“İnformatikanın qəbul imtahanına salınması ilə tapşırıqların xarakteri də dəyişməlidir ki, imtahanda obyektiv qiymətləndirmə aparıla bilsin”.
AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Təhsil İnstitutunun keçirdiyi “Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” adlı müzakirədə ARTİ-nin informatika dərsliklərinin müəllifi İsmayıl Sadıqov bildirib.
“Xidmətlərin əksəriyyətinin elektron hökumət üzərindən həyata keçirilməsi informatikanın əhəmiyyətini daha da artırır. 2020-ci ildə dövlət standartları proqramı Nazirlər Kabineti tərəfindən təsdiq edilib, bundan sonra isə kurikulumların hazırlanmasına başlanılıb.
Prosesə təsir edən əsas amillərdən biri informatikanın qəbul imtahanına salınmasıdır. İnformatika qəbul imtahanına daxil edilirsə, tapşırıqların xarakteri də dəyişməlidir. Dərsliklərdən kənara çıxılmamaqla yanaşı, obyektiv qiymətləndirməyə imkan verən tapşırıqlar hazırlanmalıdır.
Digər amil təmayülləşmə prosesi, o cümlədən informatika təmayüllü siniflərin açılmasıdır.
Üçüncü mühüm məsələ isə nazirliyin xüsusi əhəmiyyət verdiyi olimpiadalardır. Ümumiyyətlə, orta məktəb proqramı ilə olimpiadaların məzmunu arasında fərqlər var. Lakin bu uçurum heç bir fəndə informatika qədər dərin olmayıb.
Azərbaycanın informatika olimpiadalarında 30 ildən çox iştirak təcrübəsi var. Təxminən 15 il əvvəl olimpiada məsələləri ilə məktəb dərslikləri arasında demək olar ki, heç bir əlaqə yox idi. Olimpiada məsələləri ali məktəb səviyyəsindəki idman proqramlaşdırmasına əsaslanır və oradakı alqoritmlərin hamısını orta məktəb proqramına daxil etmək mümkün deyil.
Buna baxmayaraq, yeni kurikulumda şagirdlərin elementar səviyyədə öyrənə bilməsi üçün sadə axtarış və qraflar kimi olimpiadalarda tez-tez rast gəlinən alqoritmlərə dair məsələlərin salınması qərara alınıb.
Kurikulum hazırlanarkən mövcud kurikulum əsas götürülüb, eyni zamanda, “Rəqəmsal bacarıqlar” layihəsinin müsbət təcrübəsi nəzərə alınıb.
Hazırlıq zamanı bir çox ədəbiyyat və beynəlxalq sənəd araşdırılıb. Azərbaycan 2028-ci və ya 2029-cu ildə informatika və rəqəmsal savadlılıq üzrə beynəlxalq qiymətləndirmədə iştirak edəcək. Əvvəlki iştirak zamanı məzmun tam uyğun gəlmirdi. İndi isə müəllimlərin diqqət yetirməli olduğu mühüm mövzular arasında saxta xəbərlər məsələsi də yer alır”.