Azedu.az

​​​​Övladın məktəbə aparılması, müalicəsi... - Məhkum valideynlər üçün hüquqi İMKANLAR

Təhsil hüququ və qanunvericilik

25 Noyabr 2026, 10:27
​​​​Övladın məktəbə aparılması, müalicəsi... - Məhkum valideynlər üçün hüquqi İMKANLAR

Azərbaycanda övladı olan məhkumların cəza çəkərkən müəyyən güzəştlər əldə etməsi mümkündür. Qanunvericilikdə azyaşlı uşağı olan valideynlərin vəziyyətinin nəzərə alınması, bəzi hallarda cəzanın çəkilməsinin təxirə salınması, bəzi hallarda isə cəza rejiminin dəyişdirilməsi ilə bağlı müddəalar mövcuddur.

Bəs qanun hansı hallarda məhkum ata və analara övladlarına görə güzəşt edilməsinə imkan verir?

Mövzu ilə bağlı AzEdu.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən, hamilə qadınların və 14 yaşına çatmamış uşağı olan qadınların, eləcə də 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsi müəyyən şərtlərlə təxirə salına bilər.

Belə ki, məhkəmə bu şəxslərin cəzasının çəkilməsini uşaq 14 yaşına çatanadək təxirə sala bilər. Lakin bu imkan bütün cinayətlərə şamil edilmir. Xüsusilə, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayətə görə 5 ildən artıq müddətə azadlıqdan məhrum edilmiş şəxslərə bu güzəşt tətbiq olunmur.Burada diqqətçəkən məqam odur ki, qanun uşağı olan bütün atalara deyil, 14 yaşına çatmamış övladını təkbaşına böyüdən kişilərə belə imkan yaradır. Analar üçün isə qanunda ayrıca şərtlər nəzərdə tutulub.

Bundan başqa, məhkumun cəzaçəkmə müəssisəsindən kənarda olması, lakin üzərində müəyyən məhdudiyyətlərin tətbiq edilməsi də mümkündür. Məsələn, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs elektron qolbaqla nəzarətdə saxlanıla bilər. Belə şəxslərin yaşayış yerini tərk etməsinə müəyyən saatlarda qadağa qoyula bilər.Lakin bu məhdudiyyətlər dəyişdirilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 519-cu maddəsinə əsasən, məhkumun üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi və ya ləğv edilməsi məsələsinə məhkəmədə baxılması mümkündür.

Bu baxımdan, məhkum valideyn övladının məktəbə aparılması, müalicəsi və digər zəruri ehtiyaclarının qarşılanması ilə əlaqədar üzərinə qoyulmuş məhdudiyyətlərin dəyişdirilməsi üçün müraciət edə bilər. Ancaq belə müraciətin təmin olunması avtomatik deyil. Məhkəmə konkret vəziyyəti, uşağın ehtiyaclarını və məhkumun davranışını nəzərə alaraq qərar verir.

Qanunvericilikdə həbsdə olan məhkumlar üçün də bəzi güzəştlər nəzərdə tutulub. Cəzaların İcrası Məcəlləsinin 89-cu maddəsinə əsasən, müəyyən hallarda məhkumlara cəzaçəkmə müəssisəsindən kənara qısamüddətli səfər etmək icazəsi verilə bilər. Bu, əsasən, yaxın qohumun vəfatı, ağır xəstəliyi və ya ailəyə ciddi zərər vuran fövqəladə hadisələrlə bağlıdır. Belə səfərin müddəti qanunda göstərilən şərtlərlə 7 günədək ola bilər. Həmçinin cəzaçəkmə müəssisələrində övladları ilə birlikdə yaşayan məhkum qadınlar üçün də xüsusi qaydalar mövcuddur. Müəyyən şərtlərlə onlara qısamüddətli səfər icazəsi verilə bilər.

Beləliklə, Azərbaycan qanunvericiliyində məhkum valideynlərin övladlarının mənafeyinin nəzərə alınması üçün müxtəlif hüquqi mexanizmlər var. Bununla belə, uşağın məktəbə aparılması və ya gündəlik qayğısının təmin edilməsi hər bir məhkum üçün avtomatik azadlıq və ya güzəşt hüququ yaratmır. Qərar cəzanın növündən, məhkumun ailə vəziyyətindən, uşağın ehtiyaclarından və qanunvericiliyin tələblərindən asılı olaraq verilir.

Rusiyaya ağır zərbələr - Böyük zavodlar vuruldu! - Gündəm Masada
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox