Azedu.az

Məktəblərdə təcili bərpası istənilən fənn - Tədrisdə yaranan boşluq

AzEdu Təhsil Platforması

25 Noyabr 2026, 09:19
Məktəblərdə təcili bərpası istənilən fənn - Tədrisdə yaranan boşluq

Ekologiya təhsili ibtidai siniflərdən başlamalıdır

Dünyanın bir çox ölkələrində ekoloji şüurun təbliği istiqamətində intensiv addımların atıldığı sahələr içərisində təhsil prioritet mövqe tutmaqdadır. İstər orta, istərsə də ali təhsil seqmenti üzrə ekologiya, ətraf mühitin qorunması, iqlim təhlükəsizliyinin artırılması istiqamətində bir çox layihələr, tədris proqramları, könüllü təşəbbüslər  həyata keçirilir. Bu, bir çox ölkələrdə təhsil proqramının vacib tərkib hissəsi hesab olunur.

Ekoloji şüur anlayışının  uşaq yaşlarından  formalaşmalı olduğunu nəzərə alsaq, bu məsələdə atılmalı olan ilkin addım kimi məktəblərdə məhz ibtidai siniflərdən etibarən Ekologiya adlı ayrıca fənnin tədrisi qeyd edə bilərik.

Uşaqlarda ekoloji şüurun formalaşmasında bu fənnin şüuraltı təlqin və təsirləri müstəsna əhəmiyyət daşısa da, təəssüf ki, tədris proqramlarımızda ayrıca fənn bloku kimi dəyərləndirilməmişdir. Doğrudur, Ekologiya inteqral elm olduğundan - yəni, onun tərkibinə kimya, biologiya, coğrafiya, fizika kimi elmlər daxil olduğundan bu fənn dünyanın bir çox ölkələrində həm də adıçəkilən sahələrlə birlikdə  hazırlanmış vahid fənn kurikulumunun tələb və standartları əsasında, inteqrativ formada  tədris olunmaqdadır.

Təbiət fənni ekoloji təhsilin bütün istiqamətlərini əhatə etmir

Fənnin tədrisində rastlanan bir başqa metod isə ona aid olan mövzuların adıçəkilən fənlərin tədris proqramı daxilində keçirilməsidir. Ölkəmizdə də məhz bu metoddan istifadə olunur və məktəblilərin ekoloji maarifləndirilməsi həyat bilgisi, biologiya, coğrafiya, kimya kimi fənlərin kurikulumunda nəzərdə tutulur. Amma predmetin ayrıca fənn kimi tədrisi şagirdlərlə ekoloji şüuru, yaşıl təfəkkürü artırmağın əsas modulu kimi dəyərləndirilməlidir. Hazırda ölkə orta ümumtəhsil seqmentində ekologiya ayları, nəzəri-praktiki təlimlər keçirilsə də ekoloji şüurun sistemli formalaşdırılması üçün ayrıca fənnin müstəsna rolu ola bilər. Amma təbii ki, təhsil sahəsində bu istiqamətin inkişaf etdirilməsi, şagirdlərdə təbiətə, ətraf mühitə sevgi və mühafizə istəyinin formalaşdırılması üçün təkcə hər hansı fənnin tədrisi kifayət etmir

Təəssüf ki, istər orta, istərsə də ali təhsil seqmentində ekoloji təhsilin durumu, “yaşıl təfəkkür”ün təbliğatı mexanizmi bir o qədər də uğurla aparılmır. Orta təhsil seqmentində ekologiyanın  müstəqil fənn kimi keçirilməməsi bu istiqamətdə sistemli tədris proqramının da olmamasının göstəricisi hesab edilə bilər. Qeyd olunduğu kimi,  hazırda 3 fənnin tərkibində ətraf mühitin qorunması, eləcə də ekoloji təfəkkürün inkişaf etdirilməsi ilə bağlı mövzular  var. Bu da həm xaotik,sistemsiz ,həm də məzmun etibarilə natamam xarakterlidir.

Bu boşluq qismən 5 və 6-cı siniflərdə tədris olunan Təbiət fənninin (əvvəlki adı Təbiətşünaslıq) hesabına doldurulmağa çalışılsa da, yenə də ekoloji təhsilin əhatəliliyi burada dolğun şəkildə öz əksini tapmır.

Qeyd edək ki, bu predmet də yalnız 2022-2023-cü tədris ilindən ümumi təhsil müəssisələrinin 5 və 6-cı siniflərində tədris olunur. Təbiət fənni üzrə dərslik komplekti inteqrativ formatda, biologiya, kimya, fizika və yer elmlərinə (coğrafiya) dair ilkin anlayışların mənimsədilməsi və sadə praktiki tətbiq bacarıqlarının formalaşdırılmasına əsaslanaraq hazırlanmışdır. Dərslik komplektinin fərqləndirici xüsusiyyəti məzmunun öyrədilməsində aktiv təlim üsulu olaraq tədqiqata əsaslanan tədris metodundan istifadə olunmasıdır. Tədqiqata əsaslanan təlim metodunun məqsədi şagirdlərin təbii maraq hissini daha da inkişaf etdirmək və onlara məzmunla bərabər, elmi məlumatları müstəqil əldə edə bilmək bacarıqları aşılamaqdır.

Təbiət fənninin tədrisi yalnız ümumi təhsil müəssisələrinin 5 və 6-cı sinifləri üçün nəzərdə tutulub. Tədris prosesində davamlılığın qorunması məqsədilə növbəti siniflər (7, 8 və 9-cu siniflər) üçün biologiya, kimya, fizika və coğrafiya fənləri üzrə yeni dərsliklər hazırlanır.

Orta ümumtəhsil seqmentində ekologiya kimi çoxşaxəli sahəyə aid müstəqil dərsliyin əvəzinə hər hansı metodiki vəsaitlərin hazırlanması o qədər də qənaətbəxş hal hesab edilməməlidir.  

BMT-nin 2015-ci ildə qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinin şagirdlər arasında təbliğinə aid beynəlxalq metodistlər qrupu tərəfindən hazırlanmış nümunəvi dərs planları Azərbaycan dilinə tərcümə edilib və istifadə üçün Nazirliyin www.trims.edu.az portalına yerləşdirilib.

Lakin nümunəvi dərs planlarının vahid tədris proqramı əsasında keçirilməməsi onların durumunu xaotikləşdirən amillərdəndir.

TƏCİLİ! İran hər an vurula bilər - Hazırlıq başladı!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox