"2018-ci ildə məktəblərdə şagird-kompüter nisbəti 7:32 olduğu halda, hazırda bu göstərici 7:6 təşkil edir".
AzEdu.az xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov IV “Maarifçi” tələbə-məzun forumunda təqdimatı zamanı deyib.
O bildirib ki, təhsil sisteminin rəqəmsallaşdırılması üç əsas istiqaməti əhatə edir: rəqəmsal infrastrukturun, informasiya sistemləri və məlumat bazalarının, eləcə də rəqəmsal resurslar və elektron məzmunun inkişafı.
A.Abushovun sözlərinə görə, hazırda bütün təhsil müəssisələri 2007-ci ildən fəaliyyət göstərən Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub. Bu şəbəkə vasitəsilə təhsil müəssisələrinin internet trafiki xüsusi filtrasiya sistemindən keçirilir.
O, məktəblərin kompüter və digər avadanlıqlarla təminatına da toxunub. Qeyd edib ki, avadanlıqların 6-7 ildən bir yenilənməsi onların aşınması və müasir tələblərə uyğunluğunun qorunması baxımından vacibdir.
A.Abushov vurğulayıb ki, hazırkı şagird-kompüter nisbəti dünya göstəricilərinə uyğundur və müvafiq avadanlıqlardan həm şəhər, həm region, həm də kənd məktəblərində istifadə olunur.