Türkiyədə 100 min müəllimin işə təyin olunması ilə bağlı əlavə büdcə təklifi qəbul edilməyib. Müəllimlərin işə qəbulu və əmək hüquqları ilə bağlı bir sıra qanun layihələri isə parlament komissiyasında müzakirə gözləyir.
AzEdu.az Türkiyənin “Cumhuriyet” nəşrinə istinadən xəbər verir ki, Türkiyə Milli Təhsil Nazirliyinin büdcəsinin müzakirəsi zamanı müxalifət partiyalarının müəllim təyinatları ilə bağlı təqdim etdiyi əlavə maliyyə vəsaiti təklifləri rədd edilib.Belə ki, YENİ Partiyasının 100 min müəllimin işə qəbulu üçün Əsas Təhsil Proqramına əlavə büdcə ayrılması təklifi qəbul olunmayıb.
Bundan başqa, Cümhuriyyət Xalq Partiyasının (CHP) təxminən, 1 milyon müəllimin təyinatı üçün əlavə 200 milyard lirə ayrılması barədə təklifi də rədd edilib. İYİ Partiyasının 50 min müəllimin işə qəbulu üçün 155 milyard YTL əlavə vəsait ayrılması təklifi də dəstək almayıb.Məsələ bununla da yekunlaşmayıb. Müəllimlərin əmək və sosial hüquqlarının yaxşılaşdırılması ilə bağlı bir sıra qanun layihələri də Türkiyə Böyük Millət Məclisinin Təhsil Komissiyasında müzakirə olunmağı gözləyir.
Həmin təkliflər arasında müəllimlərə ildə bir dəfə əməkhaqqı məbləğində əlavə ödəniş verilməsi, özəl təhsil müəssisələrində çalışan müəllimlərin iş şəraitinin yaxşılaşdırılması, müəllimlikdə karyera pillələri sisteminin ləğvi və əməkhaqlarının dərəcələrə uyğun artırılması məsələləri yer alır.
Eyni zamanda, 2023 və 2024-cü illərin KPSS nəticələrinə əsasən müəllim təyinatı kvotasına daxil olduğu halda şifahi imtahan nəticəsində siyahıdan kənarda qalan namizədlərin yenidən imtahana cəlb edilməsi və müqaviləli müəllim kimi işə götürülməsi ilə bağlı təklifin də 8 aydır komissiyada gözlədiyi bildirilir.Müəllimlərin işə qəbulunda müsahibə mərhələsinin ləğv edilməsi ilə bağlı qanun layihəsi də hələ müzakirəyə çıxarılmayıb.