Saatlıq əməkhaqqının tətbiqi azyaşlı uşaqları olan qadınların, tələbələrin, pensiyaçıların əmək bazarına çıxışını asanlaşdıran çalışma rejimi olaraq həm də qeyri-formal məşğulluğun rəsmləşdirilməsinə təkan verən sosial alət kimi əhəmiyyətlidir.
AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev deyib.
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və aidiyyəti digər qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində qeyd olunub ki, saatlıq əməkhaqqının minimum məbləği minimum əməkhaqqının bir saatına düşən məbləğdən az ola bilməz. Saatlıq əməkhaqqının tətbiq olunduğu iqtisadi fəaliyyət növlərinin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək”, - deyə komitə sədri vurğulayıb.
Musa Quliyev bildirib ki, əmək müqaviləsi bir aydan az müddətdə bağlandıqda və ya həftəlik iş vaxtı 20 saatdan çox olmadığı hallarda əməyin ödənilməsində saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək.