Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin təsisçiləri və xarici şəxslərin yaratdığı bağçalarda kadr tərkibi ilə bağlı qanunvericilikdə müəyyən tələblər nəzərdə tutulur.
AzEdu.az xəbər verir ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilər.
Qanuna görə, təsisçiləri əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllim heyətində Azərbaycan Respublikası vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə isə bu nisbət dəyişdirilə bilər.
Rəhbər müavini Azərbaycan vətəndaşı olmalıdır
Qanunvericiliyə əsasən, təsisçisi əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, həmçinin nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu həmin şəxslərə məxsus məktəbəqədər təhsil müəssisəsinin rəhbərinin müavini Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
Belə müəssisələrin rəhbərinin və onun müavininin namizədliyi Elm və Təhsil Nazirliyi ilə razılaşdırılır. Təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması da namizədlər razılaşdırıldıqdan sonra həyata keçirilir.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisəsinin təsisçisinin məsuliyyəti, səlahiyyət dairəsi və müəssisə ilə qarşılıqlı öhdəlikləri Mülki Məcəllə, “Publik hüquqi şəxslər haqqında” Qanun, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.