"Əmək bazarına yalnız diplomla daxil olmaq getdikcə çətinləşir”.
AzEdu.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə IV “Maarifçi” tələbə-məzun forumunda panel müzakirəsi zamanı deyib.
O bildirib ki, əmək bazarının dəyişən tələbləri həm dövlət, həm də gənclər qarşısında yeni çağırışlar yaradır. Bu baxımdan gənclərin peşə seçimi zamanı əmək bazarında tələbat olan sahələr barədə ətraflı məlumat əldə etməsi vacibdir.
"Bu gün yalnız diplomla əmək bazarına daxil olmaq getdikcə çətinləşir. Çünki zaman keçdikcə əldə olunan biliklər sürətlə dəyişir və bu dəyişikliklərə uyğunlaşmaq üçün əlavə təlimlərə, yeni bilik və bacarıqlara ehtiyac yaranır".
Agentlik rəsmisi əlavə edib ki, region gənclərinin məşğulluğunun dəstəklənməsi istiqamətində də tədbirlər həyata keçirilir. Artıq bir sıra bölgələrdə məşğulluq forumları təşkil olunub, bu fəaliyyətin digər regionlarda da davam etdirilməsi nəzərdə tutulur. Ramal Quluzadə növbəti həftə Naxçıvan və Xankəndidə, həmçinin Şuşa və Zəngilanda forumların keçirilməsinin planlaşdırıldığını bildirib.