“Bu cəmiyyətdəki bütün riyaziyyat müəllimləri bir araya gəlsə, mənim bir dənə dırnağım ola bilməz”.
Hər şey məhz bu cümlə ilə başladı...
Sözügedən ifadəni səsləndirən riyaziyyat müəllimi L.H videonun davamında bu fikri ona şagirdinin söylədiyini bildirib. Lakin səsləndirilən ifadə digər müəllimlər tərəfindən birmənalı qarşılanmayıb.
Həmkarları həmin müəllimin fikirlərinə etirazını bildirərək cavab videoları çəkib və öz mövqelərini ifadə ediblər.
AzEdu.az xəbər verir ki, bu ifadələrə cavab verən riyaziyyat müəllimi S.A qeyd edib ki, bu, təkcə ayrı-ayrı müəllimlərə deyil, Azərbaycanda fəaliyyət göstərən bütün riyaziyyat müəllimlərinə, o cümlədən dosentlərə, professorlara və alimlərə qarşı hörmətsizlikdir:

"Sosial şəbəkədə bir paylaşımla qarşılaşdım. Paylaşımda yer alan fikrin bu qədər təhqiramiz formada ifadə olunması məni çox məyus etdi. Üstəlik, bu rəyi yazan şəxs riyaziyyat müəllimidir. Öz həmkarları haqqında belə ifadələr işlətmək, onları bu formada təqdim etmək heç bir halda doğru deyil.
İlk baxışda həmin fikrin müəllimin özünə aid olduğu təəssüratı yaranır. Videonun müəyyən hissəsindən sonra isə bunun şagirdinin dediyi sözlər olduğunu bildirir. Məncə, bu, düzgün yanaşma deyil. Daha çox baxış toplamaq naminə bütöv bir müəllim kollektivinə, xüsusilə də zəhmət çəkən, peşəkar müəllimlərə bu cür xitab etmək qəbuledilməzdir.
Bəs səni öyrədən müəllimlər necə?! Axı heç kim dünyaya gələndən riyaziyyatı bilmir. Hər birimiz müəyyən mərhələlərdən keçərək bu bilikləri məktəbdə və ya repetitor yanında öyrənirik. Bəs insanın yetişməsində rolu olan bütün riyaziyyat müəllimlərinə qarşı bu formada danışmaq nə dərəcədə doğrudur?
Əslində, mən bu videonu çəkib paylaşmaq istəməzdim. Bir müddət gözlədim ki, görüm müəllim həmin paylaşımı siləcəkmi. Digər müəllimlər də mənim kimi öz etirazlarını bildirirdilər. Lakin gördüm ki, paylaşım hələ də silinməyib. Bu səbəbdən mən də həmin videoya münasibət bildirmək qərarına gəldim.
Bu, təkcə ayrı-ayrı müəllimlərə deyil, Azərbaycanda fəaliyyət göstərən bütün riyaziyyat müəllimlərinə, o cümlədən dosentlərə, professorlara və alimlərə qarşı hörmətsizlikdir. Hər bir müəllimin öz əməyi, hər bir müəllimin öz zəhməti və peşəkarlıq səviyyəsi var. Sən isə bütün bu əməyi bir kənara qoyaraq özünü digərlərindən üstün göstərməyə çalışırsan.
Hər kəs səhv edə bilər. Həmin müəllim də səhv etdiyini anlamalı, bunu qəbul etməli və paylaşımını silməlidir. Lakin görünən odur ki, hələ də bu addımı atmayıb. Hesab edirəm ki, belə bir yanaşma sərgiləyən şəxs pedaqoji fəaliyyətinin mahiyyəti barədə yenidən düşünməlidir. Hətta müəllimlik ixtisası üzrə pedaqogika və psixologiya biliklərini təkrar nəzərdən keçirməsinin vacib olduğunu düşünürəm. Çünki müəllim ilk növbədə pedaqoji etikaya, şagirdlərlə və həmkarları ilə düzgün ünsiyyət qurmaq bacarığına malik olmalıdır.
Bütün müəllimlərə də demək istəyirəm ki, bu cür paylaşımlara və rəylərə həddindən artıq əhəmiyyət verməsinlər. Hər kəs müxtəlif fikirlər səsləndirə bilər. Ancaq müəllimin öz həmkarları haqqında təhqiramiz ifadələr işlətməsi, daha sonra isə bu sözləri şagirdinin üzərinə atması məsələnin daha ciddi tərəfidir. Bəlkə də şagird heç vaxt həmin ifadəni işlətməyib, bəlkə də fikrini bu formada çatdırmayıb. Bunu dəqiq bilmirik.
Əgər şagird belə bir fikir səsləndiribsə, müəllimin vəzifəsi ilk növbədə ona düzgün yanaşmanı izah etməkdir. Şagirdə başa salmaq lazımdır ki, ondan daha savadlı, daha təcrübəli müəllimlər var. Şagirdlər səhv edə bilərlər, bizim vəzifəmiz isə həmin səhvləri düzəltmək, onlara doğru düşünməyi öyrətməkdir.
Düşünürəm ki, hər kəs özünü mükəmməl və ideal hesab edə bilər. Lakin bunu təhqiramiz ifadələrlə, başqalarını alçaldaraq nümayiş etdirmək düzgün yanaşma deyil".
Qalmaqal yaradan cümlələrə cavab verən Coğrafiya müəllimi L.C qeyd edib ki, özünü yetişdirə bilməyən, müəllim etikasından xəbərsiz olan bir insan necə uşaq yetişdirə bilər?

"“Bu cəmiyyətdəki bütün riyaziyyat müəllimləri bir araya gəlsə, mənim bir dənə dırnağım ola bilməz”. Bu nə biabırçı cümlələrdir, bu nə özbaşınalıqdır, bu nə tərbiyəsizlikdir?!
Biri var, sosial şəbəkədə sevilərək tanınasan, biri də var, təhqir olunaraq. Biri var, beş manatı hörmətlə qazanasan, biri də var, belə... Allah kəssin belə qazanmağı!
Bir az artıq pul qazanmaq naminə başqalarını təhqir etməyin yolverilməz olduğunu anlamayan, hələ özünü belə yetişdirə bilməyən biri hansı uşağa nümunə ola bilər?
Valideynlərə də təəccüb edirəm. Ölkədə bu qədər tanınmış, adlı-sanlı, savadlı riyaziyyat müəllimi olduğu halda, uşaqlarınızı niyə belə insanların yanına qoyursunuz? Onlar da bundan cəsarətlənərək çıxıb yekə-yekə danışır, hamının əsəbi ilə oynayırlar.
Biabırçılıqdır! Müəllim adına layiq hərəkət edə bilmirsinizsə, xahiş edirəm, özünüzü biabır etməyin. Çox bərbad görünürsünüz. Hamı sizə lağ edir, istər üzünüzə, istərsə də arxanızca. Bütün ölkə müəllimlərinin ələ saldığı bir insanın yanına uşağınızı aparıb qoyursunuz, o da bundan cəsarət alaraq belə danışır".
Bunlar səsləndirilən fikirlərə verilən reaksiyaların yalnız bir qismidir. Sosial şəbəkələrdə minlərlə müəllim sözügedən ifadələrə etirazını bildirib.
Qalmaqala səbəb olan ifadələri səsləndirən şəxsin bacısı L.H (özü də müəllimdir) bu sözlərə cavabında bildirib ki, onların paylaşımları nüfuzlarına xələl gətirməyəcək:

“Tərbiyəsiz də elə sənsən, özbaşına da! Sadalanan xüsusiyyətlərin hamısı elə sənin özündə cəmləşib. Sənin kimi "müəllimlər" də gəlib burada rəy yazırlar.
Elə düşünürsən ki, bu paylaşımlarınla bizi gözdən salırsan? Əksinə, reklamımızı daha da artırırsan. İnsanlar səhifəmizə daxil olur, nəticələrimizlə tanış olur və bizə daha çox abituriyent müraciət edir. Bu, belə də davam edəcək.
Guya sən özün kimsən ki, toyuq, pomidor doğraya-doğraya gündəmə gəlmisən. Burada nədən danışırsan? Əgər etikadan, müəllimlik dəyərlərindən bu qədər danışmaq istəyirsənsə, ilk növbədə öz danışığına və davranışına fikir verməlisən”.
Mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil Ekspertləri Mərkəzinin İdarə Heyətinin sədri Məzahir Məmmədli bildirib ki, həmin sözlərə cavab verməyin özü belə müəllim imicinə zərər vurur:

“Əslində, bu cür fikirlərin cəmiyyətdə geniş yayılması hər bir halda müəllim imicinə zərər vurur. Hətta həmin fikirlərə cavab verən müəllimlər də bəzən bununla müəllim nüfuzuna xələl gətirdiklərinin fərqində olmurlar. Çünki belə davranış sərgiləyən şəxslər, əslində, müəllim peşəsinin tələblərinə və pedaqoji davranış etikası qaydalarına uyğun hərəkət etmirlər. Bu isə ümumi mənzərədə müsbət qarşılanmır.
Ona görə də bu gün həmin müəllimə cavab verilməsi belə sosial şəbəkələrdə və mediada ürəkaçan mənzərə yaratmayıb. Düşünürəm ki, bu kimi məsələlərin ictimaiyyətə təqdim olunması ümumilikdə müəllim imicinə zərbə vurur.
Hələ həmin müəllimin hansı kateqoriyaya aid olduğunu da bilmirik. Ola bilsin ki, o, sertifikatlaşdırma prosesindən kənarda qalıb və hazırda evində repetitorluq fəaliyyəti ilə məşğuldur. Ola da bilsin ki, onun şagird-müəllim münasibətləri hələ lazımi səviyyədə formalaşmayıb.
Bütün hallarda belə məsələlərin gündəmə gətirilməsini və onlara cavab verilməsini yanlış hesab edirəm. Yəni bu fikirlər kiməsə ünvanlanmışdısa, elə orada da qala bilərdi. Lakin onların gündəmə gətirilməsi və müzakirəyə çıxarılması, düşünürəm ki, etikadan kənardır və yalnız müəllim imicinə xələl gətirə bilər.
Şübhəsiz ki, səsləndirilən fikirlərə heç kim haqq qazandıra bilməz. Bunlar ağır ittihamlar və təhqiramiz ifadələrdir. Lakin digər müəllimlərin də eyni şəkildə cavab verməsi arzuolunan hal deyil”.
Ümumilikdə, səsləndirilən fikirlər heç də ürəkaçan deyil. Müəllimlər şagirdlərinə nümunə olmalı, onların adından istifadə edərək qalmaqal yaratmamalıdırlar.