Son günlər məktəblərdə baş verən, o cümlədən şagirdlərin jurnalistlərə qarşı aqressiv davranış nümayiş etdirməsi ilə müşayiət olunan hadisələr təhsil müəssisələrində nizam-intizam məsələsini yenidən gündəmə gətirib.
Bu hadisələrdən sonra cəmiyyətdə belə fikirlər səsləndirilir ki, məktəblərdə kişi müəllimlərin sayının çox olması şagirdlərin özbaşına davranışlarının və intizam pozuntularının qarşısını müəyyən qədər ala bilər.
Bu baxımdan maraqlıdır: məktəblərdə kişi müəllimlərin sayının artırılması həqiqətən də şagirdlərin davranışına və nizam-intizama müsbət təsir göstərə bilərmi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən "Örnək müəllim", kimya müəllimi Zamin Allahverdiyev qeyd edib ki, kişi müəllimlərin məktəbdə təmsilçiliyinin artması, xüsusilə yeniyetmə oğlanlarda məsuliyyət, özünənəzarət və intizam hissinin gücləndirilməsində müsbət rol oynaya bilər:

“Hesab edirəm ki, məktəblərdə kişi müəllimlərin sayının artması şagirdlərin davranışına və nizam-intizam mühitinə müəyyən mənada müsbət təsir göstərə bilər. Lakin bu məsələyə yalnız kişi və qadın müəllimlərin nisbəti prizmasından yanaşmaq düzgün olmazdı.
Məktəb cəmiyyətin kiçik modelidir. Burada şagird yalnız bilik qazanmır, eyni zamanda davranış qaydalarını, məsuliyyəti, qarşılıqlı hörməti və sosial münasibətləri öyrənir. Bu baxımdan müəllimin şəxsiyyəti, nüfuzu, tələbkarlığı və davranışı şagird üçün mühüm nümunədir.
Kişi müəllimlərin məktəbdə təmsilçiliyinin artması, xüsusilə yeniyetmə oğlanların davranışlarının formalaşmasında, onlarda məsuliyyət, özünənəzarət və intizam hissinin gücləndirilməsində əlavə müsbət rol oynaya bilər. Şagirdlərin qarşısında fərqli xarakterə, yanaşmaya və həyat təcrübəsinə malik müəllim nümunələrinin olması vacibdir. Ancaq bunu da xüsusi vurğulamaq istəyirəm ki, intizamı təmin edən müəllimin cinsi deyil, onun peşəkarlığı, pedaqoji nüfuzu, prinsipiallığı və şagirdlə düzgün ünsiyyət qurmaq bacarığıdır. Qadın müəllimlərin də bu sahədə böyük potensialı və uğurlu təcrübəsi var”.
Kişi müəllimlərin sayının artırılmasını istəyiriksə, ilk növbədə müəllim peşəsinin sosial nüfuzunu və iqtisadi cəlbediciliyini yüksəltməliyik:
"Burada diqqət yetirilməli olan ən mühüm məsələlərdən biri isə kişi müəllimlərin məktəbdə qalması və müəllimlik peşəsini seçməyə maraqlı olmasıdır. Bunun üçün əməkhaqqı məsələsinə ciddi yanaşılmalıdır. Ailə məsuliyyəti daşıyan, iqtisadi baxımdan müəyyən təminata ehtiyacı olan kişilərin müəllimlik peşəsində uzunmüddətli fəaliyyət göstərməsi üçün layiqli əməkhaqqı və sosial təminat vacibdir. Əgər müəllim əməyinin qarşılığı onun sosial ehtiyaclarını ödəmirsə, o, istər-istəməz daha yüksək gəlir əldə edə biləcəyi sahələrə üz tutur. Nəticədə məktəblər təcrübəli, savadlı və potensiallı kişi müəllimlərini itirir.
Məncə, kişi müəllimlərin sayının artırılmasını istəyiriksə, ilk növbədə müəllim peşəsinin sosial nüfuzunu və iqtisadi cəlbediciliyini yüksəltməliyik. Sadəcə çağırışlarla bu problemi həll etmək mümkün deyil".
Məktəblərdə nizam-intizamın gücləndirilməsi üçün bir neçə istiqamətdə sistemli iş aparılmalıdır:
"İlk növbədə müəllim nüfuzu qorunmalıdır. Müəllimin sinifdəki mövqeyi və pedaqoji səlahiyyəti şagird, valideyn və cəmiyyət tərəfindən qəbul edilməlidir. Məktəbdaxili qaydalar formal xarakter daşımamalıdır. İntizam pozuntularına qarşı bütün şagirdlərə münasibətdə vahid və ardıcıl yanaşma tətbiq edilməlidir.
Valideyn məsuliyyəti artırılmalıdır. Uşağın tərbiyəsi yalnız məktəbin üzərinə qoyulmamalıdır. Ailə ilə məktəb arasında real əməkdaşlıq qurulmalıdır. Məktəb psixoloqlarının fəaliyyəti gücləndirilməlidir. Aqressiv davranış, zorakılıq meyilləri və sosial-emosional problemlər vaxtında müəyyənləşdirilməlidir.
Müəllimlərin pedaqoji və psixoloji hazırlığı davamlı inkişaf etdirilməlidir. Müasir müəllim yalnız fənnini bilən deyil, həm də sinfi idarə etməyi, münaqişələri həll etməyi və şagird davranışına düzgün təsir göstərməyi bacaran şəxs olmalıdır".
Məktəbdə güclü müəllim olmalıdır ki, güclü şagird, güclü təhsil və nəticə etibarilə güclü cəmiyyət yetişsin:
"Son günlər baş verən hadisələr bir daha göstərir ki, məktəbdə nizam-intizam məsələsi yalnız direktorun və ya ayrı-ayrı müəllimlərin problemi deyil. Bu, ailənin, məktəbin və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir.
Mənim qənaətim budur ki, məktəbdə intizam qorxu ilə deyil, hörmət, tələbkarlıq, məsuliyyət və ədalət prinsipləri ilə formalaşmalıdır. Müəllim öz nüfuzunu itirirsə, məktəbin tərbiyəvi təsiri də zəifləyir. Biz müəllimin nüfuzunu qorumadan, onun əməyini layiqincə qiymətləndirmədən və sosial vəziyyətini yaxşılaşdırmadan məktəbdə sağlam intizam mühiti yarada bilmərik. Məktəbdə güclü müəllim olmalıdır ki, güclü şagird, güclü təhsil və nəticə etibarilə güclü cəmiyyət yetişsin".