"İnternet və sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Əlbəttə, onların faydalı tərəflərini danmaq olmaz. İnsan istədiyi məlumatı əldə edə, yeni biliklər qazana, dünyada baş verən hadisələrdən xəbər tuta bilər. Ancaq məni narahat edən texnologiyanın özü deyil, ondan necə istifadə etməyimizdir.
Müasir dövrün ciddi problemlərindən biri sosial şəbəkələrin, xüsusilə də “TikTok” kimi platformaların gənc nəslin formalaşmasına təsiridir".
Bu fikirləri AzEdu.az-a açıqlamasında Biləsuvar rayonu O.Babayev adına Aşağı Cürəli kənd tam orta ümumtəhsil məktəbinin fransız dili müəllimi Tural Hüseynov qeyd edib.

Müəllim bildirib ki, bu platformalar bəzən gənclərin diqqətini elm, təhsil və mədəniyyətdən yayındıraraq onları yanlış davranışları təşviq edən, mənəvi dəyərlərimizə zidd meyillərə yönəldə bilir:
"Sosial media alqoritmləri istifadəçilərin maraqlarını, baxış müddətini, bəyənmələrini və digər reaksiyalarını nəzərə alaraq onlara uyğun məzmunlar təqdim edir. Başqa sözlə, hansı paylaşımlara daha çox maraq göstəririksə, onların yayılmasına da bir o qədər töhfə veririk.
Vaxtilə böyüklərə, xüsusilə də müəllimlərə hörmət və ehtiram cəmiyyətin əsas dəyərlərindən sayılırdı. Əlbəttə, hər dövrün öz problemləri olub. Lakin bu gün sosial medianın təsiri gənclərin davranışlarına, ünsiyyət mədəniyyətinə və dünyagörüşünə ciddi təsir göstərir. Haqlı olaraq sual yaranır: əvvəlki nəsillərdə gördüyümüz hörmət və davranış mədəniyyətini indiki gənclərdə nə dərəcədə görə bilirik? Bunun səbəbi ailədə, təhsildə, cəmiyyətdə, yoxsa sosial medianın təsirindədir?
“TikTok”da yayımlanan məzmunlara nəzər saldıqda narahatedici mənzərə ilə qarşılaşırıq. Elm, təhsil və mədəniyyət mövzulu videoların bir qismi az maraq gördüyü halda, bəzi şəxslərin bayağılığı, etik normaların pozulmasını və zərərli davranışları ön plana çıxaran paylaşımları minlərlə baxış toplayır. Əsas narahatlıq isə belə məzmunların gənclər arasında nümunəyə çevrilməsidir. Təbii ki, bu platformada faydalı paylaşımlar da var. Problem sosial şəbəkənin özündə deyil, zərərli məzmunların populyarlaşmasındadır.
Gəlin, bir anlıq özümüzə və ətrafımızdakı gənclərə nəzər salaq. Milli-mədəni irsimiz haqqında nə dərəcədə məlumatlıyıq? Kim sonuncu dəfə bədii əsər oxuyub? Kim “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Babək”, “Qaçaq Nəbi” kimi milli filmlərimizə baxıb? Kim Həsən Məmmədovu, Nəsibə Zeynalovanı, Rasim Balayevi tanıyır, Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin yaradıcılığından xəbərdardır? Təəssüf ki, bu sualların cavabları hər zaman ürəkaçan olmur. Halbuki bu sənətkarlar və onların yaradıcılığı milli kimliyimizin və mədəni irsimizin ayrılmaz hissəsidir. Onları tanımaq və gələcək nəsillərə tanıtmaq hər birimizin mənəvi borcudur.
Bütün bunlar bizi düşündürməlidir ki, bu mənfi tendensiyanın təsirini necə azalda bilərik? Baş verənləri zamanın tələbi kimi qəbul edib susmalıyıq, yoxsa gənclərimizi maarifləndirərək düzgün istiqamətə yönəltməliyik?
Mənim fikrimcə, bunun üçün ilk növbədə maarifləndirmə işinə ailədən başlamalıyıq. Övladlarımıza kitab oxumağın, öyrənməyin, elmə və mədəniyyətə yiyələnməyin əhəmiyyətini aşılamalı, sosial şəbəkələrdən düzgün istifadə etməyi öyrətməliyik. Bu məsuliyyət həm də məktəbin, müəllimlərin və bütövlükdə cəmiyyətin üzərinə düşür".
İnanıram ki, gənclərimizin böyük potensialı var:
"Sadəcə, bu potensialın düzgün istiqamətləndirilməsinə ehtiyac duyulur. Onları kitaba, elmə, biliyə, incəsənətə və milli-mənəvi dəyərlərimizə daha çox yaxınlaşdırmalıyıq. Çünki biz gələcəyimizi təsadüfi trendlər, ötəri məşhurluq və mənasız görüntülər üzərində qurmaq istəmirik. Biz düşünən, araşdıran, oxuyan, öz tarixini və mədəniyyətini tanıyan, müasir dünyada öz sözünü deyə bilən bir gənclik yetişdirməliyik.
Unutmamalıyıq ki, gəncləri sosial şəbəkələrdən uzaqlaşdırmaqla deyil, onların düşüncəsini və dünyagörüşünü zənginləşdirməklə gələcəyimizi qoruya bilərik. Məsələ texnologiyanın mövcudluğunda deyil, ondan necə istifadə etməyimizdədir. Əsas məqsədimiz gənclərə nə izləməli olduqlarını diktə etmək yox, faydalı ilə zərərlini ayırd etmək bacarığı qazandırmaq olmalıdır".