Azedu.az

İspaniyada ilk azərbaycanşünaslıq magistraturası açılıb

Xaricdə təhsil

21 Noyabr 2026, 12:03
İspaniyada ilk azərbaycanşünaslıq magistraturası açılıb

İspaniyanın Barselona şəhərində yerləşən Abat Oliba CEU Universitetində azərbaycanşünaslıq üzrə magistratura proqramının tədrisinə başlanılıb.

AzEdu.az xəbər verir ki, proqramın açılış mərasimində çıxış edən universitetin qurucu rektoru Juan Francisco Corona Ramon azərbaycanşünaslıq proqramının universitetin beynəlxalq akademik əməkdaşlığının genişləndirilməsi və tələbələrin müxtəlif ölkələrin tarixi, siyasəti və beynəlxalq münasibətləri haqqında biliklərinin artırılması baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov çıxışında azərbaycanşünaslıq proqramının ölkəmizin tarixi, mədəniyyəti, xarici siyasəti və müasir inkişafı haqqında biliklərin İspaniyada təbliğinə, eləcə də Azərbaycan və İspaniya arasında akademik və mədəni əlaqələrin daha da inkişafına töhfə verəcəyini qeyd edib.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru Jalə İbrahimova Azərbaycanın beynəlxalq inkişafa verdiyi töhfələrdən bəhs edib, agentliyin fəaliyyəti, həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verib.

Sessiyanın davamında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin şöbə müdiri Vasif Hüseynov Cənubi Qafqaz regionunda mövcud geosiyasi vəziyyət, regionda baş verən son proseslər və onların beynəlxalq münasibətlərə təsiri barədə mühazirə ilə çıxış edib.

Daha sonra Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin şöbə müdiri Fidan Təmirova Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, ölkəmizin enerji siyasəti və Avropa ilə enerji əməkdaşlığının əsas istiqamətləri barədə məlumat verib.

Tədris sessiyası tələbələrin mövzular ətrafında suallarının cavablandırılması və fikir mübadiləsi ilə yekunlaşıb.

Qeyd edək ki, Abat Oliba CEU Universiteti İspaniyanın nüfuzlu təhsil qurumlarından biri olan CEU qrupuna daxildir. Qurumun ölkə üzrə dörd universitetində ümumilikdə 40 mindən çox tələbə təhsil alır.

İspaniyada ilk dəfə həyata keçirilən bu proqram Azərbaycanla bağlı biliklərin ayrıca akademik proqram çərçivəsində sistemli şəkildə tədris olunması baxımından mühüm əhəmiyyət daşıyır. Proqramın məzunlarına Abat Oliba CEU Universitetinin müvafiq diplomu təqdim ediləcək.

Bağça müəllimlərinin çoxu sertifikasiyadan KƏSİLƏCƏK
Son xəbərlərDaha çox