Azedu.az

DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək

Dövlət İmtahan Mərkəzi

19 Noyabr 2026, 13:46
DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək

Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinə rektor təyin olunması təhsil idarəçiliyində qadınların təmsilçiliyi məsələsini yenidən gündəmə gətirib.

Maraqlıdır, qadınların nüfuzlu ali təhsil müəssisələrinə rəhbər təyin olunması təhsil idarəçiliyində hansı yeni yanaşmaların formalaşmasına və idarəetmə prinsiplərinin inkişafına təsir göstərə bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Məlahət İbrahimqızı Prezidentin sərəncamı ilə tanınmış elm və təhsil təşkilatçısı Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinə rektor təyin olunmasını uğurlu qərar hesab etdiyini bildirib.

193277

“Məleykə Abbaszadə kifayət qədər nüfuza malik, rəhbər vəzifədə çalışan tanınmış Azərbaycan qadınlarından biridir. O, uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında, daha sonra isə Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərib. Qəbul və qiymətləndirmə sahəsi bütün dünyada ən mürəkkəb və həssas istiqamətlərdən biridir. Bu sahədə şəffaflığı təmin etmək, mümkün nöqsanları minimuma endirmək hər rəhbərə nəsib olmur. Məleykə xanım isə ötən illər ərzində fəaliyyəti və şəffaf idarəçilik prinsipləri ilə ictimaiyyətin etimadını qazanıb.

Məhz buna görə onun Dövlət İmtahan Mərkəzindən Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən biri olan Bakı Dövlət Universitetinə rektor təyin olunması ictimaiyyət tərəfindən məmnunluqla qarşılanıb. Hesab edirəm ki, Məleykə Abbaszadənin idarəçilik təcrübəsi, iş prinsipləri və uzun illər ərzində formalaşdırdığı innovativ yanaşmalar BDU-nun inkişafına da töhfə verəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və sonradan Dövlət İmtahan Mərkəzinin müsbət təcrübəsi beynəlxalq səviyyədə də maraqla qarşılanıb və digər ölkələr tərəfindən öyrənilib.

Əminəm ki, ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən fundamental islahatlar çərçivəsində Məleykə Abbaszadə Bakı Dövlət Universitetində də müasir dünyanın tələblərinə uyğun yenilikləri və islahatları yüksək səviyyədə reallaşdıracaq. Ona yeni vəzifəsində uğurlar arzulayıram.

Təhsil sahəsində rəhbər vəzifələrə qadınların təyin olunmasının artmasına gəlincə, hesab edirəm ki, bu məsələyə qadın və kişi bölgüsü prizmasından yanaşmaq düzgün deyil. Rəhbər vəzifəyə təyin olunan şəxsin cinsindən daha çox, onun peşəkarlığı, bilik və bacarıqları, idarəçilik qabiliyyəti əsas götürülməlidir. Kişilər arasında da yüksək peşəkarlığa malik kadrlar olduğu kimi, qadınlar arasında da belə şəxslər var. Əsas məsələ vəzifəyə layiqli və bacarıqlı kadrın gətirilməsidir.

Bununla yanaşı, qadın deputat və siyasətçi kimi qadınların dövlət və ictimaiyyət tərəfindən onlara göstərilən etimadı doğrultmasına sevinirəm. Çünki qadın rəhbərin uğuru bütövlükdə Azərbaycan qadınlarının, ziyalı qadınlarımızın nüfuzuna müsbət təsir göstərir. Məleykə xanım indiyədək özü üçün müsbət nüfuz formalaşdırıb. İnanıram ki, bundan sonrakı fəaliyyətində də bu etimadı doğruldacaq və Bakı Dövlət Universitetində müsbət dəyişikliklərə imza atacaq”.

Artan sosial problemlər! Bahalaşma, işsizlik - Çıxış yolu nədir?
Son xəbərlərDaha çox