Azedu.az

Peşə təhsilində bu ixtisasları seçənlər işsiz qalmayacaq - SİYAHI

Peşə təhsili

20 Noyabr 2026, 09:21
Peşə təhsilində bu ixtisasları seçənlər işsiz qalmayacaq - SİYAHI

Ümumi təhsil pilləsini başa vuran hər bir gəncin müəyyən peşəyə yiyələnməsi vacib məsələlərdən biridir.  

Azərbaycanda məktəb məzunlarının ümumi təhsildən sonra düzgün peşə və ixtisas seçməsi vacibdir.

Bu seçim gənclərin gələcək məşğulluq imkanlarını artırmaqla yanaşı, ölkədə ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına da töhfə verə bilər.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil mütəxəssisi Əlmusa Atamaliyev bildirib ki, ümumi təhsildən sonra gənclərin peşəyə yiyələnməsi artıq seçimdən daha çox zərurətə çevrilib.

193232

"Müasir əmək bazarında diplomun olması ilə yanaşı, hər hansı işi peşəkar səviyyədə yerinə yetirmək bacarığı da əsas şərtlərdəndir. Azərbaycanda əmək bazarının mövcud tələblərini nəzərə alsaq, xüsusilə elektrik, elektronika, mexanika, avtomobil təmiri, qaynaqçılıq, tikinti, logistika, kənd təsərrüfatı texnologiyaları və sənaye avadanlıqlarının istismarı kimi sahələrə diqqət artırılmalıdır.

Bununla yanaşı, informasiya texnologiyaları, proqramlaşdırma, kibertəhlükəsizlik və rəqəmsal texnologiyalar da perspektivli istiqamətlərdir. Turizm, hotelçilik və xidmət sektoru üzrə ixtisaslar da gənclər üçün geniş məşğulluq imkanları yarada bilər. Burada əsas məsələ gəncləri təsadüfi deyil, əmək bazarının real ehtiyaclarına uyğun peşələrə yönəltməkdir".

Cəmiyyətimizdə hələ də peşə təhsilinə münasibətdə müəyyən stereotiplər mövcuddur:

"Bir çox ailələr ali təhsili uğurun əsas göstəricisi hesab edir, peşə təhsilinə isə ikinci dərəcəli seçim kimi yanaşırlar. Halbuki yüksək ixtisaslı texnik, mexanik, elektrik və digər peşə sahibləri bu gün əmək bazarında kifayət qədər tələb olunan kadrlardır. Bu yanaşma dəyişməli, peşə təhsilinin nüfuzu yüksəldilməlidir.

Peşəyönümü hələ məktəb illərindən başlamalıdır. Şagirdlərə yalnız ixtisasların adlarını təqdim etmək kifayət deyil. Onlar həmin peşələrin gələcək perspektivləri, əməkhaqqı imkanları və real iş şəraiti ilə tanış edilməlidirlər. Məktəblərlə peşə təhsili müəssisələri və işəgötürənlər arasında əməkdaşlıq genişləndirilməli, şagirdlərin istehsalat müəssisələrinə səfərləri və praktiki məşğələlərdə iştirakı təşkil olunmalıdır.

Bu istiqamətdə düzgün siyasət həm işsizliyin azalmasına, həm də ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına ciddi töhfə verə bilər. Çünki hazırda əsas problemlərdən biri təhsil müəssisələrinin hazırladığı kadrlarla əmək bazarının tələb etdiyi mütəxəssislər arasında uyğunsuzluğun olmasıdır. Peşə təhsilinin məzmunu işəgötürənlərin tələblərinə uyğun yeniləndikcə gənclərin məzun olduqdan sonra iş tapmaq imkanları da artacaq.

Unutmamalıyıq ki, hər bir gəncin uğurlu gələcəyi mütləq universitet auditoriyasından keçmir. Əsas məqsədimiz gənclərə sadəcə diplom vermək deyil, onları müstəqil həyata və real əmək fəaliyyətinə hazırlamaq olmalıdır. Çünki peşəsi olan gənc yalnız öz gələcəyini təmin etmir, həm də ölkənin iqtisadi inkişafına töhfə verir. Güclü iqtisadiyyat isə peşəkar və bacarıqlı insan kapitalı üzərində qurulur".

İrandan kritik xəbərdarlıq - Hazır olun, VURACAĞIQ!
Son xəbərlərDaha çox