Sinqapur Milli Universiteti dünya elmi reytinqində 6 pillə irəliləyərək, ABŞ, eləcə də, dünya ali təhsilinin nəhənglərini - Stanford Universiteti başda olmaqla - geridə qoyaraq, Massaçusets Texnologiya İnstitutuna daha da yaxınlaşdı.
AzEdu.az xəbər verir ki, Britaniyanın “Times Higher Education” jurnalı tərəfindən "Schmidt Science Fellows" təşkilatı ilə əməkdaşlıq çərçivəsində hazırlanan reytinq cədvəlində Sinqapur Milli Universiteti ötən il səkkizinci yerdə qərarlaşsa da, bu il 6 pillə irəliləyərək, tarixində ilk dəfə dünya üzrə ikinciliyə yüksəlib.
Beynəlxalq “THE” reytinq cədvəlinin fənlərarası elmlər üzrə xüsusi profilli reytinqinə əsasən Sinqapur universiteti ümumilikdə 88,5 bal toplayıb. Bu göstərici birinci yerdə qərarlaşan MIT-in nəticəsindən (89,5 bal) bir bal az, Stanford Universitetinin nəticəsindən (88 bal) isə yarım bal çoxdur.
Son illər ərzində ilk dəfədir ki, reytinq pilləsinin elmi indiqatoru üzrə sıralamasında MIT və Stanford universitetlərindən başqa bir ali təhsil müəssisəsi ilk iki pillədən birini tutub. Əvvəlki iki buraxılışda ABŞ-in bu iki universiteti müvafiq olaraq birinci və ikinci yerləri bölüşdürdülər. Ehtimallara əsasən, SMU yaxın gələcəkdə MİT-I də özünün uğur göstəriciləri ilə qabaqlaya biləcək.
Massaçusets Texnologiya İnstitutu (MIT) ardıcıl üçüncü ildir ki, bu göstərici üzrə liderdir. Sinqapur Milli Universitetinin ilk onluqda geridə qoyduğu digər ABŞ universitetləri isə bunlardır: Kaliforniya Texnologiya İnstitutu (dördüncü yer), Karnegi Mellon Universiteti (beşinci yer), Dyuk Universiteti (altıncı yer)
Reytinqdə təmsil olunan digər Sinqapur ali təhsil müəssisəsi - Nanyanq Texnologiya Universiteti (Nanyang Technological University - NTU) ötənilki beşinci pillədən geriləyərək Honkonq Universiteti (University of Hong Kong) ilə birlikdə yeddinci yeri bölüşüb.
İlk onluqda ABŞ universitetləri ümumilikdə altı yerlə təmsil olunur. Bu isə ötən illə müqayisədə bir yer azdır.