxtəliflik auditoriyadakı müzakirələri çox zənginləşdirir.
Mənim üçün isə bu, həm də Azərbaycan əmək bazarının bugünkü dinamikasını yaxından tanımaq imkanıdır: tələbələrin gətirdiyi real nümunələr şirkətlərin hansı problemlərlə üzləşdiyini və hansı bacarıqlara ehtiyac duyduğunu birbaşa göstərir. Ümumiyyətlə, azərbaycanlı tələbələrin çox zəhmətkeş olduğunu düşünürəm və bu, tələbədə ən çox dəyər verdiyim keyfiyyətlərdən biridir. Onlar qeyri-müəyyən şəraitdə çevik qərar verməkdə güclüdür və bir neçə dildə rahat işləyirlər.
İnkişaf etdirilməli tərəflər kimi isə ilk növbədə yumşaq bacarıqları görürəm: fərdi deyil, qrup və komanda kimi işləmək, komanda daxilində səlahiyyət bölgüsü, fərziyyələri sual altına qoymaq və müzakirəyə açıq olmaq bacarıqları və s. Ən əsası isə MBA proqramının üstünlüklərindən düzgün istifadə etmək çox zəruridir. Bu proqram təkcə diplom deyil, həm də müxtəlif sahələrdən olan həmkarlarla şəbəkə qurmaq, yeni yanaşmaları sınamaq və karyera istiqamətini yenidən düşünmək imkanıdır.
- Fransa-Azərbaycan Dialoqu və "Alim" elmi assosiasiyasi çərçivəsində fəaliyyətinizin əsas hədəfləri nələrdir? Xaricdə yaşayan azərbaycanlı alimlərin ölkəmizin inkişafına töhfəsini artırmaq üçün hansı konkret addımlar atılmalıdır?
- Xaricdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı alimlərlə bağlı əsas yanaşmam ondan ibarətdir ki, məqsədimiz «beyin axını»nı dayandırmaq deyil, onu «beyin dövriyyəsi»nə çevirmək olmalıdır. Alimin Azərbaycana qayıtması onun ölkəmizin elmi inkişafına töhfə verməsinin yeganə yolu deyil. O, xaricdə fəaliyyətini davam etdirməklə də Azərbaycan elminə, ali təhsil sisteminə və beynəlxalq elmi əməkdaşlığa mühüm töhfələr verə bilər. Əsas məsələ bu potensialdan səmərəli istifadə etmək və xaricdəki alimlərlə Azərbaycan arasında davamlı əməkdaşlıq mexanizmləri formalaşdırmaqdır.
Bu istiqamətdə ilk növbədə xaricdə çalışan azərbaycanlı alim və mütəxəssislərin elmi fəaliyyət sahələri, təcrübələri və əlaqə imkanları üzrə vahid məlumat bazasının yaradılması vacibdir. Qeyd edim ki, Dünya Azərbaycanlı Alimləri Birliyi artıq bu istiqamətdə müvafiq fəaliyyətə başlayıb.
Digər mühüm istiqamət xaricdə fəaliyyət göstərən alimlərin Azərbaycan universitetlərində qısamüddətli kurslar və yay məktəbləri keçməsi, birgə tədqiqatlar aparması, doktorantlara elmi rəhbərlik etməsi üçün çevik mexanizmlərin yaradılmasıdır. Eyni zamanda, diasporada yaşayan alimlərin qrant layihələrinin, elmi proqramların və dissertasiya işlərinin qiymətləndirilməsi prosesinə cəlb olunması ölkəmizdə elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına töhfə verə bilər.
Azərbaycanda və xaricdə çalışan tədqiqatçıların birgə elmi layihələrlə müraciət edə biləcəyi xüsusi qrant proqramlarının yaradılması da mühüm əhəmiyyət daşıyır. Bu cür maliyyə mexanizmləri beynəlxalq elmi əməkdaşlığı genişləndirməklə yanaşı, bilik və təcrübə mübadiləsini də stimullaşdıra bilər.
Bununla yanaşı, xarici diplom və elmi dərəcələrin tanınması ilə bağlı inzibati prosedurların sadələşdirilməsi, Azərbaycana qayıtmaq və ya ölkəmizdə elmi fəaliyyət göstərmək istəyən alimlər üçün rəqabətqabiliyyətli əməkhaqqı, müasir tədqiqat infrastrukturu və əlverişli akademik mühitin təmin edilməsi vacibdir.
İnanıram ki, bu mexanizmlərin ardıcıl şəkildə həyata keçirilməsi xaricdəki azərbaycanlı alimlərin potensialını ölkəmizin elmi inkişafına daha səmərəli şəkildə yönəltməyə imkan verəcək. Bizim məqsədimiz alimləri mütləq şəkildə Azərbaycana qaytarmaq deyil, onların harada yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq, Azərbaycan elminin inkişafının fəal iştirakçılarına çevrilmələri üçün şərait yaratmaqdır.
- Akademik və peşəkar təcrübənizə əsaslanaraq, Azərbaycanda təhsil alan və gələcəkdə beynəlxalq səviyyədə rəqabət aparmaq istəyən gənclərə hansı tövsiyələri verərdiniz?
- İlk tövsiyəm möhkəm təməl qurmaqdır: dərin biliyi heç bir qısa yol əvəz etmir. İkincisi, dillər- ingilis dili artıq zərurətdir, ikinci və üçüncü xarici dil isə həqiqi üstünlük verir. Üçüncüsü, beynəlxalq təcrübəyə erkən başlayın: mübadilə proqramları, yay məktəbləri, onlayn kurslar, beynəlxalq müsabiqələr- bunların hamısı əlçatandır.
Dördüncüsü, təcrübəni təhsil illərində qazanın və ətrafınızda mentorlar axtarın; doğru insanın verdiyi bir məsləhət illərə qənaət edə bilər. Beşincisi, uğursuzluqdan qorxmayın. Fransada mən gördüm ki, səhv etmək öyrənmə prosesinin təbii hissəsi sayılır. Və nəhayət, harada olursunuzsa olun, Azərbaycanla əlaqənizi saxlayın, bacardığınız qədər vətənə yararlı övlad olmaga çalışın.
Dünya Azərbaycan Alimlər Birliyi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı alimləri bir araya gətirən, elmi əlaqələrin möhkəmləndirilməsinə və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən platformadır. Birlik Azərbaycan elminin beynəlxalq səviyyədə tanıdılması, xaricdə çalışan alimlərin elmi potensialının ölkəmizlə əlaqələndirilməsi və bilik mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli rol oynaya bilər.
Qeyd edək ki, Dünya Azərbaycanlı Alimlər Birliyi ilə AzEdu Təhsil Platforması arasında anlaşma memorandumu imzalanıb.