XXI əsrdə dünyanın müxtəlif ölkələri üçün elmi tərəqqi həm də sosial-iqtisadi rifahın əsas göstəricilərindən biri hesab edilir. Odur ki, sırf bu məqsədlə elmi inkişaf proqramları müxtəlif ölkələrdə müxtəlif metodlarla hazırlansa da, məqsəd eyniliyi elmin vaciblik sərhədlərinin aşmasına səbəb olur.
Elm və texnologiyanın bütün fiziki sərhədləri aşdığı bir dövrdə ölkələr təkcə öz hərbi və sənaye gücü ilə deyil, həm də elmi potensialı ilə də diqqət mərkəzində ola bilər.
Bir çox ölkələrdə cəmiyyətin yüksəliş tendensiyaları, xüsusən də inkişaf etmiş ölkələrin iqtisadi sıçrayışlarının səbəbləri sırasında elmi innovasiyaların tətbiqi ön sırada dayanır. ABŞ, Kanada, Yaponiya və digər inkişaf etmiş ölkələrdə elmin inkişafı ilə bağlı mexanizmlərin işlənib hazırlanması çox böyük sürətlə həyata keçirilir. Təsadüfi deyil ki, adıçəkilən ölkələrdə elmi innovasiyaların tətbiqindən əldə olunan gəlir kifayət qədər yüksəkdir. (innovasiya məhsulları üzrə gəlir 60-90 % təşkil edir).
Dünya miqyasında ölkələrin iqtisadi göstəriciləri, beynəlxalq nüfuzu, digər pozitiv üstünlükləri innovasiya məhsullarının verdiyi gəlirlə ölçülür ki, bu da birbaşa elmi tərəqqinin tətbiq göstəricisi hesab edilə bilər.
Bu göstərici Qərbi Avropa dövlətlərində 40-60% təşkil edir. Son illər ABŞ elm və təhsilin inkişafına, dolayısı ilə elmi innovasiyaların tətbiqinə təxminən 150-200 milyard dollar vəsait ayırır ki, bu da elmin inkişaf xəttinin, innovasiyaların tətbiqinin zəruriliyini göstərir. Ümumiyyətlə, inkişaf etmiş dövlətlərdə ümumi gəlirin təqribən 3,5 faizi innovasiyaların əsasını təşkil edən elmin inkişafına yönəldilir.
Dünyanın müxtəlif ölkələrində elmi inkişafı istiqamətində atılan ən uğurlu addımlardan biri də ali təhsil müəssisələrinin elm mərkəzləri kimi formalaşdırılmasıdır. Bu elmi mərkəzlərdə təhsil klassik standartlar deyil, elmi innovasiyalar əsasında qurulur. Həmin elmi mərkəzlər öz növbəsində elm-biznes əlaqələrinin gücləndirilməsi, elmin istehsalatda tətbiqi meyarlarının yaxşılaşdırılması üçün əlverişli zəmin rolunu oynayırlar.
Son illərdə elmə qoyulan investisiyalar özünü bir neçə, bəzi hallarda 10 dəfələrlə doğrultduğuna görə bura böyük məbləğdə sərmayələr yatırılır. Həmçinin, bir çox ölkələrdə elmə yüksək miqdarda sərmayələr qoyulduğu zaman paralel olaraq təhsilə də eyni mexanizm tətbiq edilir. Çünki yüksək investisiya elmdə bir çox yeniliklər və zəruri addımların atılmasına səbəb olur. Təhsil bu inkişaf tempinə görə elmi proseslərlə ayaqlaşa bilmədikdə kadr bazası baxımından çox keçmədən ciddi problemlər yaşanmış olur. Çünki ali təhsil müəssisəsini bitirən gənc mütəxəssis öyrəndiklərindən xeyli artıq imkanlara malik elmi mühitə düşür və bir neçə illik adaptasiya burulğanında çapalayır.
Əgər elmə ayrılan vəsait hesabına təhsil müəssisələrində həmin avadanlıqlar alınarsa və tədris edilərsə, bu yalnız nəsillərarası boşluqları doldurmaqla yekunlaşan müsbət nəticələr verər.
Müxtəlif ölkələrdə modern elmi inkişafı əks etdirən tendensiyalardan biri də hər bir elm sahəsi üzrə istiqamətlərin say çoxluğu və ayrı-ayrılıqda inkişaf etdirilməsi mexanizmdir. Bu, bir çox ölkələr üçün çətin, müəyyən qisim üçün isə mümkünsüz görünsə də, inkişaf etmiş dövlətlərdə (ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya və s.) uğurlu strategiya kimi həyata keçirilir. Bu zaman hər elmi istiqamət üzrə spesifik kadr bazasının varlığı istehsalat dünyasında da öz sözünü deyə bilir.
Məsələn, riyaziyyat üzrə ixtisasların təsnifatında ixtisas şifrləri həcmcə 100 səhifədən çox olan məlumatı əhatə edir. Təkcə riyaziyyat sahəsində hər bir istiqamət üzrə yüksək səviyyəli ixtisasçının hazırlanması üçün çoxsaylı ayrıntılara varılır. Bir neçə misal:
1) Kriptoqrafiya “riyaziyyatı” - özəl informasiya təhlükəsizliyi sistemlərinə malik olmaq üçün vacibdir;
2) Furye analiz, veyvlet analiz, freymlər nəzəriyyəsi - müxtəlif təbiətli siqnalların (təsvirlərin) riyazi emalı, identifikasiyası, ötürülməsi, saxlanılması üçün çox vacib riyazi aparatdır;
3) Aktuar (risk) riyaziyyatı - investisiya, sığorta və bank sahələrində, ümumiyyətlə, müxtəlif təbiətli risklərin qiymətləndirilməsinin riyazi aparatıdır.
Sadalanan istiqamətlər təbii ki, yalnız kiçik nümunə xarakteri daşıyır. Lakin bu kiçik nümunədən də göründüyü kimi elmin inkişafı və onun uğurlu tətbiqi çoxsaylı istiqamətlər üzrə spesifik kadrların formalaşmasından ibarətdir. Müqayisə üçün deyək ki, bizdə ali riyaziyyat istiqaməti üzrə təhsil alanlar yalnız ümumi olaraq riyaziyyatçı ixtisasına sahiblənmiş olurlar.
Bəs, qonşu ölkələrdə, xüsusən də türk dünyası dövlətlərində elmi cari durumu necədir və onun inkişafı üçün gələcəkdə hansı addımların atılması proqramlaşdırılır? Buna aid bir neçə nümunə:
Türkiyə təcrübəsində elmin modern inkişaf mexanizmi özünün tətbiq formulları və realizə imkanları ilə fərqlənir.
Ölkədə son illərdə elm və texnologiya sahəsində mühüm irəliləyişlər əldə edilib. Əsasən biotexnologiya, bərpa olunan enerji, informasiya texnologiyaları, tibb, kompüter mühəndisliyi kimi elmlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmiş, müxtəlif ekosistemlər yaradılmışdır. Türkiyənin Elm və Texnoloji Araşdırmalar Mərkəzi (TÜBİTAK) ölkədə elmi tədqiqat və layihələrin maliyyələşdirilməsində mühüm rol oynayır.
Türkiyədə elmin gələcək inkişaf proqramının əsasını təşkil edən prinsiplərin bəziləri aşağıdakı kimi qruplaşdırmaq olar:
-Son illərdə yüksək səviyyədə inkişaf etmiş tibb, ekosistem, texnologiya, kompüter elmləri kimi elmi istiqamətlərə dövlətin maddi yardımını, ayrılan investisiyanı daha da yaxşılaşdırmaq, bu istiqamətlərdə universitet və elmi tədqiqat institutlarında innovativ layihələrin həyata keçirilməsi üçün qrant və layihələrin kəmiyyət və keyfiyyətini artırmaq;
-Elm-istehsalat əlaqəsinin kəmiyyət və keyfiyyət baxımından inkişafını təmin etmək üçün xüsusi proqramların hazırlanması;
-STEAM metodunun daha geniş tətbiqi–Türkiyədə elm, texnologiya, mühəndislik, riyaziyyat və yaradıcı yanaşmanı özündə birləşdirən STEAM metodunun gələcəkdə daha geniş şəkildə tətbiq mexanizmini də elmi inkişaf üçün prioritet məsələlərdən hesab olunur. Əsas addım isə bu istiqamətdə kadr, insan resursu boşluğunu tezliklə həll etməkdir;
-İnnovasiya mərkəzləri və texnologiya parklarının daha da artırılması və elm-texnologiya istiqamətlərində startapların həyata keçirilməsi üçün əlavə imkanların yaradılması.
Qazaxıstanda elm və texnologiyanın inkişafı dövlət tərəfindən iqtisadi artım və innovasiyaların əsas hərəkətverici qüvvəsi kimi qəbul edilmişdir. Ölkədə elmin əsas inkişaf göstəricisi tədqiqatyönümlü istiqamətə meyillilik və elm-istehsalat əlaqələrinin gücləndirilməsidir. Lakin elmi tədqiqatın keyfiyyət və tətbiqi istiqamətində hələ də müəyyən boşluqlar qalmaqdadır.
Elmi tədqiqatları artırmaq üçün müxtəlif proqramlar, o cümlədən universitet və elmi-tədqiqat institutlarının maliyyələşmə mexanizmini özündə əks etdirən bir çox layihələr hökumət tərəfindən həyata keçirilmişdir. Bu təşəbbüslər innovasiya və elmi məhsuldarlığın inkişafına müəyyən mənada müsbət təsir göstərmişdir.
Qazaxıstanda elmin gələcək inkişaf proqramının əsasını təşkil edən prinsiplərin bəziləri aşağıdakı kimi qruplaşdırmaq olar:
-Maliyyələşdirmə mexanizmlərinin təşkili – yenilikçi və daha səmərəli elmi tədqiqatların həyata keçirilməsinə imkan yaradan xüsusi qrant layihələrinin, maliyyə proqramlarının təşkili ölkədə elmin gələcək inkişafı üçün prioritet istiqamətlərdən hesab olunur;
-Tədqiqat infrastrukturunun təkmilləşdirilməsi–Vacib elmi tədqiqat işlərinin aparılması üçün bacarıqlı və yüksək intellektli kadrlar, həmçinin, laboratoriya imkanları, avadanlıqlarıq təchizini həyata keçirmək;
-Tədqiqat nəticələrinin istehsalat yönümlü xətt üzrə inkişafı və praktiki tətbiqinin təkmilləşdirilməsi.
Özbəkistan postsovet ölkələri arasında müstəqillik qazandıqdan sonra elm və texnologiya sahəsindəki mühüm irəliləyişlər əldə edən dövlətlərdən biri kimi xarakterizə edilir. Burada Milli İnnovasiya Sisteminin yaradılması elmi tədqiqatlara və texnoloji tərəqqiyə yol açmış oldu.
Ölkədə Xüsusi elmi və Texnoloji Zonaların yaradılması tədqiqatçılıq meyarlarının inkişafına səbəb oldu.
Burada isə bir sual meydana çıxır – yuxarıda səslənən metodlar, həll yollarından hansıları bizdə çatışmır. Fərqli ölkələrin fərqli mübarizə üsulları bugün bir məntiqi nəticəni yaradıb – elmi inkişaf. İnkişafın məhz bu növü sonrakı proseslərin üçün ən vacib zəmin rolunu oynayır, demək olar, bütün sahələrin lokomotivinə çevrilir...
Elmin Nuri
Elm və təhsil məsələləri üzrə tədqiqatçı