Azedu.az

Çox dərs oxumağın psixoloji fəsadları - Yeniyetmələrlə bağlı araşdırma

Maraqlı

24 Noyabr 2026, 13:36
Çox dərs oxumağın psixoloji fəsadları - Yeniyetmələrlə bağlı araşdırma

Çinli alimlərin apardığı yeni araşdırma ev tapşırıqlarına və repetitor hazırlığına sərf olunan vaxtın yeniyetmələrdə depressiya və narahatlıq əlamətləri ilə əlaqəli olduğunu ortaya qoyub.

Tədqiqatın nəticələrinə görə, akademik fəaliyyətə ayrılan vaxt artdıqca yuxu müddəti də azalır və bu amil psixoloji vəziyyətə təsir edən vasitələrdən biri kimi çıxış edir.

AzEdu.az-ın xəbərinə görə, araşdırma “Journal of Affective Disorders” elmi jurnalında dərc olunub.

Tədqiqatçılar Quançjou şəhərində aparılan Uşaq və Yeniyetmələr Kohort Araşdırmasının məlumatlarından istifadə ediblər. Təhlilə depressiya əlamətləri üzrə 9 671, narahatlıq əlamətləri üzrə isə 4 680 yeniyetmənin məlumatları daxil edilib.

Alimlər iştirakçıların ev tapşırıqlarına və dərsdənkənar repetitor hazırlığına sərf etdikləri vaxtı, yuxu müddətini, eləcə də depressiya və narahatlıq əlamətlərini qiymətləndiriblər.

Araşdırma uzunmüddətli müşahidə məlumatlarına əsaslanıb. Nəticələr göstərib ki, ev tapşırıqlarına sərf olunan vaxtın hər əlavə bir saat artması depressiya əlamətlərinin yüksəlməsi ehtimalı ilə 9 faiz, narahatlıq əlamətləri ilə isə 10 faiz daha yüksək göstərici ilə əlaqəlidir.

Repetitor hazırlığına ayrılan vaxt üzrə də oxşar əlaqə müəyyən edilib.

Bu fəaliyyətə sərf olunan hər əlavə saat depressiya əlamətləri ilə bağlı göstəricinin 4 faiz, narahatlıq əlamətləri ilə bağlı göstəricinin isə 15 faiz daha yüksək olması ilə əlaqələndirilib.

Tədqiqatın diqqətçəkən nəticələrindən biri də yuxu müddətinin bu əlaqələrdəki roludur. Alimlər müəyyən ediblər ki, yuxu müddəti ev tapşırıqlarına sərf olunan vaxtla depressiya əlamətləri arasındakı əlaqənin 20,4 faizini, narahatlıq əlamətləri arasındakı əlaqənin isə 26,9 faizini izah edir.

Repetitor hazırlığı ilə bağlı göstəricilərdə yuxunun vasitəçilik payı depressiya əlamətləri üzrə 9,5 faiz, narahatlıq əlamətləri üzrə isə 2,1 faiz olub. Sonuncu göstərici statistik baxımdan əhəmiyyətli hesab edilməyib.

Araşdırmada akademik yükün yalnız ümumi psixoloji göstəricilərlə deyil, konkret əlamətlərlə də əlaqəsi öyrənilib. Təhlil göstərib ki, ilkin mərhələdə akademik fəaliyyətə sərf olunan vaxt sonrakı müşahidələrdə somatik şikayətlər və idarəolunmaz narahatlıq hissi ilə əlaqəlidir. Həmçinin depressiya və narahatlıq əlamətlərinin zamanla qarşılıqlı əlaqədə olduğu müəyyən edilib.

Tədqiqat müəllifləri hesab edirlər ki, əldə olunan nəticələr şagirdlərin akademik yükünün tənzimlənməsinin və onların yuxu rejiminin qorunmasının əhəmiyyətini göstərir. Alimlər yeniyetmələrin psixoloji sağlamlığının dəstəklənməsi üçün dərs yükü ilə istirahət arasında balansın vacibliyini vurğulayırlar.

Qeyd edək ki, araşdırma ev tapşırıqları və repetitor hazırlığının depressiya və narahatlığa birbaşa səbəb olduğunu sübut etmir. Nəticələr bu fəaliyyətlərə sərf olunan vaxtla psixoloji əlamətlər arasında uzunmüddətli əlaqənin mövcudluğunu göstərir.

ŞOK HÜCUM! Ukrayna ordusu Rusiyaya girdi - Bu ərazini ələ keçirdi
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox