Azedu.az

Müəllimin işi dərs zəngi ilə bitmir - tam ştat modelində fərqli NÜMUNƏLƏR

Müəllimlər və elm adamları

11 Noyabr 2026, 14:21
Müəllimin işi dərs zəngi ilə bitmir - tam ştat modelində fərqli NÜMUNƏLƏR

Müəllimlik yalnız sinif otağında dərs deməkdən ibarət peşə deyil. Müasir təhsil sistemlərində müəllimin fəaliyyəti dərsin təşkili, tədris materiallarının hazırlanması, şagirdlərin fərdi inkişafının izlənilməsi, valideynlərlə ünsiyyət, qiymətləndirmə, məktəbdaxili tədbirlər və peşəkar inkişaf kimi bir sıra istiqamətləri əhatə edir. Məhz buna görə də bir çox ölkədə müəllimin əmək fəaliyyəti yalnız keçdiyi dərs saatları ilə ölçülmür, onun məktəb və təhsil prosesi üçün gördüyü digər işlər də ümumi iş yükünün tərkib hissəsi hesab olunur.

Azərbaycanda da tam ştatlı müəllim modelinin tətbiqi ilə bağlı müzakirələr bu məsələyə diqqəti artırıb. Təklif olunan yanaşmanın əsas mahiyyəti müəllimin yalnız dərs saatlarına görə deyil, tam iş vaxtı ərzində yerinə yetirdiyi bütün pedaqoji fəaliyyətlərə görə əməkhaqqı almasıdır. Belə bir sistemin tətbiqi müəllimin iş rejiminin, məktəbdəki öhdəliklərinin, dərs yükünün və əməkhaqqının yenidən müəyyənləşdirilməsini tələb edir.

AzEdu.az tam ştatlı müəllim modelinin dünya təcrübəsində tətbiqini araşdırıb.

Sinqapur: Müəllim yalnız dərs deyən deyil, şagirdin inkişafını istiqamətləndirən mütəxəssisdir

Singapore teachers work fewer hours than before, but teach more: Global survey | The Straits Times

Sinqapur tam ştatlı müəllim fəaliyyətinin təşkili baxımından ən maraqlı ölkələrdən biridir. Burada müəllimin işi yalnız sinifdə dərs keçməklə məhdudlaşmır. Tədris proqramlarının hazırlanması, şagirdlərin fərdi ehtiyaclarının müəyyənləşdirilməsi, kiçik qruplarla əlavə məşğələlər, dərsdənkənar fəaliyyətlərin təşkili və peşəkar inkişaf müəllimin gündəlik işinin mühüm hissəsini təşkil edir.

Sinqapur təcrübəsinin diqqətçəkən tərəflərindən biri müəllimlər üçün əməkdaşlıq və təcrübə mübadiləsinə xüsusi vaxt ayrılmasıdır. Məktəblərdə müəllimlərin birlikdə dərs planlaşdırması, tədris materiallarını hazırlaması və qiymətləndirmə üsullarını müzakirə etməsi üçün həftəlik cədvəllərdə xüsusi vaxt nəzərdə tutulur. Bu yanaşma müəllimin bütün işləri təkbaşına görməsinin qarşısını almaqla yanaşı, fərqli müəllimlərin təcrübəsindən yararlanmağa imkan verir.

Maraqlı məqamlardan biri də Sinqapurda müəllimlərin iş vaxtının dövlət tərəfindən bütün məktəblər üçün eyni saatlarla müəyyən edilməməsidir. Məktəblər müəllimlərin fəaliyyətini öz ehtiyaclarına uyğun təşkil edə bilirlər. Bununla belə, Təhsil Nazirliyi iş yükünün ədalətli bölüşdürülməsi üçün xüsusi çərçivə tətbiq edir. 2024-cü ildə yenilənən Teacher Work Management Framework məktəb rəhbərlərinə müəllimlərin bacarıqlarını, təcrübəsini və fərdi üstünlüklərini nəzərə alaraq iş bölgüsü aparmaq üçün istiqamət verir.

2025-ci ilin oktyabrında Sinqapur parlamentində açıqlanan məlumatlara görə, müəllimlər dərs dövründə həftədə orta hesabla 53 saat işləyirlər. Bunun təxminən 14 saatı birbaşa dərs deməyə, qalan hissəsi isə dərs hazırlığına, kiçik qruplarla işə, dərsdənkənar fəaliyyətlərə və peşəkar inkişafa sərf olunur. Müəllimlərin inzibati işlərə ayırdığı vaxt isə 2021-ci ildəki həftəlik 5 saatdan 4 saata endirilib. Bu məqsədlə məktəblərdə satınalma, maliyyə, logistika və digər inzibati məsələlərlə məşğul olan ayrıca əməkdaşlar fəaliyyət göstərir.

Bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, müəllimin vaxtının yalnız bir hissəsi dərs deməyə ayrılır, digər fəaliyyətlər də onun rəsmi işinin tərkib hissəsi kimi qəbul olunur. Lakin 53 saatlıq iş həftəsi eyni zamanda sistemin çətin tərəfini də göstərir: müəllimin bütün fəaliyyətlərini tam ştatlı iş rejiminə daxil etmək iş yükünün avtomatik olaraq azalması demək deyil.

Finlandiya: Müəllimə etimad və peşəkar müstəqillik 

Tällaista on koulu nykyään –  Osallistuimme Kokkolan Mäntykankaan koulun oppitunneille | Keskipohjanmaa

Finlandiya təhsil sistemində müəllimin peşəkar müstəqilliyi əsas prinsiplərdən biridir. Burada müəllim yalnız müəyyən dərs saatlarını yerinə yetirən işçi kimi deyil, tədrisin məzmununu və metodlarını seçmək səlahiyyətinə malik peşəkar mütəxəssis kimi çıxış edir.

Finlandiyada müəllimin işi dərs deməklə yanaşı, dərslərin hazırlanmasını, şagirdlərin nəticələrinin təhlilini, fərdi dəstəyin təşkilini və həmkarlarla əməkdaşlığı əhatə edir. Müəllimlər tədris prosesində hansı metodlardan istifadə edəcəklərinə dair geniş müstəqilliyə malikdirlər. Bu isə onların iş vaxtının müəyyən hissəsini dərsə hazırlığa və şagirdlərin ehtiyaclarının öyrənilməsinə yönəltməsinə şərait yaradır.

Finlandiya modelinin maraqlı cəhətlərindən biri müəllimin fəaliyyətinin yalnız sinifdə keçirdiyi vaxtla ölçülməməsidir. Əmək münasibətləri və iş vaxtı təhsil müəssisəsinin növünə, müəllimin vəzifəsinə və kollektiv müqaviləyə əsasən müəyyənləşdirilir. Finlandiya Təhsil İşçiləri Həmkarlar İttifaqının (OAJ) məlumatına görə, təhsil sektorunda iş vaxtının hesablanması müxtəlif formalarda həyata keçirilə bilər: illik iş vaxtı, həftəlik iş vaxtı, dərs yükü və ya keçirilən dərslərin sayı əsasında.

Burada diqqətçəkən məqam müəllimin dərs yükünün onun bütün iş vaxtı ilə eyniləşdirilməməsidir. Dərs hazırlığı, qiymətləndirmə və digər peşə öhdəlikləri də iş fəaliyyətinin mühüm hissəsidir. OECD-nin TALIS 2024 araşdırmasında Finlandiya müəllimlərinin iş vaxtı bölgüsü də digər ölkələrlə müqayisədə fərqli xüsusiyyətlər nümayiş etdirir.

Finlandiyada müəllimlərin peşəkar inkişafı da sistemin vacib elementidir. Müəllimlər tədris metodlarını təkmilləşdirmək, yeni yanaşmaları öyrənmək və təhsil prosesindəki dəyişikliklərə uyğunlaşmaq üçün peşəkar fəaliyyətlərini davamlı şəkildə inkişaf etdirirlər. Bu baxımdan tam ştatlı iş yalnız məktəbdə müəyyən saatlar keçirmək deyil, müəllimin peşəkar fəaliyyətinə bütöv yanaşmaq deməkdir.

İslandiya: 40 saatlıq iş həftəsi üç əsas istiqamətə bölünür 

Deildarstjóri sérkennslu við Grunnskóla Fáskrúðsfjarðar  | Grunnskóli Fáskrúðsfjarðar

İslandiya tam ştatlı müəllim modelinin iş vaxtı baxımından daha konkret qurulduğu ölkələrdən biridir. Burada müəllimlərin əmək fəaliyyəti illik 1800 saat, başqa sözlə, həftədə 40 saatlıq iş rejimi əsasında təşkil olunur. Bu yanaşma 2014-cü ildə qəbul edilmiş kollektiv əmək müqaviləsində müəyyənləşdirilib.

İslandiya modelinin ən maraqlı tərəfi müəllimin iş vaxtının üç əsas hissəyə ayrılmasıdır. Birinci hissə birbaşa tədris fəaliyyəti və ona hazırlıq işlərini əhatə edir. Buraya dərslərin planlaşdırılması, materialların hazırlanması, dərsdən sonra görülən işlər və şagirdlərin nəticələrinin izlənilməsi daxildir.

İkinci hissə dərsdənkənar, lakin müəllimin peşə fəaliyyəti ilə bağlı digər öhdəliklərdən ibarətdir. Həmkarlarla görüşlər, valideynlərlə ünsiyyət, sənədləşmə, peşəkar inkişaf, əməkdaşlıq və fasilələr bu kateqoriyaya daxildir. Üçüncü hissə isə xüsusi tapşırıqlardır. Məsələn, müəllim məktəbdə müəyyən layihənin idarə edilməsinə və ya əlavə təşkilati işlərə cəlb oluna bilər. Belə tapşırıqlar müəllimlə razılaşdırılmalıdır.

OECD-nin açıqladığı nümunəvi bölgüyə əsasən, tam ştatlı müəllimin illik iş vaxtının təxminən 641 saatı dərs deməyə, 395 saatı dərsə hazırlığa, 150 saatı peşəkar inkişafa, 614 saatı isə digər işlərə ayrılır. Xüsusi tapşırıqlar üçün əlavə vaxt nəzərdə tutulduqda isə müəllimin digər fəaliyyətlərə və dərs deməyə ayırdığı vaxt müvafiq şəkildə azaldılmalıdır.

Digər maraqlı məqam odur ki, İslandiyada bütün müəllimlərin iş vaxtı eyni qaydada bölüşdürülmür. Bu bölgü məktəb səviyyəsində müəyyənləşdirilir. Müəllimin tədris etdiyi fənn, sinifdəki şagirdlərin sayı, onların fərdi ehtiyacları, qiymətləndirmə yükü, dərsə hazırlıq tələbi və valideynlərlə ünsiyyətin intensivliyi nəzərə alınır.

Beləliklə, İslandiya modelində müəllimin iş vaxtı konkret rəqəmlərlə müəyyənləşdirilsə də, həmin vaxtın hansı fəaliyyətlərə sərf ediləcəyi məktəbin və müəllimin real ehtiyaclarına uyğunlaşdırılır.

Portuqaliya: 35 saatlıq iş həftəsi və dərsdənkənar fəaliyyətlər 

Brasileiros dominam escolas de Portugal: metade dos estudantes imigrantes

Portuqaliyada tam ştatlı müəllimlərin iş rejimi həftədə 35 saat əsasında təşkil olunur. Bu vaxtın 22 saatı birbaşa tədrisə, 2,5 saatı məktəbdaxili digər fəaliyyətlərə, 10,5 saatı isə müstəqil işə ayrılır.

Burada müstəqil iş dedikdə müəllimin dərs planlaşdırması, tədris materiallarının hazırlanması, şagirdlərin biliklərinin qiymətləndirilməsi və digər pedaqoji hazırlıq işləri nəzərdə tutulur. Məktəbdaxili digər fəaliyyətlərə isə həmkarlarla və valideynlərlə görüşlər, təşkilati məsələlər və kollektiv işlər daxildir.

Portuqaliya modelinin diqqətçəkən xüsusiyyətlərindən biri müəllimin təcrübəsi artdıqca dərs yükünün azaldıla bilməsidir. Müəyyən təcrübə və şərtlərə cavab verən müəllimlərin birbaşa dərs saatları tədricən azaldılır, əvəzində onlara digər pedaqoji və təşkilati fəaliyyətlər üzrə daha çox vaxt ayrılır.

Məsələn, təcrübəli müəllimlər məktəbdə tədris layihələrinin əlaqələndirilməsi, yeni müəllimlərə mentorluq edilməsi, pedaqoji resursların hazırlanması və yerli icmalarla əməkdaşlığın qurulması kimi işlərə cəlb oluna bilərlər. Məktəb rəhbərliyində və ya fənn bölmələrində vəzifə tutan müəllimlərin də dərs yükünün azaldılması mümkündür.

Daha maraqlı məqam isə məktəblərə əlavə dərs saatları üzrə xüsusi resursun ayrılmasıdır. Bu resurs məktəbin ölçüsünə, sosial-iqtisadi xüsusiyyətlərinə və dərs yükü azaldılmış müəllimlərin sayına əsasən hesablanır. Məktəb rəhbərliyi həmin imkanlardan istifadə edərək müəyyən müəllimlərin dərs saatlarını azalda və onların innovativ tədris layihələrinə daha çox vaxt ayırmasına şərait yarada bilər.

Yaponiya: Dərsdənkənar fəaliyyətlər də müəllimin işinin bir hissəsidir 

授業参観 | 高松市立龍雲中学校ブログ

Yaponiya müəllimlərin iş yükünün genişliyi ilə seçilən ölkələrdəndir. Burada müəllimin vəzifələri yalnız tədris prosesi ilə məhdudlaşmır. Şagirdlərin tərbiyəsi, məktəbdənkənar klubların fəaliyyəti, idman və mədəni tədbirlərin təşkili, valideynlərlə əlaqə və müxtəlif inzibati işlər də müəllimlərin gündəlik fəaliyyətinə daxildir.

Yapon məktəblərində dərsdən sonra təşkil olunan idman və digər dərnəklər xüsusi əhəmiyyət daşıyır. Müəllimlər bu fəaliyyətlərdə şagirdlərə rəhbərlik edir, onların bacarıqlarının inkişafına kömək göstərirlər. Nəticədə müəllimin iş günü dərslərin başa çatması ilə bitməyə bilər. Bəzi hallarda müəllimlər məktəbdənkənar yarışlara, məşqlərə və tədbirlərə də vaxt ayırırlar.

Yaponiya təcrübəsinin digər maraqlı tərəfi müəllimlərin dərsə hazırlıq və qiymətləndirmə fəaliyyətinə ayırdığı vaxtdır. OECD-nin TALIS 2024 məlumatlarına əsasən, yapon müəllimlər həftədə orta hesabla 55,1 saat işlədiklərini bildiriblər. Bu, OECD üzrə 41 saatlıq orta göstəricidən xeyli yüksəkdir. Həmin vaxtın 17,8 saatı birbaşa dərs deməyə sərf olunur. Beləliklə, müəllimin iş vaxtının böyük hissəsi dərsdənkənar öhdəliklərə düşür.

Yaponiyada diqqətçəkən digər məqam müəllimlərin inzibati iş yüküdür. TALIS 2024 nəticələrinə görə, müəllimlərin 63 faizi həddindən artıq inzibati işi əsas stress mənbələrindən biri hesab edir. Valideynlərin müraciət və narahatlıqlarının idarə olunması da müəllimlər üçün ciddi iş yükü yaradır.

Məhz bu problemlərə görə Yaponiya hökuməti son illərdə müəllimlərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində islahatlar aparır. 2025-ci ildə müəllimlərin əməkhaqqı və iş şəraitinə dair qanunvericiliyə dəyişikliklər qəbul edilib. İslahatların əsas məqsədlərindən biri müəllimlərin uzun iş saatlarını azaltmaq, məktəbdəki inzibati və əlavə vəzifələri yenidən bölüşdürməkdir.

Cənubi Koreya: Müəllimin iş vaxtı, əməkdaşlıq və inzibati yük 

영남일보 - 사람과 지역의 가치를 생각합니다.

Cənubi Koreyada müəllimlərin əmək fəaliyyəti tədris, dərsə hazırlıq, şagirdlərin qiymətləndirilməsi, valideynlərlə ünsiyyət və məktəbdaxili təşkilati işləri əhatə edir. Ölkənin təhsil sistemində müəllimlərin peşəkar inkişafına və məktəbdaxili əməkdaşlığa da xüsusi diqqət yetirilir.

OECD-nin TALIS 2024 araşdırmasına əsasən, Cənubi Koreyada tam ştatlı müəllimlər həftədə orta hesabla 43,1 saat işlədiklərini bildiriblər. Bu göstərici OECD ölkələrinin 41 saatlıq ortalamasından yüksəkdir. Müəllimlərin həftəlik 18,7 saatı birbaşa dərs deməyə, 6,8 saatı dərs hazırlığına, 3,7 saatı şagirdlərin işlərinin yoxlanılmasına sərf olunur.

Bu ölkədə diqqətçəkən məqamlardan biri müəllimlərin inzibati iş yüküdür. Sorğunun nəticələrinə görə, müəllimlər həftədə orta hesabla 6 saatını inzibati fəaliyyətlərə ayırırlar. Bu, OECD üzrə 3 saatlıq orta göstəricinin iki qatıdır. Müəllimlərin 50 faizi həddindən artıq inzibati işi stress mənbəyi hesab edir.

Bununla yanaşı, Cənubi Koreyada müəllimlər arasında kollektiv fəaliyyətə də vaxt ayrılır. TALIS 2024 məlumatlarında tam ştatlı müəllimlərin həftədə təxminən 3 saatını həmkarları ilə komanda işi və peşəkar müzakirələrə sərf etdiyi göstərilir. Bu əməkdaşlıq dərslərin planlaşdırılması, tədris yanaşmalarının müzakirəsi və məktəbdə yaranan problemlərin birgə həlli baxımından əhəmiyyətlidir.

Digər ölkələrdə müəllimin tam iş vaxtı necə hesablanır?

Tam ştatlı müəllim modelinin bütün ölkələrdə eyni şəkildə tətbiq olunmadığını göstərən maraqlı nümunələr də var. OECD-nin Education at a Glance (Təhsilə bir baxış) 2026 hesabatında müəllimlərin illik tədris saatları ilə ümumi iş vaxtı arasında ciddi fərqlərin olduğu vurğulanır.

Hesabatın məlumatına əsasən, dövlət məktəblərində tam ştatlı müəllimlərin illik normativ dərs saatlarının orta göstəricisi ibtidai təhsildə 770, aşağı orta təhsildə 710, yuxarı orta təhsildə isə 678 saatdır. Bu rəqəmlər müəllimin ümumi iş saatını deyil, birbaşa dərs deməli olduğu vaxtı ifadə edir.

Maraqlı nümunələrdən biri də İtaliyadır. Burada bəzi təhsil pillələrində müəllimlərin ümumi illik iş vaxtı ayrıca müəyyənləşdirilməsə də, məktəbdaxili kollektiv fəaliyyətlər üçün konkret saat limiti mövcuddur. Müəllimlər ildə 80 saata qədər planlaşdırılmış kollektiv işlərdə iştirak etməlidirlər. Bunun 40 saatı müəllimlər şurasının iclaslarına, işçi görüşlərinə və valideynlərlə görüşlərə, digər 40 saatı isə sinif şuralarının fəaliyyətinə ayrılır.

Digər tərəfdən, bəzi ölkələrdə müəllimlərin dərs yükü yaş və təcrübədən asılı olaraq azaldılır. Portuqaliya, İspaniya və Çilidə müəyyən şərtlər daxilində müəllimlərin peşə stajı və ya yaşı artdıqca birbaşa tədris saatları azaldıla bilər. Bu zaman boşalan vaxt digər pedaqoji fəaliyyətlərə yönəldilir.

Hesabatın daha bir maraqlı nəticəsi məktəb tətilləri ilə bağlıdır. OECD-yə üzv olan 21 ölkə və təhsil sistemində ən azı bir təhsil pilləsi üzrə müəllimlərin normativ iş vaxtına şagirdlərin tətil dövründə görülən işlər də daxildir. Həmin müddətdə dərs ilinə hazırlıq, peşəkar inkişaf və kollektiv təlimlər kimi fəaliyyətlər həyata keçirilir.

Dünya təcrübəsindən hansı nəticələri çıxarmaq olar?

Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, tam ştatlı müəllim modelinin əsas məqsədi müəllimin məktəbdə daha çox vaxt keçirməsini təmin etmək deyil. Əsas məsələ müəllimin bütün peşə fəaliyyətini vahid iş sistemi daxilində təşkil etmək, onun dərsə hazırlıq və şagirdlərlə fərdi iş üçün kifayət qədər vaxtının olmasına şərait yaratmaqdır.

Sinqapur nümunəsində müəllimlərin kollektiv planlaşdırma və peşəkar inkişafına xüsusi vaxt ayrılır. İslandiyada iş vaxtı üç əsas istiqamət üzrə bölüşdürülür və xüsusi tapşırıqlar əlavə yük yaratdıqda digər fəaliyyətlərin vaxtı azaldılır. Portuqaliyada təcrübəli müəllimlərin dərs yükünün azaldılması və onların mentorluq, layihələrin idarə edilməsi kimi fəaliyyətlərə cəlb olunması diqqət çəkir. Finlandiyada isə müəllimin peşəkar müstəqilliyi və tədris prosesinin təşkili ilə bağlı qərarvermə imkanları ön plana çıxır.

Yaponiya və Cənubi Koreya təcrübəsi isə əks nümunə kimi müəyyən riskləri göstərir. Müəllimin üzərinə həddindən artıq inzibati və əlavə vəzifələr qoyulduqda tam iş vaxtı müəllimin peşəkar inkişafına deyil, yorğunluğunun artmasına səbəb ola bilər.

Azərbaycanda müzakirə olunan modelin uğurlu olması üçün bir neçə məqamın nəzərə alınması vacibdir. İlk növbədə, müəllimin 8 saatlıq iş günü ərzində hansı fəaliyyətləri yerinə yetirəcəyi dəqiq müəyyənləşdirilməlidir. Dərs saatları ilə yanaşı, hazırlıq, qiymətləndirmə, fərdi məşğələlər, valideynlərlə ünsiyyət və peşəkar inkişaf üçün ayrıca vaxt ayrılmalıdır.

Digər mühüm məsələ müəllimlərin inzibati işlərinin azaldılmasıdır. Əgər müəllim dərs deməklə yanaşı, məktəbin bütün təşkilati və texniki işlərini də yerinə yetirməli olacaqsa, yeni model gözlənilən nəticəni verməyə bilər. Sinqapur təcrübəsində olduğu kimi, məktəblərdə inzibati və texniki işləri həyata keçirən ayrıca əməkdaşların olması bu baxımdan əhəmiyyətlidir.

Eyni zamanda müəllimin dərs yükü bütün fənlər və məktəblər üzrə eyni qaydada müəyyənləşdirilməməlidir. Şagird sayı, siniflərin xüsusiyyətləri, tədris olunan fənn, müəllimin təcrübəsi və əlavə məsuliyyətləri nəzərə alınmalıdır.

Nəticə etibarilə, beynəlxalq təcrübə göstərir ki, tam ştatlı müəllim modeli sadəcə əməkhaqqının artırılması və iş saatlarının uzadılması deyil. Bu, müəllimin əmək fəaliyyətinin yenidən təşkili, dərs yükünün balanslaşdırılması, əlavə vəzifələrin sistemləşdirilməsi və pedaqoji fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş yanaşmadır.

TƏCİLİ! Rusiyaya ağır zərbələr - Şəhərlərdə cəhənnəm alovu!
Son xəbərlərDaha çox