Azedu.az

Yüksək bal toplayan müəllimlər də sertifikasiyadan narazıdır - SƏBƏBLƏR

Müəllimlər və elm adamları

14 Noyabr 2026, 10:31
Yüksək bal toplayan müəllimlər də sertifikasiyadan narazıdır - SƏBƏBLƏR

Müəllim artıq təkcə sertifikasiya imtahanından deyil, ümumilikdə imtahan anlayışından yorulub. 

Bu fikirləri AzEdu Podkast-a təhsil tədqiqatçısı Elmin Nuri söyləyib.

"Sertifikasiya imtahanlarında yüksək nəticə göstərən, hətta 55-60 bal toplayaraq əməkhaqlarına əlavələr qazanan müəllimlər arasında da narazılıq müşahidə olunur. Bu narazılığın səbəbi hər zaman imtahan nəticələri ilə bağlı deyil. Bəzi müəllimlər sertifikasiya prosesini qəbul etmək istəmir, digərləri isə davamlı imtahan və qiymətləndirmə prosesindən psixoloji baxımdan yorulub.

Şəxsən tanıdığım, 55, 56, 58-59 bal toplayan müəllimlər arasında da sertifikasiyadan narazı olanlar var. Onlardan yüksək nəticə göstərdikləri halda niyə narazı olduqlarını soruşduqda, verilən cavablar məndə təəccüb doğurub. Əlbəttə, sertifikasiya prosesini müsbət qarşılayan və bu barədə müsbət fikirlərini bölüşən müəllimlər də var. Lakin müşahidələrim göstərir ki, narazılığın arxasında iki əsas məqam dayanır: birincisi, müəllimlərin bu qiymətləndirmə mexanizmini hələ də tam qəbul edə bilməməsi, ikincisi isə imtahan prosesinin özünün yaratdığı psixoloji yorğunluq.

Müəllim artıq yalnız sertifikasiya imtahanından deyil, ümumilikdə imtahan anlayışından yorulub. Çünki onun qarşısında işə qəbul imtahanı, sertifikasiya, müxtəlif yoxlamalar və digər qiymətləndirmə mexanizmləri dayanır. Halbuki digər sahələrdə də çalışan əməkdaşlar müəyyən dövrlərdə peşə bacarıqlarına və fiziki hazırlıqlarına görə qiymətləndirilirlər. Bu baxımdan, müəllimlərin də qiymətləndirilməsi özlüyündə qeyri-adi hal deyil.

Lakin burada diqqətdən kənarda qalan başqa bir məqam var: müəllim daim yoxlanılan, qiymətləndirilən və diqqət mərkəzində saxlanılan bir peşə nümayəndəsi kimi hiss etməyə başlayıb. Düşünürəm ki, sertifikasiyaya münasibətdə yaranan narazılığın səbəblərindən biri də məhz bu psixoloji yorğunluqdur".

Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır
Son xəbərlərDaha çox