Son günlər kişi müəllimlərin təhsilə cəlb olunması məsələsi gündəmdədir. Cəmiyyətdə belə fikirlər səsləndirilir ki, məktəblərdə kişi müəllimlərin sayının çox olması şagirdlərin özbaşına davranışlarının və intizam pozuntularının qarşısını müəyyən qədər ala bilər.
Bu baxımdan, kişi müəllimlərin məktəblərdə fəaliyyətə marağının artırılması üçün imtiyaz və stimullaşdırıcı tədbirlərin tətbiqi xüsusi əhəmiyyət daşıyır.
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli qeyd edib ki, kişi müəllimlərin sayını artırmağın yolu xüsusi imtiyazlardan deyil, müəllimlik peşəsinin nüfuzunu bərpa etməkdən keçir:

"Məktəblərdə kişi müəllimlərin sayının artırılması uzun müddətdir ki, müzakirə olunur və bu, vacibdir. Amma bu məsələ kişi müəllimlərə xüsusi imtiyazlar verməklə həll olunmayacaq. Çünki belə bir yanaşma gender bərabərliyi prinsipinin poza və gələcəkdə digər əlaqəli hüquqi pozuntularla yol aça bilər.
Kişilərin məktəb müəllimliyini qadınlardan daha az seçmələrinin çoxsaylı səbəbləri var və bütün bunlar təkcə əmək haqqının onları qane etməməsi ilə bağlı deyil. Müəllimliyi həm kişilər, həm də qadınlar üçün cazibədar etmək, nüfuzunu bərpa etmək və təbii ki, layiqli əmək haqqı siyasətinin tətbiqi üçün müvafiq tədbirlər həyata keçirmək lazımdır".
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Elnarə Akimova bildirib ki, kişilərin məktəbə marağını artırmaq istəyiriksə, onlara sadəcə “müəllim olun” çağırışı etməklə kifayətlənməməli, bu peşəni seçmək və uzun müddət davam etdirmək üçün real səbəblər yaratmalıyıq:

"Məktəbdə kişi müəllimlərin sayının artırılması məsələsinə yalnız statistik göstərici və ya gender balansı prizmasından yanaşmaq düzgün olmaz. Bu, ilk növbədə, müəllim peşəsinin cəmiyyətdə nüfuzunun, əməkhaqqının, sosial təminatının və karyera imkanlarının nə dərəcədə cəlbedici olması ilə bağlıdır. Kişilərin məktəbə marağını artırmaq istəyiriksə, onlara sadəcə “müəllim olun” çağırışı etməklə kifayətlənməməli, bu peşəni seçmək və uzun müddət davam etdirmək üçün real səbəblər yaratmalıyıq.
Müəllimlik nə qadın, nə də kişi peşəsidir - bu, bilik, məsuliyyət, peşəkarlıq və insan yetişdirmək missiyası tələb edən sənətdir. Bununla belə, məktəbdə həm qadın, həm də kişi müəllimlərin təmsil olunması şagirdlərin fərqli həyat təcrübələri, ünsiyyət üslubları və davranış modelləri ilə tanışlığı baxımından əhəmiyyət daşıya bilər. Xüsusilə uşaqların şəxsiyyət kimi formalaşdığı, özünəinam, məsuliyyət, əməkdaşlıq və sosial münasibət bacarıqlarının inkişaf etdiyi məktəb mühitində müxtəlif peşəkar nümunələrin mövcudluğu faydalıdır. Ancaq burada bir məqamı da unutmayaq: yaxşı müəllim olmağın meyarı cins deyil, pedaqoji bacarıq, bilik, ədalət və şagirdlə sağlam münasibət qurmaq qabiliyyətidir".
Cəmiyyətdə hələ də müəllimliyi qadınlara daha uyğun peşə kimi təqdim edən stereotiplər mövcuddur. Bu yanaşma həm kişilərin peşə seçiminə, həm də müəllimlik haqqında ictimai təsəvvürlərə təsir edir:
"Kişilərin müəllimlik peşəsinə marağının azalmasının səbəblərini araşdırarkən məsələyə təkcə maaş prizmasından baxmaq da yetərli deyil. Əməkhaqqının rəqabətədavamlı olmaması, iş yükü, ictimai nüfuz, karyera yüksəlişinin məhdudluğu, müəllim əməyinin bəzən lazımi səviyyədə qiymətləndirilməməsi bu seçimə təsir göstərə bilər. Digər tərəfdən, cəmiyyətdə hələ də müəllimliyi qadınlara daha uyğun peşə kimi təqdim edən stereotiplər mövcuddur. Bu yanaşma həm kişilərin peşə seçiminə, həm də müəllimlik haqqında ictimai təsəvvürlərə təsir edir.
Deməli, əsas sual “kişiləri məktəbə necə cəlb edək?” deyil, “müəllimlik peşəsini hansı addımlarla daha nüfuzlu, təminatlı və perspektivli edə bilərik?” olmalıdır. Kişi müəllimlərin sayının artması da məhz bu ümumi islahatların nəticəsi kimi meydana çıxmalıdır".