Təhsil müəssisələrində pedaqoji işçilərin dərs yükü normaları qanunvericiliklə müəyyən edilib.
AzEdu.az xəbər verir ki, müvafiq qaydalara əsasən, ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, eləcə də peşə təhsili müəssisələrində müəllimlərin bir stavka dərs yükü həftədə 18 saat təşkil edir. Bu zaman həftəlik dərs yükü iki stavkanı, yəni 36 saatı aşmamalıdır.
Müəllimlərin həftəlik dərs yükü
Qaydalara görə, idman və incəsənət məktəblərində müəllimlərin, həmçinin məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin bir stavka dərs yükü həftədə 12 saatdır. Bu müəssisələrdə həftəlik dərs yükü üç stavkadan, yəni 36 saatdan çox olmamalıdır.
Tərbiyəçilərin iş vaxtı neçə saatdır?
Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı 30 saat, ümumtəhsil məktəblərində, internatlarda, lisey və gimnaziyalarda, eləcə də peşə məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı isə 24 saat müəyyən edilib.
Ali və orta ixtisas təhsili müəssisələrində dərs yükü
Ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü 500 saatdan az olmamalıdır.
İllik dərs yükünün hansı hissəsi tədrisə ayrılır?
Qeyd edək ki, ali təhsil müəssisələrində mühazirə, seminar, laboratoriya və praktiki məşğələlərə, eləcə də müəyyən ixtisaslar üzrə fərdi dərslərə ayrılan vaxt illik dərs yükünün 60 faizindən az olmamalıdır. Orta ixtisas təhsili müəssisələrində isə nəzəri, laboratoriya və praktiki məşğələlərə, eləcə də müvafiq ixtisaslar üzrə fərdi dərslərə ayrılan vaxt illik dərs yükünün ən azı 80 faizini təşkil etməlidir.
Məlumatda göstərilən normalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən edən qərarında əksini tapıb.