Mingəçevir Dövlət Universitetində tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, innovativ ideyalarının dəstəklənməsi və beynəlxalq müsabiqələrdə iştirakının təşviq edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər yeni uğurlarla müşayiət olunur.
AzEdu.az-a bu barədə MDU-dan məlumat verilib.
Qeyd olunub ki, universitetin Riyaziyyat və informasiya texnologiyaları fakültəsinin tələbələri Əhəd İslamzadə, Bəyaz Bayramov və Səbinə Həsənova “Türk-Forum 2026” beynəlxalq müsabiqəsinin mühəndislik kateqoriyası üzrə seçim mərhələsini uğurla keçərək finala vəsiqə qazanıblar.
MDU tələbələri müsabiqədə “TransChain & Smart Logistics: Türk Dünyası ve İpek OSB Odaklı Blockchain ve AI Destekli B2B Lojistik ve Ticaret Entegrasyon Platformu” adlı innovativ layihə ilə təmsil olunurlar.
Türk dünyasında iqtisadi və texnoloji əməkdaşlığın genişləndirilməsinə yönələn layihə logistika və ticarət proseslərinin rəqəmsallaşdırılmasını, sənaye müəssisələri və biznes subyektləri arasında əlaqələrin müasir texnologiyalar əsasında inkişaf etdirilməsini nəzərdə tutur.
Tələbələrin irəli sürdükləri innovativ həll blokçeyn və süni intellekt texnologiyalarından istifadə etməklə logistika və ticarət əməliyyatlarının vahid rəqəmsal platformada birləşdirilməsini, məlumat mübadiləsinin təhlükəsizliyinin və şəffaflığının artırılmasını, əməliyyat proseslərinin optimallaşdırılmasını hədəfləyir. Layihə müasir rəqəmsal texnologiyaların real iqtisadi sektorun ehtiyaclarına uyğun tətbiqi və Türk dünyasında rəqəmsal ticarət ekosisteminin inkişafı baxımından əhəmiyyət daşıyır.
Layihə üzrə tələbələrin mentoru universitetin İnformasiya texnologiyaları kafedrasının müəllimi Nurlana Qasımova, elmi rəhbəri isə texnika üzrə fəlsəfə doktoru, dosent Aidə Mustafayevadır.
MDU tələbələrinin beynəlxalq müsabiqənin final mərhələsinə yüksəlməsi universitetdə formalaşdırılan innovasiya və tədqiqat mühitinin, tələbələrin nəzəri biliklərinin praktiki həllərə çevrilməsi, mühəndislik və rəqəmsal texnologiyalar sahəsində yaradıcı təşəbbüslərinin dəstəklənməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin mühüm nəticələrindən biridir.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin strateji inkişaf prioritetləri sırasında tələbələrin elmi və innovativ potensialının inkişaf etdirilməsi, beynəlxalq elm və texnologiya platformalarında təmsilçiliyinin genişləndirilməsi, təhsil, tədqiqat və sənaye arasında əlaqələrin gücləndirilməsi xüsusi yer tutur.